"Biz hələ bu işin ilkin mərhələsindəyik. Amma, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var".
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində ABŞ tərəfdən müşahidəçilərin olub-olmayacağı barədə suallna cavabda bildirib.
Səfir ABŞ dövlət katibinin köməkçisinin müavini Bricet Brinkin Azərbaycanda səfərdə olarkən seçkilərlə bağlı müəyyən fikirlər səsləndirdiyini xatırladıb.
"Mən isə bizim dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq", səfir qeyd edib.
Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.