Cəmiyyət

Ramil Babayev: “Təcridxana rəhbərliyi dedi ki, təhlükəsizlik kameralarımız ağıllıdır, kimisə döydüyümüzü görəndə çəkilişi dayandırırlar”

5 dəqiqə
Ramil Babayev: “Təcridxana rəhbərliyi dedi ki, təhlükəsizlik kameralarımız ağıllıdır, kimisə döydüyümüzü görəndə çəkilişi dayandırırlar”

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə növbəti məktub ünvanlayıb.

Məktubu Demokratik Təşəbbüslər İnstitutu ictimailəşdirib.

Ramil Babayev məktubunda təcridxanada baş verdiyini iddia etdiyi işgəncə halları, penitensiar xidmət əməkdaşlarının davranışları və rəhbərliyin mövqeyi barədə danışıb.

O bildirib ki, daha əvvəl haqqında yazdığı Cavid Güləliyevlə bağlı yeni məlumatlar əldə edib.

“Cavid Güləliyevin sonuncu işgəncə hadisəsindən sonrakı əməlləri ilə bağlı öyrəndiklərimə əsasən, Güləliyevin bundan əvvəlki yazılarımda haqqında söz etdiyim məhbusa verdiyi əzab, döymə, təhqir etmə və özünü öldürmə həddində çatdırma ilə məhdudlaşmayıb. Etibar etdiyim bir şəxsin mənə verdiyi məlumata əsasən, Güləliyev həmin şəxsi amansızcasını döydükdən sonra ləyaqətini alçaldan bir şəraitdə saxlayıb. Qanunun tələbinə görə, həmin şəxs sadəcə cərimə kamerasına salınmalı və qapı bağlanmalıdır. Güləliyev isə həmin şəxsi birbaşa qapıya qandallayıb, üstəlik də yerdən. Yəni, həmin şəxs betonun üzərində hərəkətsiz vəziyyətdə uzanmağa məcbur edilib”.

Babayev yazır ki, hadisə barədə ona məlumat verən şəxs gördüklərinə inanmadığını bildirib və Cavid Güləliyev haqqında “Caviddə nə vicdan var, nə də Allah qorxusu” ifadəsini işlədib.

Siyasi məhbus qeyd edir ki, iddia etdiyi hadisələrin 7 saylı korpusda baş verdiyini nəzərə alaraq, araşdırma aparmaq istəyən qurumlar təhlükəsizlik kameralarının görüntülərini yoxlaya bilərlər.

Məktubda təcridxana rəhbərliyində təmsil olunan şəxslərlə söhbətlərə də yer verilib.

“Yeri gəlmişkən, bir neçə gün əvvəl təcridxana rəhbərliyində təmsil olunan bir yüksək rütbəli şəxslə Güləliyev məsələsini müzakirə edərkən o, mənə dedi ki, “Bizim təhlükəsizlik kameralarımız ağıllı kameralardır. Görəndə ki, kimisə döyürük, çəkilişi dayandırırlar”. Bu söhbətdə Fərid İsmayılov da şahidlik edib”.

Ramil Babayev yazır ki, rəhbərlikdə təmsil olunan başqa bir şəxs isə ona Cavid Güləliyevin artıq “cəzasını çəkdiyini” və “dərin peşmanlıq yaşadığını” deyib.

Məktubda həmçinin iddia olunur ki, işgəncəyə məruz qaldığı deyilən məhbusun özünə qəsd etmək niyyətində olduğunu görən Cavid Güləliyev sonradan onun mövqeyini yumşaltmağa çalışıb.

Babayev daha sonra özünün keçirdiyi aclıq aksiyası dövründə üzləşdiyi təzyiqlərdən bəhs edir. Onun sözlərinə görə, Güləliyev başqa bir penitensiar xidmət əməkdaşını təzyiq vasitəsinə çevirməyə çalışıb.

“Həmin əməkdaşa bildirib ki, o aclığı dayandırmayana qədər evinə getməyəcəksən. Əgər dayandırmasa, sabah ərizəni yaz, işdən çıx”.

Bununla bağlı təcridxananın rəis səlahiyyətlərini icra etmiş Ceyhun Hacıyevə ərizə yazdığını bildirən Babayev təzyiqlərin bundan sonra dayandığını qeyd edib.

“Ərizədə bildirdim ki, Cavid Güləliyevin öz əməllərinə görə məsuliyyəti digər şəxslərin üzərinə yönəltmək cəhdlərinin qarşısı alınmasa, aşağıdakı addımları atacağam:

Aclıq aksiyası ilə bağlı tələblərim sırasına işçilərin pozulmuş hüquqlarının bərpası tələbini də əlavə etmək.

Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Dövlət Əmək Müfəttişliyi başda olmaqla aidiyyəti qurumlara rəsmi şikayətlər ünvanlamaq.

Bakı İstintaq Təcridxanasında mobbinq halları ilə bağlı geniş araşdırma məqaləsi ilə mediada çıxış etmək.

Həmçinin qeyd etdim ki, ilk üç addım nəticə verməyəcəyi təqdirdə, məsələ ilə bağlı daha sərt etiraz formalarına əl atacağam.

Həmin ərizədən sonra bu istiqamətdə olan təzyiqlər dayandırıldı”.

Məktubda 2025-ci ilin iyulunda baş verdiyini iddia etdiyi başqa bir hadisəyə də yer verilir. Babayev həmin vaxt səhhətinin ağır olduğunu və müvəqqəti olaraq təcridxananın tibb məntəqəsinə köçürülməsini xahiş etdiyini yazır.

Onun sözlərinə görə, müraciətinə baxan Cavid Güləliyev buna etiraz edib.

“Dövlət Baba” ifadəsinin mənşəyini açıqlamaq və Güləliyevin təfəkkürünü daha aydın şəkildə ortaya qoymaq üçün 11 ay əvvələ qayıdaq. Müəssisə rəisi Elnur İsmayılovun istirahət günündə olduğu və təcridxanada müavin kimi Cavid Güləliyevin cavabdeh qaldığı 13.07.2025-ci il tarixində mənim sağlamlıq vəziyyətim çox pisləşmişdi. Boğazımdakı şişlər səbəbindən sözün həqiqi mənasında danışa bilmirdim, nitqim tutulmuşdu, temperaturum çox yüksək idi və titrəyirdim. Mən bu vəziyyətdə kameraya girmək istəmədim və Cavid Güləliyevə yazılı müraciət edərək müvəqqəti olaraq təcridxananın tibb məntəqəsinə keçirilməyimi istədim.

Güləliyev müraciətimi gətirib üzərimə tulladı.

Mənə “Mən dövlət babayam, mənim sözüm qanundur” dedi və özü ilə gətirdiyi problemlər şöbəsinin əməkdaşlarına göstəriş verdi ki, məni əllərimdən və ayaqlarımdan tutaraq zorla kameraya salsınlar.

Mən çıxmayan səsimlə son gücümü toplayıb ona dedim ki, sizin siyasi məhbusları öldürmək səyinizi ictimailəşdirəcəm".

Babayev bildirir ki, ertəsi gün təcridxana rəisinin müavini Elnur İsmayılov tərəflərin izahatlarını alıb və Güləliyevin davranışını tənqid edib. Bununla belə, o əlavə edir ki, bu fakt Elnur İsmayılovun fəaliyyətinə müsbət qiymət kimi qəbul edilməməlidir.

Məktubda həmin vaxt yazdığı izahatdan da geniş sitat verilir:

“.. Bundan əlavə, Cavid Güləliyevin təqsirləndirilən şəxslərə qarşı fiziki zorakılıq tətbiq etməklə canfəşanlıq etdiyi, zorakılıqdan həzz alan sadist təbiətli bir insan olduğu təcridxanadakı bütün təqsirləndirilən şəxslər üçün aydın olan bir faktordur. Hətta onun bir çox zorakılıq aktlarının xüsusi şouya çevirməsi bu şəxsdə ciddi psixiatrik pozuntuların mövcud olması şübhəsi yaradır. Rasional təfəkkürdən uzaq, absurd fərziyyələr irəli sürən bu psevdo-intellektual şəxs barəsində müvafiq addımlar atmağınızı ərz edirəm. İdarəetmənin güc tətbiqindən əvvəl başa düşüb həll axtarmağa çalışmaq aspektinin gəldiyini dərk etməyən Cavid Güləliyevin qanuna ciddi davranışlarının nümayişkaranə şəkildə davam edəcəyi təqdirdə onun barəsində Cinayət Məcəlləsinin 113-cü maddəsi (işgəncə) və digər maddələr üzrə məhkəmə qaydasında şikayət verəcəyimi diqqətinizə çatdırmaq istəyirəm”.

Ramil Babayev yazır ki, onun Cavid Güləliyevlə şəxsi ədavəti yoxdur və məqsədi müdafiəsiz məhbuslara münasibətlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Məktubda əcnəbi məhbuslarla rəftarla bağlı da iddialar yer alıb. Babayevin sözlərinə görə, əsasən Pakistan vətəndaşlarından ibarət məhbusların saxlanıldığı kamerada sıxlıq səbəbindən yaranan narazılıqdan sonra Cavid Güləliyev həmin kameraya daxil olaraq məhbusları döyüb.

Siyasi məhbus daha sonra Penitensiar Xidmət rəhbərliyini və general Mirsaleh Seyidovu tənqid edib. O, rəhbərliyin işgəncə iddialarını araşdırmaq əvəzinə digər məsələlərə diqqət ayırdığını bildirib.

Məktubunu sualla tamamlayan Babayev yazır:

“Bu yazdıqlarımın üzərinə Güləliyevin “Meydan TV” əməkdaşlarına qarşı rəftarını və “Abzas Media” əməkdaşlarının onun barəsində məqalələrində əlavə edin. “Dövlət baba” budur. Bütün çılpaqlığı ilə. Sual ortaya çıxır ki, belə xüsusiyyətlərə malik bir zabit kimə və nəyə lazımdır?!”

Məktubda səsləndirilən iddialarla bağlı Penitensiar Xidmətin mövqeyini almaq mümkün olmayıb. Mövqe təqdim olunarsa, yazıya əlavə ediləcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun