Professor Söhrab Günəşlinin ad günü məclisinə təsadüfən düşmüşdüm. Ora necə düşdüyümün bizim əhvalata heç bir aidiyyatı yoxdu, ona görə də yazmıram. Məclisdə hər təbəqədən adam vardı. Biznesmen, aktyor, aparıcı,müğənni, prokuror, polis zabiti, bələddiyə sədri, professorun alim yoldaşları, keçmiş tələbələri, bacısı oğlu...
Onu da qeyd edim ki, məclisdə iştirak edən aktyor, aparıcı, müğənni ciddi sənətkar sayılırlar. Professor bayağılığı sevmir. Özünü yüngül aparan adamlara onun məclisində yer yoxdur. Məclisdə hər kəs özünü olduğundan mədəni aparır, ünsiyyət qurmağa çalışırdılar. Hər bir kəsin bu məclisdən bir umacağı vardı. Hamı istirahət etmək istəyirdi. Sanki bayağılıq onları bezdirib və çoxdan belə mədəni məclis arzusundaymışlar. Prokuror mülayim səslə dedi:
- Qonaqlığa getmək, xeyirdə-şərdə aktiv iştirak etmək vacibdir. Bunlar xalqımızın gözəl adətlərindəndir. Amma təəssüf ki, bu adətlər bəzi adamların günahı ucbatından mahiyyətini dəyişib. Mənasızlaşıb. İndiki məclislərin, qonaqlıqların bir çoxu müəyyən məqsədlər üçün təşkil olunur. Adamlar arasında sağlam ünsiyyət, təmannasız dostluq, yoldaşlıq münasibətləri qalmayıb. Məclislər intriqa, yaltaqlıq yuvasına çevrilib. Belə məclislərdə yediyin də, içdiyin də canına yatmır. Mənim əqidəmcə , özünə hörmət eləyən, xalqını sevən adamlar belə məclislərə ayaq basmamalıdı.
Hamı prokurorun sözlərini təsdiqlədi. Bu sözlərin ardınca məclis iştirakçıları bir ağızdan televiziyalardan, şit, ucuz, bayağı verlişlərdən şikayət etdilər. Hamısı bir səslə deyirdi ki, cəmiyyət korlanıb, bayağılıq baş alıb gedir, savadsızlıq, cəhalət, kobudluq tüğyan edir. Heç nəyin dadı qalmayıb. Gənc nəsil özünü çox pis aparır. Böyük-kiçiyin, ağsaqqal-ağbirçəyin yeri bilinmir. Ölkədə baş verən cinayət hadisələrini müzakirə etdilər. Cinayət hadisələrinin məzmunları onlara indiki zamandan şikayətlənmək və keçmişin təəssüfünü çəkməyə xeyli əsaslar verdi. Polis zabiti bir neçə əhvalat danışdı, hamı bu əhvalatlara mat qalmış kimi özünü göstərdi. Zabit bu əhvalatları elə danışdı ki, guya polislər olmasa daha dəhşətli hadisələr baş verər. Buna görə polislərə təşəkkür etməliyik. Böyük zəhmət çəkirlər. Təhlükəli bir işlə məşğul olurlar, cəmiyyətdə sabitliyi təmin edirlər, vaxtları da yoxdu, heç özlərinə belə vaxt ayıra bilmirlər. Bələdiyyə sədri dedi:
- Belə söhbətlər iştahımızı korlayır. Qanımızı heç nədən qaraldır. Gəlmişik kefimizi açaq, beş-üç saat dincələk. Bəxtimizdən bu gün hava da gözəldi, adama ləzzət eləyir.
Mən söhbətlərə qoşulmamağa çalışırdım. Bilirdim ki, söhbətə qoşulsam mübahisə yaranacaq, qanım qaralacaq. Təcrübə bunu deyir. Sakitcə çörəyimi yeyirdim. Masanın üstünə növbənöv içkilər, hər cür yeməklər düzülmüşdü. Quş südü, can dərmanı. Məclis iştirakçıları ayağa qalxıb tost deyir, professor Söhrab Günəşlini yaxşı insan, qayğıkeş ata, mehriban ailə başçısı, vətənpər vətəndaş, nümunəvi ağsaqqal kimi xarakterizə edirdilər. Bəziləri onunla necə tanış olduğunun tarixçəsini, birlikdə iştirakçısı olduqları əhvalatları danışırdılar. Professor bu təriflərdən məmnun qalaraq hamıya öz təşəkkürünü bildirirdi. Onu yaxşı dost kimi tərifləyəndə professor dostluq mövzusunda mənalı ve uzun bir rəvayət danışdı. Hər kəs professorun müdrikliyini alqışladı. Sonra araya sükut düşdü. Hərdən “çox sağ olun”, “təşəkkür edirəm”, “zəhmət olmasa”, “buyurun-buyurun”, “əlbəttə” kimi sözlər eşidilirdi. Birdən professor üzünü mənə tutub dedi:
- Seymur bəy, siz niyə bizim elmimiz haqqında belə pis fikirdəsiniz?
Sual qəfil verilmişdi. Hamı üzünü mənə tərəf çevirdi. Elə bil, çoxdan bu sualı gözləyirmişlər. Deyəsən, adamlar darıxırdılar, məclisin tempi onları qane etmirdi. Özlərini nə qədər şən göstərməyə çalışsalar da, ha məclisi qızışdırmaq istəsələr də, nə qədər mehribanlıqla ünsiyyətə girməyə cəhdlər etsələr də, alınmırdı. İçki də onlara kömək etmirdi . Ona görə də, professorun sualı onların ürəyincə idi. Onu da qeyd edim ki, məclis iştirakçıları bir-birinə “müəllim” deyərək müraciət edirdilər. Mən böyük səhvə yol verərək professorun keçmiş tələbələrindən birinə “bəy” deyərək müraciət etdim. Adam bu müraciətdən incidi. İncimək nədi, möhkəm əsəbləşdi. Açıq-aşkar, qəzəblə dedi ki, mənə “bəy” demə, “müəllim” de. Əgər mən müdriklik edib, tez üzr istəməsəydim, araya dava da düşə bilərdi. “Bəy” müraciəti məclis iştirakçılarına qara günləri, cəbhə-müsavat hakimiyyətini, xaos dövrünü xatırladırdı. O dövrlər ki, adamlar nəinki gecələr, heç günün gönorta çağı da evdən çölə çıxa bilmirdilər. Professorun mənə “bəy” deyərək müraciət etməsində incə bir kinayə vardı. Vaxt qazanmaq üçün tamam dəxlisiz bir cümlə dedim:
- Professor, xahiş edirəm, mümkünsə “sən” müraciətinə keçək. “Siz”lə danışmaq məni yorur. Rahat ola bilmirəm. Öyrəncəli deyiləm.
Professor xahişimi qəbul etdi:
- Sən niyə bizim elmimiz barədə pis fikirləşirsən. Mən sənin yazılarını oxumuşam. Deyirsən ki, Elmlər Akademiyasını bağlayıb, yerində restoran açmaq lazımdı. Bizim alimlərimiz alimə oxşamırlar, qəssaba oxşayırlar. Düzdü, razıyam, hər sahədə ora uyğun olmayan adamlar var. Mən demirəm, bütün professorlar özlərini alim kimi aparırlar, amma ucdantutma hamını qaralamaq, hamını savadsız adlandırmaq, təhqir etmək nə dərəcədə doğrudu? Hər yerin pisi də var, yaxşısı da.
- Mən heç kimi təhqir etməmişəm.
Professor səsini daha da mülayimləşdirib dedi:
- İçdiyin araq necə araqdı?
- Gözəl (həqiqətən də çox əla araq idi). Söz ola bilməz. Ömrümdə belə rahat araq içməmişəm.
- Görürsənmi. Bu arağı bizim alimlər çəkiblər. Labaratoriya şəraitində. Hər adam içə bilməz bu araqdan. Bu arağı bizim hörmətli adamlarımıza hədiyyə edirlər. Hərdən bahalı restoranlara da satırlar. Qazandıqları pulu elmə xərcləyirlər. Mənə də bir az hədiyyə etdilər ki, yaxın yoldaşlarla, yaxşı oğlanlarla ad günümdə içim.
Zəruri haşiyə. Professorun danışdığı araq söhbəti həqiqətə uyğun idi. Bir oxucum var. Qardaşı bir az yaxşı yerdə işləyir. Ədəbiyyata yaxın adamdı. Arada sənət adamlarını başına yığıb, məclis təşkil etməyi xoşlayır. Buna ehtiyac duyur. Bir dəfə bizi bir restorana aparmışdı. Masaya bir litr araq qoydu. Dedi ki, bu arağı alimlərimiz çəkiblər. Hamıya satmırlar. Ancaq tanıdıqları adamlara satırlar. Qiyməti də çox bahadı. Elmi təcrübə aparmaq üçün, hardasansa, deyəsən Almaniyadan çox bahalı bir aparat alıblar, Alimlərimiz bu aparatda elmi təcrübə aparmaq əvəzinə araq çəkirlər. Ədalət naminə deyim ki, həqiqətən də mükəmməl araq idi.
Bu araq söhbətini bir dəfə eşitmişdim deyə professorun sözləri məni çox da sarsıtmadı. Sadəcə, o vaxtlar oxucumun yalan danışdığını güman etdiyimə görə bir az xəcalət çəkdim. Professor əl çəkmək istəmirdi. Məclisin yeganə gənc iştirakçısını danlamaqla digər məclis iştirakçılarının bütünlüklə rəğbətini qazanmaq fikrindəydi.
- Kabab necə kababdı? Yazılarından belə görünür ki, kabab yeyənsən.
- Əla kababdı. Söz ola bilməz. Çoxdandır belə dadlı kabab yeməmişdim. Adam doymaq bilmir.
- Mən də kabab yeyənəm. Otuz ildi dayanmadan kabab yeyirəm, doymaq bilmirəm.
Məclis iştirakçıları professorun sözlərinə dəstək verdilər. Hamı bir ağızdan dedi ki, kabab dünyanın ən dadlı yeməklərindən biridi. Nə qədər yeyirsən yə, yenə də doymaq mümkün deyil. Professor bacısı oğlunu yanına çağırıb dedi:
- Apar, Seymur bəyi kababçıyla tanış et.
Ayağa qalxmaqdan savayı yolum qalmadı. Gedib bir az gəzib, bir siqaret çəkmək pis olmazdı. O vaxta qədər de professorun ürəyi soyuyar, həm də mənsiz ürəklərini daha rahat boşaldarlar. Məclis professorun bağ evində, həyətdə qurulmuşdu. Hər şey əvvəlcədən səliqəylə hazırlanmışdı. Professorun geniş bağı vardı. Bağda ağaclara xüsusi qulluğun göstərildiyi hiss olunurdu. Əlbəttə, professor bağban saxlayırdı, amma o özünü elə aparırdı ki, guya ağaclara özü baxır və zehni əməklə yanaşı, fiziki zəhməti də sevir. Professorun üçmərtəbəli villası bağa əzəmətli bir görünüş verirdi. Villanın qabağındakı yekə qara CİP isə bu mənzərəni tamamlayırdı. Bəli, professor Elmlər Akademiyasının zirzəmisində çürüyən, siçanlarla dostluq edən, evdə, küçədə, iş yerində, ümumiyyətlə cəmiyyətdə hörməti olmayan, deputatlara, nazirlərə, nazir müavinlərinə, rektorlara beş-üç manata elmi iş yazan yazıq, yetimçə alimlərdən deyildi. Professorun hər təbəqədən ciddi, sanballı dostları vardı. Professor bu hörməti özünün sarsılmaz həyat fəlsəfəsi sayəsində qazanmışdı. O, hər şeydə , hər işdə, hər söhbətdə hamı tərəfindən qəbul edilmiş rəyi rəhbər tutardı. “Qayda belədir” məsələsi onun üçün inkaredilməz dəlil, böyük çoxluğun hörmətini qazanmaq üçün ən təsirli vasitə idi. Professor lazım gələndə millətçi, lazım gələndə vətənpərvər, lazım gələndə dindar, lazım gələndə elm fədaisi, lazım gələndə təbiət vurğunu, lazım gələndə poeziya xəstəsi kimi özünü göstərməyi asanlıqla bacarırdı.
Sovet dövründə ateist olan professor sovet dağılandan sonra şəraitə uyğun hərəkət edərək həcc ziyarətinə getmişdi. O, ana, vətən, qəhrəmanlıq mövzusunda bir neçə şeir yazmışdı, lakin özünü elə göstərirdi ki, guya bu şeirləri üzə çıxarmağa utanır, yalnız məclislərdə çoxsaylı xahişlərdən, təkidlərdən sonra şeirlərini adamlara oxumağa nazlana-nazlana razı olurdu. Özünü ədalətli və qərəzsiz adam hesab edirdi. Bununla o, özü-özünü aldadırdı. Çünki mövcud quruluş onun üçün sərfəli və əlverişli idi. Yaxşı dil qabiliyyəti olan adamdan ötürü özü-özünü aldatmaqdan asan iş ola bilməz. Həqiqəti məharətlə təkzib etmək sahəsində mahir istedad sahibi idi. Hamıya bəlli olan həqiqətin ziddinə özündə etiqad yaratmaqla kifayətlənməyib, bunu, “qayda belədir, belə lazımdır” fəlsəfəsini büsbütün etiqadsız adamların da ağlına yeritməyi özünün vəzifə borcu hesab edirdi. Hələ gənc yaşlarından öz hisslərini gizlətməyi, hər bir şəraitdən, hər bir quruluşdan istifadə etməyi öyrənmişdi…
[caption id="attachment_69698" align="aligncenter" width="746"] (ardı aşağıda)[/caption]Kababı uzunsov dördbucaq bir tikilidə çəkirdilər. Xalq arasında belə tikililərə “əl yeri” deyirlər. Tikilinin balaca və yanyana düzülmüş pəncərələrindən tüstü çıxırdı. Professorun bacısı oğlu tikilinin qarşısına çatanda geriyə qayıtdı. Tək qaldım. Sağıma-soluma baxıb bir az maraqla, bir az şübhəylə, bir az da qorxuyla tikiliyə girdim. Ağlıma min fikir gəldi. Bəlkə, məni dolayırlar. Bəlkə, professor mənimlə zarafat edir. Əlbəttə, o cür ərkyana danışığın sonu zarafatla bitməlidi. Qaydalara görə mən özüm də bu zarafatdan xeyli məmnun qalmalıyam. Hər halda axı o niyə mənimlə o cür kobud danışsın? Nə də olmasa, qonağam. Bu cür nəzakətsizlik nəyə lazımdı? Qapıdan içəri girəndə şit bir mənzərəylə qarşılaşacağımı zənn edirdim. Orda bir məşhur adam da ola bilərdi. Yaxın dostum da. Həbsxanada yatan müxalifətçi de… Hər şey gözləyirdim. Yaxşı, tutaq ki, doğurdan da kabab çox əla hazırlanmışdı, kababçının əl qabiliyyətinə söz ola bilməz, axı niyə mən kababçıyla tanış olmalıyam...
Onsuz da qapıdan içəri girəndə gördüyüm mənzərənin mənə necə təsir etdiyini yaza bilməyəcəm. Belə hallar olur. Yaza bilmirsən, vəssalam. Ustalıq söhbəti deyil. Hətta ən usta, ən dahi yazıçılar da belə vəziyyətlərə düşürlər. Nəfəs çatmır. Məsələn, Viktor Hüqo “Paris Notr Dam Kilsəsi” əsərində Esmeralda ilə anasının görüşünü yaza bilməyib. Görüş alınmayıb. Alınmadığını yazıçı özü də hiss edib, özünü sığortalamaq üçün yazıb:- bu mənzərəni təsvir etməkdə lələk acizdir. Gördüyüm mənzərənin mənə necə təsir etdiyini yaza bilməyəcəyimə görə birbaşa nə gördüyümü yazmaq daha yaxşı olar. Nə mən özümü yorum, nə də siz yorulasınız. Manqalın arxasında robot dayanmışdı. Kababı çəkən robot idi. İçəri girəndə o məni gördü. Tüstü gozlərini qızartmışdı. Əlinin arxasıyla sulanmış gözlərini silib “salam əleyküm” dedi. Çox çətinliklə “əleyküm salam” deyə bildim. Robot manqalın üstündəki şişdən bir ət tikəsi çıxarıb mənə uzatdı. Bu elə yumşaq və şirəli tikə idi ki, onu çeynəməyə heyfim gəldi. Tikəni dilim yana-yana sümürdüm. Aldığım daddan bihuş oldum.
- Necədi?
- Dəhşət.
- Atalar demişkən, kabab qanlı, igid canlı. Hələ indiyənə qədər heç kim mənim kababımdan narazı qalmayıb. Professorun bütün qonaqları çəkdiyim kababları tərifləyirlər. Ötən il Belçikada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Orda elə kabab çəkdim ki, hamı barmaqlarını yaladı. Belçikanın mədəniyyət naziri dedi ki, mən hələ ömrümdə belə dadlı yemək yeməmişəm. Görürsünüz, Seymur bəy, siz də elə yeri gəldi-gəlmədi bizim xalqı tənqid edirsiniz. Bizim mətbəximiz dünyanın ən dadlı mətbəxidi.Bizim təbiətimiz dünynın ən gözəl təbiətidi. Biz dünyanın ən qonaqpərvər xalqıyıq. Düzdü, mən Avropa dəyərlərini inkar etmirəm. Amma hər bir xalqın, hər bir millətin öz adət-ənənəsi, mentaliteti var. Biz Avropanın yaxşı cəhətlərini götürüb, pis cəhətlərindən imtina etməliyik. Hər yerin yaxşısı da var, pisi də. Problem, rüşvət hər yerdə var. Ona qalsa, avropalılar xaç yürüşlərindən əvvəl hamamın nə olduğunu bilmirdilər.Yeməkdən əvvəl əl-üzlərini yumurdular. Əl-üz yumağı bizdən öyrəndilər. Avropada antisanitariya baş alıb gedirdi. Şəhərlərdə kanalizasiya yox idi. Bit-birə adamları basıb yeyirdi. Biz özümüzə hörmət etməliyik. Əgər özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Avropa alimlərinin elmi kəşflərini müsəlman alimləri iki-üç əsr qabaq kəşf etmişdilər. Bir-iki nəfər avaraya görə bütün xalqı təhqir etmək olmaz. Mən tənqidin əleyhinə deyiləm, hətta deyərdim ki, sağlam tənqidin tərəfdarıyam. Niyə susmusunuz? - Xahiş edirəm, mümkünsə “sən” müraciətinə keçək. “Siz”lə danışanda səmimi ola bilmirəm. - Problem deyil. Necə istəyirsən, elə də danışaq. Mən öz xalqımı hər şeydən çox sevirəm. Yaxşısını da sevirəm, pisini də sevirəm. Mənim üçün öz xalqımın cinayətkarı başqa xalqın demokratından qiymətlidi. Mən doqquz iqlimli bir ölkədə yaşadığıma görə özümü dünyanın ən xoşbəxt robotu hesab edirəm. Harda oluramsa olum, hara gedirəmsə gedim, hər dəfə vətənimə qayıdanda təyyarədən düşüb ayaqlarımı vətən torpağına basanda, özümdən asılı deyil, kövrəlirəm. Diz çöküb, vətən torpağını öpürəm. Bəzən hönkür-hönkür ağlayıram. Məni düzgün başa düş, mən əsla tənqidin əleyhinə deyiləm. Tənqid lazımdır. Hətta vacibdir. Tənqid olan yerdə cəmiyyət inkişaf edir. Bizim klassiklərimiz Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Haqverdiyev də xalqı tənqid edib, amma onlar xalqı sevə-sevə tənqid ediblər. Onlar dini tənqid etməyiblər, onlar mövhumatı tənqid ediblər. - Robot bəy…
Robot bərk qəzəblənərək sözümü kəsdi:
- Mənə “bəy” demə. Zəhləm gedir “bəy” müraciətindən.
- Üzr istəyirəm. Bağışlayın. Bir də demərəm. .. Robot müəllim, tutaq ki, Mirzə Cəlil, Haqverdiyev, Mirzə Ələkbər Sabir xalqı sevə-sevə tənqid ediblər , amma bu o demək deyil ki, xalq da bu sevgidən sui-istifadə edib, qiyamət gününə qədər özünü pis aparsın.
- Xalqı tənqid etmək hüquna malik olmaq üçün nə isə bir həqiqətə inanmaq lazımdır. De görüm, sən nəyə inanırsan? - Artıq heç nəyə. - Görürsən, yazmaq, tənqid etmək asandı, amma cavab vermək çətindi.
Robot çox danışdı. “Danışdı” sözü bir az mədəni səslənir, “zəvzədi” desək daha münasib olar. “Mən bir robot kimi vətənimə və xalqıma xidmət etməkdən qürur duyuram, xalqımın mədəniyyətini, mətbəxini təbliğ etməkdən həzz alıram” deyəndə dözə bilmədim, özümə nəzarəti itirərək affekt vəziyyətində manqalın üstündəki şişlərdən birini götürüb (şişdə üç tikə ət vardı) robotun qarnına soxdum və nəticədə robot qatilinə çevrildim.