Rusiyanın ABŞ-da 2016-cı il prezident seçilərinə müdaxiləsini araşdıran xüsusi nümayəndə Robert Müllerun ofisi Böyük Münsiflər Məhkəməsinin 13 rus və 3 Rusiya təsisatına qarşı ittiham irəli sürdüyünü açıqlayıb.
Onlara qarşı Amerikanın siyasi prosesləri və seçkilərinə müdaxilə ittihamları irəli sürülüb.
İttihamlara konspirasiya, bank və pulköçürmə fırıldaqçılığı, habelə şəxsi məlumatların oğurlanması daxildir.
İttihamnaməni Ədliyyə Nazirliyində açıqlayan Baş Prokuror müavini Rod J. Rozensteyn bu ittihamların insanların internetdə göründükləri kimi olmadığını bir daha xatırlatdığını vurğulayıb.
“Bu ittihamnamə hesab edir ki, rusiyalı konspiratorlar Birləşmiş Ştatlarda sosial ədavət yaratmaq və ictimaiyyətin demokratiyaya olan inamını sarsıtmaq istəyir. Biz onların müvəffəq olmasına imkan verməməliyik,” Rozensteyn bəyan edib.
Bundan əvvəl Müllerin araşdırmaları Trampın sabiq milli təhlükəsizlik müşaviri və sabiq seçkiqabağı kampaniyasının sədri də daxil olmaqla, 4 nəfəri ittiham etmişdi.
Ağ Ev hələlik ittihamnaməyə münasibət bildirməyib.
Cümə günü prezident Donald Trampın sabiq baş strateqi Stiv Bannonun bir neçə saat ərzində xüsusi prokuror Robert Müller tərəfindən dindirildiyi bildirilib.