Siyasi məhbuslar Roberta Metsolaya müraciət edib: “Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilsin”

Siyasi məhbuslar Roberta Metsolaya müraciət edib: “Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilsin”
1 May 2026
Mətni dəyiş

İki saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – iqtisadçı Fazil Qasımov və “Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı  Avropa Parlamentinin Prezidenti Roberta Metsolaya məktub ünvanlayıblar.

“Siyasi Məhbusların Müdafiə Komitəsi”nin təşəbbüs qrupu adından yazılan müraciətdə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Parlamenti tərəfindən son iki ildə qəbul edilmiş dörd qətnamənin icra mexanizminin nəzərdən keçirilməsi üçün Avropa Parlamentində dinləmələr keçirilməsinə çağırış edilir. Məktubda həmçinin WUF13 ərəfəsində Azərbaycanda siyasi məhbusların vəziyyətinə diqqət çəkilir və Avropa Komissiyası rəhbərliyinin bu məsələdə daha fəal mövqe sərgiləməsinin vacibliyi vurğulanır.

Müraciəti olduğu kimi təqdim edirik:

"Siyasi Məhbusların Müdafiə Komitəsi”nin təşəbbüs qrupu adından bu müraciəti Azərbaycan həbsxanasından Sizə ünvanlayaraq, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Parlamenti tərəfindən son iki ildə qəbul edilmiş dörd qətnamənin icra mexanizmini nəzərdən keçirmək üçün Avropa Parlamentində dinləmələr keçirilməsinə çağırış etmək istəyirik.

Əvvəla, Azərbaycanda insan hüquqlarının vəziyyətini diqqət mərkəzində saxladığına görə Avropa Parlamentinin üzvlərinə dərin təşəkkürümüzü bildiririk. Azərbaycanda demokratiya tərəfdarlarının repressiya qurbanlarına çevrildiyi bir vaxtda biz Avropa Parlamenti üzvlərinin siyasi məhbuslara dəstəyini yüksək qiymətləndirir və onların böyük səs çoxluğu ilə qəbul etdiyi qətnamələrin siyasi məhbusların azadlığa çıxmasına kömək edəcəyinə ümid edirik.

2023-cü ildən başlayaraq Azərbaycanda demokratiya tərəfdarlarına qarşı aparılan genişmiqyaslı siyasi repressiyalar ölkəmizi Avropa sivilizasiyasından uzaqlaşdırmış və Avropa Şurasına üzv olan ən antidemokratik ölkəyə çevirmişdir. Enerji resursları ilə zəngin ölkəmizdə vəzifəli şəxslər tərəfindən insan hüquq və azadlıqlarına, demokratik prinsiplərə və qanunun aliliyinə hörmət göstərilməməsi sosial ədalətsizliklərin artmasına, mülki və siyasi hüquqların kütləvi şəkildə pozulmasına, akademik azadlıqların məhdudlaşdırılmasına, məhkəmə-hüquq sisteminin korrupsiyalaşmasına və siyasi repressiyaların aparılmasına gətirib çıxarmışdır. Tənqidi fikirlərin düşmənçilik və dövlətə xəyanət kimi qəbul edildiyi ölkəmizdə demokratiya tərəfdarları üçün nəinki siyasi fəaliyyətlə məşğul olmaq, hətta həyatda qalmaq gündən-günə çətinləşir.

Bu ilin mart ayında Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfərindən sonra ölkəmizdə demokratiya tərəfdarlarına qarşı repressiyaların dayandırılacağını gözləsək də, əksinə repressiyalar daha da kəskinləşmişdir. Artıq Azərbaycanda siyasi motivlərlə həbs edilmiş şəxslərin, məruz qaldıqları qanunazidd əməllərdən məhkəməyə, prokurorluq orqanına və ombudsmana müraciət hüququ da daxil, ən fundamental hüquqları pozulur. Bu isə Azərbaycanda siyasi məhbusların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 13-cü maddəsində təsbit edilmiş hüququnun faktiki olaraq tanınmadığını, yəni siyasi məhbusların səmərəli hüquqi müdafiə vasitələrinə malik olmadığını göstərir.

Azərbaycan həbsxanalarında saxlanılan siyasi məhbuslar hətta təqsirsizliyini sübut edən sənədləri məhkəməyə təqdim etmək hüququndan məhrum edilir. Bu isə hüquqsuzluğun və özbaşınalığın Avropa məkanında analoqu olmayan nümunəsidir. Vəzifəli şəxslərin qanunazidd əməllərindən şikayət vermək hüququnun pozulması Azərbaycanda vəzifəli şəxslər üçün cəzasızlıq mühiti yaradıb. Vəzifədən sui-istifadə edən şəxslərin cəzasız qalması isə Azərbaycanda qanunun aliliyini bərqərar etmək üçün siyasi iradənin olmadığını təsdiq edir.

Azərbaycan hakimiyyətinin demokratiya tərəfdarlarına qarşı apardığı antihumanist, repressiv, faşist siyasət zorbalığı və cəhaləti özündə ehtiva edir. Sivil dəyərlərə zidd olan bu siyasət nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti zəifləmiş, demokratik institutlar sıradan çıxmış, müstəqil media qurumları fəaliyyətini dayandırmış, müxalif siyasi partiyalar bağlanmış və onların rəhbərləri həbs edilmiş, siyasi motivli zorakılıq faktları artmış, bir sözlə demokratiya tərəfdarları repressiya qurbanlarına çevrilmişdir. Ayrıca, ombudsman institutu vəkillik institutu kimi, siyasi hakimiyyətin de-fakto tabeliyində fəaliyyət göstərən qeyri-müstəqil və səmərəsiz quruma çevrilmişdir. Daha da təhlükəlisi, siyasi təqiblər Azərbaycan cəmiyyətində totalitar rejimlərə xas qorxu və itaət psixologiyasının formalaşmasına gətirib çıxarmışdır.

Azərbaycanda siyasi motivlərlə həbs edilmiş şəxslərin sayı artıq 400-ə çatmışdır. Bu isə Azərbaycanda “hakimiyyətlərin bölünməsi” prinsipinin aradan qalxdığını və məhkəmələrin siyasi hakimiyyətin repressiya alətinə çevrildiyini göstərir. Məhkəmə proseslərində yol verilən özbaşınalıqlar Azərbaycanda cinayət törətməkdə təqsirləndirilən şəxslərin azadlıq, təqsirsizlik prezumpsiyası, müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarına açıq-aşkar hörmətsizlikdir. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutulsa da, siyasi hakimiyyətin qanunsuz göstərişlərini yerinə yetirmək müstəqilliyini itirmiş Azərbaycan məhkəmələri üçün artıq normaya çevrilmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və qaydalarına zidd olaraq, aparılan məhkəmə istintaqı isə həqiqətin müəyyən edilməsinə deyil, təqsirləndirilən şəxslərə qarşı süni ittiham sübutlarının yaradılmasına xidmət edir.

Bir sözlə, Azərbaycanda ədalət mühakiməsi ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında deyil, qərəzli mövqe tutan hakimlərin müdafiə tərəfi ilə çəkişməsi əsasında həyata keçirilir. Ona görə də Azərbaycan məhkəmələri birmənalı olaraq sübutlara qərəzli münasibət bəsləyir, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamları əsaslandırmaq üçün qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edir, təqsirləndirilən şəxslərə və onların vəkillərinə müdafiəyə hazırlıq üçün zəruri şəraiti təmin etmir, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi materiallarla müdafiə tərəfinin tanış olması üçün süni əngəllər yaradır. Həmçinin, vəkillər peşə fəaliyyətinə görə hədə-qorxulara məruz qalır və müdafiə etdiyi şəxslərin qanuni mənafeyinə zidd hərəkətlər etməyə məcbur edilir. Nəticədə təqsirləndirilən şəxslər keyfiyyətli hüquqi yardım almaq imkanından məhrum olur, ədalətsiz məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə müraciətlərə də eyni qaydada qərəzli baxılır.

Belə bir şəraitdə Azərbaycanda WUF13 kimi mötəbər BMT tədbirinin keçirilməsi beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Komissiyasının rəhbərliyinin ölkəmizdə insan hüquqlarının vəziyyətini öyrənməsinə və siyasi məhbusların azadlığa buraxılması üçün səfərbər olmasına fürsət yarada bilər. Avropa Parlamentinin Azərbaycanda insan hüquqları ilə bağlı qətnamələrində Avropa Komissiyasına bu barədə çağırışlar edilsə də, bu günədək real nəticələr əldə edilməmişdir. Avropa Parlamentinin sözügedən qətnamələri mühüm siyasi sənədlər olsa da, onların icra mexanizmini nəzərdən keçirmədən onların Azərbaycanda insan hüquqlarının vəziyyətində müsbət dəyişikliyə gətirib çıxarması reallıqdan uzaq görünür.

İnsan hüquq və azadlıqlarına, demokratik prinsiplərə və qanunun aliliyinə hörmət Avropa mədəniyyətinin başlıca xüsusiyyətləridir. Bu mədəniyyətin daşıyıcılarının Azərbaycanda siyasi motivlərlə həbs edilməsinə Avropa Komissiyasının rəhbərliyi səssiz qalmamalıdır. Ona görə də biz “Siyasi Məhbusların Müdafiə Komitəsi”nin təşəbbüs qrupu adından Sizə müraciət edərək, WUF13 ərəfəsində Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı dinləmələr keçirməyinizi və Avropa Komissiyası rəhbərliyinin həmin dinləmələrdə iştirakını təmin edərək sözügedən qətnamələrin icra mexanizmini müzakirə etməyinizi xahiş edirik.

***

Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb və 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, iqtisadçı Qubad İbadoğluna qarşı açılmış cinayət işi çərçivəsində həbs olunub və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham edilir.

Qasımov məhkəmədə bildirib ki, istintaq zamanı zorakılıq və dərman təsiri altında İbadoğlunun əleyhinə ifadə verməyə məcbur edilib. O, həmin ifadədən imtina edib və ittihamı siyasi motivli sayır.

Bu iş üzrə Qubad İbadoğlu barəsində əvvəl ev dustaqlığı, daha sonra polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib, işi ayrıca icraata ayrılıb. Fazil Qasımov isə 2025-ci il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

***

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” üzrə saxlanılıb. Həmin iş çərçivəsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə də həbs olunub.

2025-ci il iyunun 20-də məhkəmə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri hər iki şəxsi siyasi məhbus kimi tanıyır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun