Bu gün Səbail Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı işə baxılıb.
Abzas.net xəbər verir ki, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u yaşadığı Tiflis şəhərində saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.
Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
"Amnesty International" təşkilatı Əfqan Muxtarlını siyasi məhbus elan edib.