A.D. Saxarov adına “Hünərli jurnalistikaya görə” mükafatının münsiflər heyyəti həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlını “Mərdliyinə görə” Saxarov ordeninə layiq görüb.
Müsabiqə təşkilatçıları bu il Əfqan Muxtarlı da daxil olmaqla, söz azadlığı uğrunda fədakarlıq göstərən 22 jurnalist, bloger və şairləri bu mükafata layiq görüblər.
Mükafatın təqdimetmə mərasimi yanvarın 31-də Moskvada baş tutub. Əfqan Muxtarlı həbsdə olduğu üçün təqdimetmə mərasimində onun həmkarı Elmir Mirzəyev iştirak edib. Elmir Mirzəyev bildirib ki, bu fəxri mükafata yalnız 3 xarici jurnalist layiq görülüb.
“Əfqan Muxtarlıdan başqa özbəkistanlı jurnalist Ali Feruz və qazaxstanlı jurnalist Seyidqazı Matayev mükafata layiq görülüblər. Onlar da Əfqan Muxtarlı kimi, böyük fədakarlıq hekayəsi yaşayan jurnalistlərdir”, – Elmir Mirzəyev bildirib.
“Təqdimetmə mərasiminə Leyla Mustafayevanı dəvət etmişdilər. O, gedə bilmədiyi üçün mən iştirak etdim və mükafatı mənə təqdim etdilər. Orda çıxış etdim və Əfqanın mübarizə yolu haqqında danışdım” – Elmir Mirzəyev bildirib.
Qeyd edək ki, Əfqan Muxtarlı keçən il “Pavel Şeremet” adına beynəlxalq jurnalist mükafatına layiq görülmüşdü.
Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəraitdə Azərbaycana gətirilib. Ona qarşı Cinayət Məcəlləsinin üç maddəsi – 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb və barəsində 6 il müddətində həbs qərarı çıxarılıb.
Əfqan Muxtarlı ittihamları qəbul etməyərək həbsinin siyasi sifariş olduğunu bildirib.