ABŞ Prezidenti Donald Tramp mayın 15-də Çinə üç günlük dövlət səfərini başa vurub. Həm Vaşinqton, həm də Pekin danışıqları uğurlu qiymətləndirərək, görüşlərin qarşılıqlı anlaşmanın və ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini açıqlayıb.
Bununla belə, Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirdiyi danışıqların detalları hələlik açıqlanmır.
Tramp səfəri “möhtəşəm” adlandıraraq bildirib ki, görüşlər “çox yaxşı nəticələr verəcək”. ABŞ prezidenti xüsusilə “fantastik ticarət razılaşmalarından” və İran ətrafındakı gərginliyin aradan qaldırılmasının vacibliyi ilə bağlı əldə olunan qarşılıqlı anlaşmadan danışıb. O, həmçinin ABŞ-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, Si Cinpin Çinin İrana silah göndərməyəcəyini və Hörmüz boğazının açıq qalmasının tərəfdarı olduğunu bildirib. Çin Xarici İşlər Nazirliyi isə İranla bağlı yaydığı açıqlamada tərəfləri qarşılıqlı faydalı sülhə tezliklə nail olmağa çağırıb.
ABŞ prezidentinin sözlərinə görə, Çin ABŞ-dən daha çox neft və kənd təsərrüfatı məhsulları almağa razılaşıb. Bundan əlavə, tərəflər Çinə 200 ədəd “Boeing” sərnişin təyyarəsinin tədarükü barədə anlaşma əldə ediblər. Bu, uzun illərdən sonra bağlanan ilk belə müqavilə olsa da, analitiklər daha böyük - 500 təyyarəlik sifariş gözləyirdilər.
Danışıqlarda iştirak edən dünyanın ən varlı iş adamı İlon Mask da görüşləri yüksək qiymətləndirsə də, detalları açıqlamayıb.
Çin tərəfi isə bildirib ki, Si Cinpin danışıqlarda Tayvan məsələsini də gündəmə gətirib. Pekin Tayvanı özünün “üsyankar əyaləti” hesab edir. Çin lideri xəbərdarlıq edib ki, Tayvan məsələsi “münasib şəkildə” həll olunmasa, bu, Çinlə ABŞ arasında “münaqişələrə” səbəb ola bilər. Ağ Ev və Donald Tramp isə Tayvan mövzusuna münasibət bildirməyib.
Şərhçilər qeyd edirlər ki, Trampın Çinə səfəri böyük təmtəraq və rəsmi mərasimlərlə müşayiət olunub. Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb ki, “iki lider arasında aparılan danışıqlar qarşılıqlı anlaşmanı artırıb, etimadı möhkəmləndirib, əməkdaşlığın inkişafına və dünyada sabitliyin güclənməsinə töhfə verib”.
Donald Tramp Si Cinpini sentyabr ayında ABŞ-yə səfərə dəvət edib.
Səfər çərçivəsində Ukraynadakı müharibənin müzakirə olunub-olunmadığı barədə məlumat verilməyib. Rusiya mediasının yazdığına görə, yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin də bir günlük səfərlə Çinə gedəcək.