Qanunsuz həbslər getdikcə artır, cəzaçəkmə müəssələrində cəzası başa çamış məhbuslara qarşı qanunsuz hərəkətlərə yol verilir. Siyasi motivlərlə həbs edilənlərin əksəriyyəti vəkilsiz qalıblar.
Bu fikirlər Siyasi Məhbusları Müdafiə Mərkəzi və Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin oktyabrın 27-də Müsavat Partiyasının qərargahında keçirdiyi dinləmələrdə ifadə edilib. Müzakirələr "Ölkədə baş verən həbslər və həbsdə olan siyasi məhbuslara qarşı təhdidlər" mövzusunda olub.
Tədbirdə hüquq müdafiəçiləri, siyasi məhbusların ailə üzvləri, vəkillər, siyasi partiya təmsilçiləri iştirak ediblər.
İnsan hüquq və azadlıqları ilə bağlı ciddi hadisələrin baş verdiyini vurğulayan vəkil Osman Kazımov bir müddət Azərbaycanda gələndən sonra həbs edilən müsavatçı Azad Həsənova cinayət işi açılmasından danışıb. O, 2015-ci ildən ailəsi ilə bağlı Litvada yaşayan A.Həsənovun onkoloji xəstə olan atasına görə, ölkəyə geri döndüyünü və narkootik ittihamı ilə həbs edildiyini deyib.
Müsavatçının saxlanılmasının pozuntularla müşayət olunduğunu vurğulayan vəkil ümumilikdə polisin saxlanılan şəxslərə münasibətdə qanunda nəzərdə tutulan ən elementar qaydalara əməl etmədiyini vurğulayıb. Vəkili bunu pozuntulara yol verən polislərin cəzasız qalması ilə izah edib.
Hüquq müdafiəçisi Oktay Güləliyev isə ölkədəki vəkil çatışmazlığından bəhs edib.
"Azərbaycanda vəkil çatışmır, insanlar müdafiəçisiz qalıblar. Həbsdəki siyasi məhbuslarının əksəriyyətinin vəkili yoxdur. Kimsə deyə bilər ki, cəzaçəkmə müəssisəsində olanların vəkilə ehtiyacı yoxdur. Ancaq belə deyil, ehtiyacları var. Azərbaycan elə ölkədir ki, həbsdəkilərin hüquqları o dərəcədə tapdalanır ki, onların hər an vəkilə ehtiyacları var", - hüquq müdafiəçisi bildirib.
Onun sözlərinə görə, həbsdəki siyasi məhbus sayılan şəxslərin əksəriyyətinin səhhəti ilə bağlı problemləri var.
"Elə siyasi məhbuslar var ki, bədənlərində qəlpə gəzdirirlər. Humanistlikdən danışan hakimiyyət onların normal müalicə olunmasına imkan vermir", o, qeyd edib.
Müsavat Partiyası təmsilçisi Mustafa Hacıbəyli də son zamanlar həbslərin artdığını, qanunsuzluqların baş alıb getdiyini vurğulayıb. O, xarici ölkə səfirliklərindən də narazılıq edib, onların həbslərə səssiz qalmasından gileylənib.
Siyasi partiya təmsilçisi vurğulayıb ki, durumun dəyişməsi üçün aktiv insanlar, müxalif partiyalar effektiv çalışmalıdır.
"Mitinqlərin, etiraz aksiyalarının keçirilməsi vacibdir. Əvvəllər hər məhbus üçün müdafiə komitələri yaradılırdı, məsələ dabvamlı gündəmdə saxlanılırdı. Ancaq indi belə deyil. Siyasi qüvvələr mübarizəni gücləndirməlidir. Başqa yolu yoxdur", o, deyib.
Müzakirələrin yekununda ölkədəki durumun acınacaqlı olduğu vurğulanıb, siyasi qüvvələr, vətəndaş cəmiyyəti daha effektiv olmağa çağırılıb.