Oktyabrın 26-da Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb. Bu barədə Azərbaycan Güləş Fedarasiyasının saytı məlumat yayıb.
55 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan finalda Qırğızıstan təmsilçisi Jolaman Şarşenbekovu məğlub edib. Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub.
2015-ci ilin dünya çempionu Rəsul Çunayev isə 72 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) bürünc medal qazanmışdılar.
“Hədəf Olimpiya çempionluğudur”
Yarışdan sonra Eldəniz Əzizli qələbəsini belə şərh edərkən deyib ki, uğurunun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemidir.
"Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün yarışın favoriti sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki bu, dünya çempionatının final görüşü idi”.
E.Əzizli vurğulayıb ki, növbəti hədəfi isə Olimpiya çempionluğudur
Macarıstanda Güləş üzrə Dünya Çempionatı oktyabrın 20-də başlayıb.
[embed]https://www.youtube.com/watch?v=Qsbz2ji_i7s[/embed]