Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını artırıb. Qurumun sədri Taleh Kazımov bildirib ki, may ayında yenilənən proqnozlara əsasən, 2026-cı ildə Azərbaycanda illik inflyasiyanın 5,9 faiz olacağı gözlənilir. 2027-ci il üçün isə qiymət artımı proqnozu 4,5 faiz müəyyənləşdirilib.
Bundan əvvəl - fevral ayında açıqlanan proqnozlarda isə 2026-cı il üzrə inflyasiya 5,7 faiz, 2027-ci il üzrə isə 4 faiz səviyyəsində qiymətləndirilmişdi.
Taleh Kazımov inflyasiya gözləntilərinin yüksəldilməsini əsasən xarici iqtisadi amillərlə əlaqələndirib. Onun sözlərinə görə, qlobal ərzaq qiymətlərinin artım tempinin sürətlənməsi, Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin zəifləməsi qiymət artımına təsir edən əsas faktorlar sırasındadır.
“Fevral proqnozu ilə müqayisədə tələb amillərinin zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir”, – AMB sədri qeyd edib.
Mərkəzi Bank rəhbəri iqtisadi artımla bağlı göstəricilərə də toxunub. Onun sözlərinə görə, 2026-cı ilin mart ayında ölkədə illik inflyasiya 5,6 faiz təşkil edib, iqtisadiyyat isə 0,3 faiz kiçilib.
“2026-cı ilin mart ayının nəticələrinə əsasən, ümumi daxili məhsulun artımı mənfi 0,3 faiz təşkil edib. Neft-qaz sektoru üzrə ÜDM artımı mənfi 1,2 faiz, qeyri-neft-qaz sektoru üzrə isə müsbət 0,2 faiz olub”, – Taleh Kazımov bildirib.
AMB-nin proqnozlarına görə, 2026-cı ildə ümumi daxili məhsulun 1,1 faiz, 2027-ci ildə isə 3,2 faiz artacağı gözlənilir. Qeyri-neft-qaz sektoru üzrə artımın isə müvafiq olaraq 3,2 və 4,7 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Müstəqil iqtisadçılar isə rəsmi inflyasiya göstəricilərinin reallığı tam əks etdirmədiyini bildirirlər. Onların fikrincə, son bir ildə bazarda müşahidə olunan qiymət artımları bir çox məhsul və xidmət üzrə ikirəqəmli həddə çatıb və əhali bunu gündəlik istehlakda daha kəskin şəkildə hiss edir.
Ekspertlər inflyasiyanın yalnız xarici amillərlə izah edilməsini də doğru saymırlar. Onların sözlərinə görə, daxili iqtisadi qərarlar da qiymət artımını sürətləndirən əsas səbəblərdən biridir. İqtisadçılar xüsusilə ilin əvvəlindən yanacaq qiymətlərinin artırılmasını, kommunal xidmətlərdə bahalaşmanı, bəzi vergi və gömrük rüsumlarının yüksəldilməsini inflyasiyanı qidalandıran başlıca daxili faktorlar kimi qiymətləndirirlər.
Müstəqil ekspertlərin fikrincə, yanacaq qiymətlərində artım daşınma və logistika xərclərini yüksəldərək bazarda, demək olar, bütün məhsulların maya dəyərinə təsir göstərir. Bu isə nəticə etibarilə ərzaq və gündəlik tələbat mallarında əlavə bahalaşma yaradır. İqtisadçılar hesab edirlər ki, əhalinin gəlirlərinin qiymət artımı ilə ayaqlaşmaması real alıcılıq qabiliyyətini zəiflədir və sosial təzyiqləri artırır. Onlar yaxın aylarda daxili bazarda qiymət sabitliyinin təmin olunmasının çətin olacağını, xüsusilə idxaldan asılı məhsullar üzrə bahalaşma riskinin davam etdiyini vurğulayırlar.
Foto: sosial media