

Nərgiz Absalamova
“Abzas Media”nın jurnalisti, reportyor
Müəllif səhifəsinə keçNərgiz Absalamova 17 iyul 1998-ci ildə Bakıda anadan olub. 2015–2019-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Ali məktəbi başa vurduqdan sonra Demokratik Təşəbbüslər İnstitununda jurnalistika təlimlərinə qoşulub.
Nərgiz Absalamova müxtəlif dövrlərdə “Toplum TV”, “Mikroskop Media” və digər müstəqil media platformaları ilə əməkdaşlıq edib, daha sonra “Abzas Media”da müxbir kimi fəaliyyət göstərib. O, əsasən ekoloji problemlər, korrupsiya, sosial hüquq pozuntuları, cəmiyyətin həssas qruplarının problemləri, qadınlar və ayrı-seçkiliklə üzləşən gənclərlə bağlı reportajlar və qısa sənədli filmlər hazırlayıb. Onun materialları, xüsusən də ekoloji etirazlar və sosial ədalətsizliklə bağlı reportajları geniş auditoriya toplayıb.
Peşə fəaliyyəti boyunca dəfələrlə təzyiq, saxlanma və polis zorakılığı ilə üzləşib. 2021-ci ilin avqustunda feminist aksiyası ilə bağlı çəkiliş apararkən digər jurnalistlərlə birlikdə zorla polis idarəsinə aparılıb və fiziki, psixoloji təzyiqə, polis əməkdaşlarının hədəsinə məruz qalıb.
2021-ci il dekabrın 28-də “Media haqqında” qanun layihəsinə etiraz aksiyasında iştirak edib. O, bu qanunu hökumətin azad mətbuatı boğmaq cəhdi adlandırıb. Aksiya zamanı polis zorakılığına məruz qalıb. Nəticədə büzdüm sümüyü sınıb, həkim rəyinə əsasən, bir müddət əmək qabiliyyətini itirib və peşə fəaliyyətini icra edə bilməyib. Cərrahi əməliyyat keçirdikdən sonra sağalıb və yenidən peşə fəaliyyətinə geri qayıdıb. Zorakılığa məruz qalması ilə bağlı aidiyyəti qurumlara etdiyi şikayətləri nəticəsiz qalıb. Prokurorluq onun müraciəti üzrə cinayət işi başladılmasından imtina edib.
2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində sakinlərin ikinci zəhərli gölün inşasına etirazlarını işıqlandırarkən polis onu saxlayıb, növbəti dəfə zorakılığa məruz qalıb, qolu burulub və telefonu əlindən alınıb. Daha sonra zorla kənddən çıxarılıb.
Nərgiz Absalamova 2023-cü ildə “Abzas Media”ya qarşı açılmış cinayət işi çərçivəsində iki dəfə şahid qismində dindirilməyə çağırılıb. 30 noyabr 2023-cü ildə ikinci dəfə çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb. 1 dekabr 2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Absalamova ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Sonradan - 16 avqust 2024-cü ildə ona qarşı ittihamlar ağırlaşdırılıb. 206.3.2-ci maddə ilə yanaşı, 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması), 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma), 320.1 və 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə) maddələri əlavə olunub.
İstintaq dövründə onun həbs qətimkan tədbiri ən sonuncu mərhələyə qədər uzadılıb.
Saxlanıldıqdan sonra Nərgiz Absalamovaya Bakı İstintaq Təcridxanasında uzun müddət ailəsi ilə nə görüş, nə də telefon danışığına icazə verilib.
O, həbsdə olduğu müddətdə də jurnalist fəaliyyətini dayandırmayıb. Absalamova saxlanma şəraiti, qadın məhbuslara qarşı törədilən hüquq pozuntuları, rüşvət halları, tibbi xidmətin keyfiyyəti, gigiyena və təminat problemləri barədə yazılar yazıb. Bu səbəbdən dəfələrlə həbsxana rəhbərliyinin təzyiqlərinə məruz qalıb, zorakılıq və qeyri-insani rəftarla üzləşib.
2024-cü ilin noyabrında Elnarə Qasımova, Sevinc Vaqifqızı və Nərgiz Absalamova ictimaiyyətə birgə məktub ünvanlayaraq həbsxanadakı ağır şəraiti - dövlətin qadın məhbuslara qanunla nəzərdə tutulan yemək, paltar, gigiyena vasitələri və yataq dəstlərini təmin etməməsindən bəhs ediblər.
2025-ci il, iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Nərgiz Absalamovanı 8 il müddətinə azadlıqdan məhrum edib. Hökm oxunarkən “Abzas Media” jurnalistləri hakimlərə arxa çevirərək redaksiyanın prezident ailəsi və yüksək rütbəli məmurlara dair korrupsiya araşdırmalarının posterlərini qaldırıblar və bu araşdırmalara görə həbs edildiklərini bildiriblər.
2025-ci il, sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi, 2026-cı il, aprelin 3-də isə Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən sonra jurnalist iş üzrə təqsirli bilinən digər qadın həmkarları ilə birgə Lənkəran Penitensiar Kompleksinə köçürülüb. Köçürülmə zamanı da qeyri-insani rəftara məruz qalıb, şəxsi əşyalarını özü ilə aparmasına icazə verilməyib. Bakıdan 250 kilometr uzaqda olan bu yerə köçürülməsi ailəsinin və vəkillərinin ona baş çəkməsini xeyli çətinləşdirib.
2026-cı ilin əvvəlində “Avropa Mətbuat və Media Azadlığı Mərkəzi” onun və digər qadın jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə edib.
2025-ci ildə Nərgiz Absalamova Norveçin Fritt Ord Fondu və Almaniyanın ZEIT Stiftung Bucerius təşkilatının təsis etdiyi “Azad Media” mükafatına layiq görülüb. Mükafat ona korrupsiya, ekoloji problemlər, sosial hüquq pozuntuları və həssas qrupların problemləri barədə cəsarətli reportajlarına görə verilib.
Beynəlxalq media və insan hüquqları təşkilatları onun və digər “Abzas Media” əməkdaşlarının işinin siyasi motivli və ya qondarma hesab edərək azadlığa buraxılmalarına çağırıb.
Nərgiz Absalamova 20 iyun 2025-ci ildə məhkəmədə ona 8 il azadlıqdan məhrumetmə cəzası verilərkən, son sözündə deyib:
“Jurnalistlərin həbsi nə deməkdir? Qayda-qanun tanımayan polislər, korrupsiyaya bulaşmış məmurlarla çarəsiz vətəndaşları tək qoymaq deməkdir. Jurnalistlər hüquq-mühafizə orqanlarından ümidini kəsənlərin son ümid yeridir. Bizim həbsimiz həm də vətəndaşların ümidini kəsmək deməkdir. Hökumət bizi həbs etməklə həm də ölkədəki vəziyyəti göstərən işığı söndürmək istəyirdi. Bəs əvəzində nə oldu? İndiyə qədər qapalı saxlaya bildikləri yerə - təcridxanaya, həbs yerlərinə işıq tutduq”.


