Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (Committee to Protect Journalists - CPJ) – “Qətlə görə cəzazıslıq” adlı yeni hesabatı açıqlanıb.
Bu hesabata habelə 2018-ci il üçün Qlobal Cəzasızlıq İndeksi (2018 Global Impunity Index) daxil edilib.
Hesabatda deyilir ki, jurnalistlərin qətlləri ilə bağlı ədalətsizlik dərin senzura mühitinin bərqərar olmasına şərait yaradıb.
On birinci ildir ki, dərc olunan hesabatda jurnalistlərin müntəzəm qətlə yetirildikləri və qatillərin azadlıqda qaldığı ölkələrin siyahısı verilib.
Bu da deyilir ki, bu siyahıdakı 14 ölkənin hamısı 2008-ci ildən bəri illik qaydada açıqlanan CPJ hesabatlarında yer alır.
CPJ bildirir ki, Rusiya və İranın prezident Assad-ı dəstəklədiyi Suriyada 18 jurnalistin qətli açılmamış qalır.
Pakistanda da açılmamış jurnalist qətllərinin sayı 18 olub. Rusiya üçün bu rəqəm 17-dir. Bu ölkələr cəzasızlıq reytinqində müvafiq olaraq 9 və 11-ci pillələri tuturlar.
Nyu Yorkda mənzillənmiş təşkilat bildirir ki, Pakistan, Rusiya, İraq, Filippin, Meksika və Hindistan hər il bu bədnam siyahıda görünür.
14 ölkədən qalanları Kolumbiya, Braziliya, Banqladeş və Nigeriyadır.
Bütün jurnalist qətllərinin dörddə üçü bu 14 ölkədə törədilib.
Siyahıya beş və daha artıq jurnalist qətli olmuş ölkələr daxil edilir.
Ötən onillik ərzində bütün dünya boyunca 324 jurnalist öldürülərək susdurulub. Bu qətllərin 85 faizini törədənlər cəzasız qalıb.
Son dörd ildə bu siyahıya Somali liderlik edir. Bu il Əfqanıstan da bu siyahıya qayıdıb. Bu ilin əvvəllərində intiharçı bir qrup jurnalisti hədəfləyib, 9 jurnalist həlak olub.
Kolumbiyada isə iddia olunduğuna görə narkotik maddə qaçaqmalçıları Ekvadorun xəbər heyətini oğurlayıblar. Onların hamısı Kolumbiya ərazisində qətlə yetirilib.
Somalinin ardınca ilk dörd yeri Suriya, İraq, Cənubi Sudan və Filippin tuturlar.
Cəzasızlıq İndeksi hər il noyabrın 2-də qeyd olunan “Jurnalistlərə Qarşı Cinayətlərə Son” beynəlxalq günü ərəfəsində açıqlanır.
CPJ hər hansı ölkədə açılmamış jurnalist qətllərinin sayının həmin ölkənin əhali sayına nisbətini əsas götürərək indeks rəqəmi çıxarır.
CPJ sözü gedən indeksi 2008-ci ilin 1 sentyabrı ilə 2018-ci ilin 31 avqustunadək olan müddətdə tərtib edib.