Karate üzrə ikiqat Avropa çempionu Renad Əliyev 5 il azadlıqdan məhrum edilib. Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Təfəkkür Universitetinin sabiq rektoru Riyad Əliyevin qardaşı olan Renadın üzərindən narkotik tapıldığı iddia olunur.
Amma Renad Əliyev özünü təqsirli bilmir. Deyir ki, o, qardaşının Azərbaycan hökuməti haqda tənqidi fikirlərinə görə sifarişlə şərlənərək həbs olunub.
2015-ci ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunlarında karate üzrə hakim kimi iştirak etdiyini deyən Renad Əliyev necə həbs olunması haqda bunları söyləyib:
"Dostlarımla kafedə oturmuşduq. Çıxandan sonra mənə 3 nəfər yaxınlaşdı, maşına oturdub Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Orada dedilər ki, guya üstümdən narkotik çıxdı. Əlbəttə ki, yalan idi".
