AXCP üzvü Almaz Rəhimova iyunun 13-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib. O, AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının işi üzrə ifadə verib.
G.Bayramlı Gürcüstandan qayıdarkən Qazaxdakı "Sınıq körpü" gömrük-buraxılış məntəqəsində saxlanılıb.
Həmin vaxt A.Rəhimova da Gözəl Bayramlı ilə birlikdə olub.
A.Rəhimova AzadlıqRadiosuna bildirib ki, təxminən üç saat davam edən dindirmə zamanı müstəntiq Gürcüstana səfərin məqsədi, orada kimlərlə görüşdüklərini soruşub.
A.Rəhimova deyir ki, həm özü, həm də G.Bayramlı Gürcüstana müayinə və müalicə məqsədilə gediblər, prokurorluqda da bu haqda ətraflı danışıb.
"Həmçinin, son dövrlərdə Gürcüstanın paytaxtı Tbilisidə müayinə və müalicə olunduğumu sübut edən tibbi sənədləri də təqdim etdim", – A.Rəhimova bildirib.
