Cəmiyyət

Neftçalada kənd xəstəxanasında kütləvi ixtisar iddiası: 54 işçidən 34-ü işdən çıxarılıb

3 dəqiqə
Neftçalada kənd xəstəxanasında kütləvi ixtisar iddiası: 54 işçidən 34-ü işdən çıxarılıb

Foto: Adobe Stock

Neftçala rayonunun Xolqaraqaşlı Kənd Sahə Xəstəxanasında çalışan onlarla tibb işçisinin işdən çıxarıldığı bildirilir.

“Abzas Media”nın əldə etdiyi məlumata görə, xəstəxanada çalışan 54 nəfərdən 34-ü işdən azad edilib. Onlardan təxminən 20 nəfərinin kiçik tibb işçisi olduğu deyilir. Məlumata görə, kütləvi ixtisarlar “islahat” adı ilə aparılıb və xəbəri onlara xəstəxananın baş həkimi çatdırıb.

“Gecə ilə bizi xəstəxanaya yığdılar. Dedilər ki, işdən azadsınız. Sadəcə yeni iş tapana qədər 2 aylıq möhlət veriblər. Bu ayın əvvəlindən 12 gündür gündəlik işə gedirik, amma artıq işdən çıxarıldığımızı bilirik”.

İşdən çıxarılan əməkdaşlar bildirirlər ki, islahatların mahiyyəti onlara izah edilməyib, qərarla bağlı isə əvvəlcədən xəbərdarlıq olunmayıb. Onların sözlərinə görə, yalnız bundan sonra görüləcək işlər üzrə müəyyən kateqoriyalar müəyyənləşdirilib.

O kateqoriyaya uyğun heç bir işçi yoxdur. Kimin adamı varsa, qalan işçilər onların sayəsində qalıb. Düzgün islahat da getmir. İslahat gedirsə, bizi də işlə təmin etməlidirlər. Təmin etsinlər, sonra çıxarsınlar. O da yoxdur”.

Başqa bir xəstəxana işçisi isə deyir ki, ixtisarlar dövlət müəssisələrində aparılan ümumi islahatların tərkib hissəsi kimi təqdim olunur.

“Dövlətin siyasətidir də. Bütün idarə və müəssisələrdə islahatlar gedir. İslahatın səbəbini tibbdə vəziyyəti yaxşılaşdırmaq üçün, əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə izah edirlər.

21 tibb bacısından 13-nü çıxarıb 8 nəfər saxlayıblar. Bunu da onunla əsaslandırıblar ki, 600-800 nəfərə bir tibb bacısı xidmət etməlidir. Xəstəxana iki kəndə xidmət göstərir. Ümumilikdə 4800 əhalisi var. 600 nəfərdən hesablayanda 8 tibb bacısı edir”.

Məlumata görə, ixtisarlar zamanı bəzi sosial həssas qrupların vəziyyəti nəzərə alınmayıb. Eyni zamanda, nəzərə alınmayan məsələlərdən biri də ixtisarlar nəticəsində yerdə qalan tibb işçilərinin iş yükünün artması ilə bərabər, vətəndaşların vaxtında tibbi xidmətdən yararlanmaq hüququnun da məhdudlaşmasıdır.

Əvvəl xəstəxana növbəli rejimlə fəaliyyət göstərirdi. 24 saat işləyirdik. Kənd camaatı da bilirdi ki, xəstəxana var, gedib günün istənilən saatında, məsələn, iynəsini vurdururdu. İndi saat 16-dan sonra ölsən, qalacaqsan evin içində”.

Əməkdaşlara ixtisarların bundan sonra da davam edəcəyi, işdən azad edilmə ilə bağlı məlumatların isə bildiriş vasitəsilə TƏBİB-dən gələcəyi deyilib.

Xəstəxana işçilərinin sözlərinə görə, müəssisənin yerləşdiyi kənd rayon mərkəzindən 55 km uzaqda yerləşir. Bu baxımdan islahatlar yönündə atılmalı addımlardan ən önəmlisi işçilərin ixtisarı deyil, müəyyən tibbi çatışmazlıqların təmin olunması yönündə olmalı idi.

Məsafənin uzaqlığı nəzərə alınmalıdır. Biz saat 16-dan sonra işləmirik. O saatdan sonra xəstə olanda, ona baxmamaq ixtiyarımız var. Xəstə məcbur olur 55 km uzaqlıqdakı rayon mərkəzindən təcili yardım çağırsın. Əgər islahatlardan söhbət gedirsə, xəstəxanaya təcili yardım maşınları verilsin”.

Əməkdaşlar bildirirlər ki, işsizlik və ya digər kompensasiyaların ödənilib-ödənilməyəcəyi barədə onlara heç bir məlumat verilməyib. Ailəsinin yeganə gəlir mənbəyinin bu iş yeri olduğunu bildirən səhiyyə işçisi isə deyir ki, bundan sonra onun dolanışıq vəziyyəti daha da acınacaqlı olacaq.

“Prezident deyir, “iş yerləri açılıb”. İş yerləri isə bağlanır. Ailədə yeganə işləyən, evə pul gətirən mənəm. Ətrafda başqa xəstəxana da yoxdur. Bircə rayon mərkəzindədir. Ora da kimdir məni qəbul edən?!”

Səsləndirilən iddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mövqeyini öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidməti “Abzas Media”nın zənglərinə cavab verməyib.

Bu, regionlarda tibb işçilərinin ixtisarı ilə bağlı ilk narazılıq deyil.

Bu il yanvarın 7-də müxtəlif rayonlardan olan bir qrup stomatoloq TƏBİB-in inzibati binasının qarşısında etiraz aksiyası keçirib. Etirazçılar iş yerlərinin ixtisar edilməsinə etiraz etdiklərini bildiriblər və baş verənlərə görə TƏBİB rəhbərliyini məsul saydıqlarını deyiblər.

Onların sözlərinə görə, xüsusilə regionlarda stomatoloji xidmətlərə ehtiyac böyük olsa da, bir sıra rayon xəstəxanalarında yalnız üç stomatoloq ştatı saxlanılıb.

TƏBİB isə həmin vaxt yaydığı açıqlamada bildirmişdi ki, aparılan təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, resurslardan qeyri-səmərəli istifadə edildiyi və bəzi hallarda ödənişlərin tam şəkildə nağdsız rəsmiləşdirilmədiyi müəyyən olunub.

Qurum əlavə etmişdi ki, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükü yaradıb və stomatoloji xidmətlərin saxlanma xərcləri həmin xidmətlərdən əldə olunan gəlirləri üstələdiyindən əlavə optimallaşdırma tədbirlərinə ehtiyac yaranıb.

TƏBİB-in məlumatına görə, Əmək Məcəlləsinə əsasən, işçilərin sayının və ya ştatların ixtisar edilməsi hüququ işəgötürənə məxsusdur və stomatoloqlarla bağlı optimallaşdırma prosesi əmək qanunvericiliyinin tələblərinə uyğun aparılır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun