Azadlıq mübarizəsinin yolu çətənədən keçərsə - [Gürcüstanda seçkilər]

Azadlıq mübarizəsinin yolu çətənədən keçərsə - [Gürcüstanda seçkilər]
27 Oktyabr 2018
Mətni dəyiş

Prezidentliyə namizəd Zurab Caparidze Gürcüstan tarixində ilk dəfə olaraq ölkədə yaşayan milli azlıqların gənc nümayəndələrinə – azərbaycanlılara və ermənilərə öz ana dillərində müraciət edərək, aktiv olmağa, daha çox azadlıq üçün səs verməyə çağırıb. 

Oktyabrın 28-i Gürcüstanda keçiriləcək prezident seçkisində namizədliyi qeydə alınmış 25 nəfər arasında ən maraqlı, orjinal və kreativ fikirləri ilə seçki öncəsi prosesə maraq qatan namizəd Zurab Caparidzedir.

Prezidentliyə namizəd Zurab Caparidze Gürcüstan tarixində ilk dəfə olaraq ölkədə yaşayan milli azlıqların gənc nümayəndələrinə – azərbaycanlılara və ermənilərə öz ana dillərində müraciət edərək, aktiv olmağa, daha çox azadlıq üçün səs verməyə çağırıb.

Zurab Caparidze (gənclər Zura və ya Capara deyə çağırırlar) – 2015-ci ildə yaranmış “Qirçi” (mənası: qoza) siyasi birliyinin namizədidir. Caparidze 1976-cı ildə Tbilisidə anadan olub. İxtisasca həkimdir. Dövlət idarəçiliyi istiqamətində magistr təhsili alıb. C. Vaşinqton universitetinin dinləyicisi olub. 1998-ci ildən 2012-ci ilə qədər müxtəlif xarici təşkilatların Gürcüstandakı nümayəndəliklərində (ATƏT, USAID, BMT Əhali Fondu, EC/SPAMGO) müxtəlif mövqelərdə işləyib. 2011-ci ildən Azad Universitetin professorudur.

2012-2015-ci illərdə Milli Hərəkat Partiyasının üzvü olub. 2012-2016-cı illərdə Gürcüstanın 8-ci çağırış parlamentinə seçilib. 2015-ci ildən bu günə kimi Siyasi Birlik “Yeni Siyasi Mərkəz - "Qirçi"nin rəhbəridir. Yarandığı gündən bu günə qədər partiyanın əsas ideası və şüarı - “Daha Çox Azadlıq”dır.

Məcburi hərbi xidmətin ləğv olunması "Qirçi"nin əsas siyasi məqsədlərindən biridir, lakin bu baş verənə qədər də partiya əsgərliyə getmək istəməyən gənclərə dəstək vermək üçün  çıxış yolu tapıb. Partiya üzvləri dini təşkilat təsis edib. Bu  dini təşkilat əsgərliyə getmək istəməyən gənclərə xeyir-dua verərək, onları ruhani elan edir və müvafiq sənəd verir.

Ruhani titulu olan gənclər isə müvafiq qurumlardan məcburi hərbi xidmətin təxirə salınmasını istəyirlər və məqsədlərinə də çatırlar. Çünki hərbi öhdəlik və hərbi xidmət haqqında Gürcüstan qanunun 30-cu “l” alt bəndinə əsasən, əgər çağırışçı keşişdirsə və ya ruhani təhsili alırsa, onun çağırışı təxirə salınır. Bu günə qədər "Qirçi" məcburi hərbi xidmətə getmək istəməyən 11 minə qədər gənci məhz bu yolla hərbi xidmətdən xilas edib.

Zurab Capirdze uzun illərdir ki,  çıxışlarında və məqalələrində marixuananın leqallaşdırılmasını, marixuananın istifadəsinə görə insanların həbs olunmamasını da tələb edir. Parlamentin üzvü olduğu zaman o, bununla bağlı iki qanun layihəsi təqdim edib. Qanun layihələrindən biri 3, digəri isə 7 səs çatışmazlığı ilə qəbul olunmayıb. Bundan sonra “Qirçi” partiyası Zurab Caparidzenin rəhbərliyi ilə 2016-cı ildə vətəndaş itaətsizliyi aktı həyata keçirərək, ictimai şəkildə torpağa marixuana – çətənə bitkisi səpib.

2016-cı ilin Noyabr ayında partiya hakimiyyətə ultimatum göndərmişdi ki, əgər parlament ilin sonuna qədər narkotik siyasətini dəyişməsə, eyni zamanda çətənə və çətənə məhsullarını leqallaşdırmasa, “Qirçi” Yeni İl axşamı ictimai şəkildə, canlı yayımda torpağa çətənə səpəcək. Parlament bununla bağlı heç bir tədbir görmədi və dekabrın 31-i saat 21:00-da "Qirçi"nin üzvləri könüllülərlə birlikdə ümumilikdə 84 nəfər ictimai formada torpağa çətənə toxumu səpiblər. Prosesi Yeni İl gecəsi ölkədə mövcud olan bütün televiziyalar və "Qirçi"nin FB səhifəsi canlı yayımlayıb. Bu vətəndaş itaətsizliyi aktı idi və "Qirçi" bununla ölkədəki narkosiyasətə etiraz edirdi.

Torpağa çətənə səpməklə (becərmək) bağlı Gürcüstan Cinayət Məcəlləsinin 12 ilə qədər həbs cəzası nəzərdə tutmasına baxmayaraq, hakimiyyət siyasi qərar qəbul etdi və "Qirçi"nin bu aksiyasında iştirak edən insanlar həbs olunmadılar. Sadəcə olaraq "Qirçi"nin bir üzvünə aksiyanın təşkilatçısı kimi 500 lari məbləğində inzibati cərimə tətbiq edildi.

Marixuananın leqallaşdırılması uğrunda mübarizənin növbəti mərhələsi isə konstitusiya məhkəməsinə müraciət oldu.  Konstitusiya məhkəməsi Zurab Caparidze və partiya yoldaşı Vaxo Meqrelişvilinin tələbini təmin etdi. Konstitusiya məhkəməsi marixuananın istifadəsinin insanın özünü inkişaf etdirmə azadlığına daxil olduğunu və başqalarına zərər vermədiyi halda onun istifadəsinin insan azadlığının bir hissəsi olduğunu bildirdi.

Bundan sonra Gürcüstan Parlamentinin Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı anında müvafiq dəyişikliklər qəbul edəcəyi gözlənilirdi, lakin hal-hazırda Gürcüstan parlamentində Daxili İşlər Nazirliyinin də imzalamış olduğu başqa bir qanun layihəsinə baxılır. Bu qanun layihəyəsi qəbul olunarsa, Gürcüstanda marixuananın istifadəsi istiqamətində vəziyyət daha da ağırlaşacaq və insanların evindən başqa hər hansı məkanda marixuana ilə bağlı həyata keçirəcəyi istənilən fəaliyyət qanunla sərt şəkildə (2500 lariyə qədər) cəzalandırılacaq. Qanun layihəsi ilk dinləmədən keçib, amma hələ iki dinləmə qalıb.

Məhz buna etiraz etmək üçün "Qirçi" partiyası Oktyabrın 20-də Tbilisidə “Ana dili” bağında yüzlərlə gəncin iştirakı ilə “Marixuananın leqallaşdırılması” festivalı keçirdi. Festivalda marixuananın satılacağı kofe-şopların quraşdırılacağı anons olunmuşdu və bir həftə qalmış Daxili işlər Nazirliyi onlara sarı kart göstərdi. Nazirlik tərəfindən Gürcüstan qanunvericiliyinə görə hələ də marixuananın satışının və ictimai şəkildə istifadəsinin qadağan olduğu bildirildi və festival çərçivəsində belə bir hal qeydə alınarsa, iştirakçıların müvafiq şəkildə cəzalandırılacağı bildirildi.

Polis əməkdaşlarının müxtəlif maneələrinə baxmayaraq, yüzlərlə gəncin toplaşdığı festivalda Zurab Caparidze prezidentliyə namizəd olaraq, Parlament tərəfindən bu cür qanun layihəsinin qəbul olunmasını - insanın yalnız öz evində marixuna çəkə bilməsini azadlıq yox, elə quldarlıq hesab etdiyini bildirdi:

“Mən hesab edirəm ki, azadlıq uğurunda mübarizənin xətti məhz bu gün buradan keçir. Biz belə planlaşdırmamışdıq, lakin elə alındı ki, azadlıq uğurunda mübarizənin yolu çətənə bitkisindən keçdi. Ola bilər ki, gülməli görünsün, ancaq həqiqətən belə alındı. Əgər biz bu istiqamətdə öz azadlığımıza nail olsaq, başqa azadlıq mübarizələrini də inşa edə biləcəyimiz bir özül yaratmış olacağıq”.

"Mənə əgər Konstitusiya Məhkəməsi marixuanadan istifadə etmək haqqı verirsə, mənim onu leqal yolla əldə etmək haqqım da olmalıdır. Lakin bu haqqı mənə vermirlər. Mən buna etiraz edirəm", - bu sözləri deyərək, Zurab cibindən üç ədəd “coint” çıxararaq gənclərə verdi və əlavə etdi:

“İndi mənim bu davranışıma görə, Gürcüstanda bu gün insanları cəzalandırırlar, həbs edirlər. Əgər az əvvəl atdığım addıma görə, məni həbs etməsələr, siyasətçi olduğum, prezidentliyə namizəd olduğum üçün məni cəzalandırmasalar, bu o deməkdir ki, heç kimi cəzalandırmağa haqqları yoxdur”.

"Qirçi" partiyasının simvolu yaşıl qozadır. Caparidze televiziya verilişlərinin birində partiyanın adı ilə bağlı verilən suala cavab verərkən bildirib ki, partiyaya nə ad verəcəklərini düşündükləri zaman, təsadüfən dostlarının birinin əlində qoza olub. Həmin adam təklif edib ki, partiyanın adı elə “Qoza” olsun. İlk başda ideya onlara gülməli gəlib, ancaq iki həftə hər cür klassik, uzun-uzun adları nəzərdən keçirəndən sonra elə qoza adında  dayanıblar.

2016-cı ildə “Qirçi” standart partiya strukturu və siyasi mübarizənin ənənəvi formalarından imtina edib və onlayn-partiya olaraq formalaşıb. Bu gün partiyanın əsas fəaliyyət arealı və əsas kommunikasiya vasitəsi sosial şəbəkələrdir.

Bugünlərdə keçiriləcək seçkilərdə qalib gəlmək və səsini daha çox seçiciyə çatdırmaq üçün Caparidze fikirləşir ki, hər cür kommunikasiya vasitəsindən istifadə etmək olar. Hətta bu porno sayt da ola bilər. Sentyabr ayında Zurab Caparidze siyasi ismarıclarını yaymaq üçün Gürcüstandakı ən populyar porno saytlardan birini seçdi və minimal xərclə özü haqqında məlumatı 100,000-ə qədər insana çatdırdı.

Zura bildirir ki, maliyyə resurslarının az olmasından irəli gələrək onun komandası maksimal siyasi kreativlik göstərməlidir. Onlar məhz bu məqsədlə yerli porno saytda iki təşviqat baneri yerləşdiriblər. Banerlərə klik etdikdə istifadəçi avtomatik olaraq partiyanın saytına daxil olur.

“Biz fikirləşdik ki, bu çox effektiv olacaq, çünki yenidir, daha çox yeni istifadəçi reklamımızı görə biləcək. Gürcüstanda ən çox istifadəçisi olan porno saytlarda heç kim indiyə qədər reklam yerləşdirməyib”, - deyə Gürcüstanın prezidentliyə namizədi Zurab Caparidze deyib.

Aydan, kultura.az

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun