Axtarışda olan Türkiyə vətəndaşı Ayhan Seferoğlu fevralın 8-də Bakıda həbs olunsa da, 19-da azadlığa buraxılıb.
Amma həbsdən buraxılması haqda qərarın elanından dərhal sonra elə Nərimanov Rayon Məhkəməsinin binasında bir neçə nəfər onu saxlayıb, naməlum istiqamətə aparıb. Türkiyə mətbuatının bu haqda yaydığı xəbəri Ayhan Seferoğlu-nun vəkili Zaur Niftəliyev də təsdiqləyib.
Türkiyə mediası A.Seferoğlu-nun ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-lə əlaqələrdə suçlandığını yazır. Həbsdən buraxılması haqda Nərimanov Rayon Məhkəməsinin qərarında onun konkret nədə suçlandığı yazılmasa da, bildirilir ki, A.Seferoğlu Ankara 2-ci Sülh Cəza Hakimliyinin 5 yanvar 2018-ci il tarixli həbs qərarı əsasında axtarışa verilib. 1973-cü il təvəllüdlü A.Seferoğlu Azərbaycanın Ağdaş rayonunda qeydiyyatdadır. "Türk-Baycan" şirkətində işləyən Seferoğlu Bakıda, Nərimanov rayonunda yaşayırdı.
Prokuror müavininin müraciətindən sonra
Türkiyənin Milli İstihbarat Təşkilatının nümayəndələri A.Seferoğlu haqqında həbs və axtarış qərarlarının surətlərini Azərbaycanın səlahiyyətli orqanlarına təqdim edərək, onun saxlanılıb Türkiyəyə təhvil verilməsini istəyiblər. Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb, elə həmin gün də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 40 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Doqquz gün sonra – fevralın 17-də Baş prokurorun birinci müavini Rüstəm Usubov Nərimanov Rayon Prokurorluğuna müraciət edərək, A.Seferoğlu haqqında həbsin ləğvi üçün məhkəməyə təqdimat verilməsini istəyib. Usubov müraciətində göstərib ki, Seferoğlu azadlıqda qalsa belə, hüquq-mühafizə orqanlarının çağırışlarından yayınmayacaq, onun ölkədə daimi yaşayış yeri var.
Nərimanov rayon prokuroru Vüqar Əliyev bu müraciətdən sonra məhkəməyə təqdimat göndərib. Fevralın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyev həmin təqdimata baxıb.
Məhkəmədə Nərimanov rayon prokurorunun köməkçisi Elfanə Bayramova çıxış edib. Təqdimatın dəlillərini müdafiə edən prokuror köməkçisi çıxışının sonunda A.Seferoğlu haqqında həbs-qətimkan tədbirinin ləğv olunmasını istəyib.
Məhkəmədə A.Seferoğlu özü də iştirak edib. Onun vəkili isə Zaur Niftəliyev olub. Hər ikisi prokurorun təqdimatını müdafiə ediblər.
"Avtomobilə mindirib apardılar"
Hakim A.Seferoğlu-nun Azərbaycanda daimi qeydiyyat və yaşayış yerinin olmasını, şəxsiyyətini və digər halları nəzərə alaraq, təqdimatı təmin edib. Seferoğlu məhkəmə zalından azadlığa buraxılıb.
Həbsdən buraxılandan bir neçə dəqiqə sonra da yoxa çıxıb. Vəkili Z.Niftəliyev deyir ki, müvəkkili həbsdən buraxılandan sonra Penitensiar Xidmətin əməkdaşları sənədləşmə işləri ilə əlaqədar onu özləri ilə məhkəmənin alt mərtəbəsinə aparıblar:
"Penitensiar Xidmətin nümayəndələri dedilər ki, aşağıda paltarları var, həm də buraxılması məsələsi aktlaşdırılmalıdır. Məsləhət gördülər ki, məhkəmənin girişində gözləyək, gələcək. Biz də gözləyirdik. Artıq məhkəmə həbsdən buraxılması haqda qərar çıxarmışdı, başqa nə ola bilərdi ki?!".
Vəkilin sözlərinə görə, bir xeyli gözləsələr də, gəlib çıxmayıb. Sonra oradakı yoldaşlardan biri deyib ki, Ayhan-ı avtomobilə mindirib apardılar.
"Kim apardı, hara apardı, necə apardı, bizim xəbərimiz olmadı. Bildiyimiz odur ki, mülki avtomobil olub", – vəkil bildirib.
Müdafiəçi ehtimal edib ki, xarici ölkə vətəndaşı olduğu üçün onu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları aparıb. Elə həmin gün A.Seferoğlu-nun həyat yoldaşı və digər qohumları Miqrasiya Xidmətinə müraciət etsələr də, onlara belə şəxsin gətirilmədiyi cavabı verilib.
"İstanbul polisində saxlanır"
Vəkil A.Seferoğlu-nun yoxa çıxmasıyla əlaqədar Daxili İşlər Nazirliyinin «102» xidmətinə də müraciət edib:
"Hadisə məhkəmədə olub. Məhkəmə də Nərimanov rayonu, 18-ci polis bölməsinin ərazisinə düşür. Mənim müraciətimdən sonra həyat yoldaşı bölməyə çağrıldı, Ayhan-ın yoxa çıxması haqda orada izahat verdi".
A.Seferoğlu-nun həyat yoldaşı Fidan Seferoğlu Meydan TV-yə deyib ki, hadisədən bir müddət sonra tanımadığı nömrədən mesaj gəlib və ona Ayhan-ın yeri barədə məlumat veriblər:
"Dedilər ki, o, İstanbul polisində saxlanılır. Yoldaşım həmin adamdan xahiş edib ki, mənə məlumat versin. Amma Ayhan-ın xarici pasportu evdədir".
Türkiyə mediası A.Seferoğlu ilə yanaşı, Erdoğan Taylan adlı başqa bir vətəndaşın da eyni aqibətlə üzləşdiyini yazır. Bu xəbəri Seferoğlu-nun həyat yoldaşı da təsdiqləyib:
"Allah xatirinə, yardım edin. Üç övladım hazırda pərişandır. Erdoğan qardaşımızın da dörd övladı var. Onlar da eyni vəziyyətdədirlər".
E.Taylan haqqında qərarın Binəqədi Rayon Məhkəməsində çıxarıldığı və onun da həbsdən buraxılandan dərhal sonra yoxa çıxdığı bildirilir.
Ankara Gülen-i Türkiyədə 2016-cı il uğursuz çevriliş cəhdinin təşkilində ittiham edir, Birləşmiş Ştatlardan ekstradisiyasını istəyir. Gülen-sə bu ittihamları rədd edir. Həmin çevriliş cəhdindən sonra Türkiyədə minlərlə adam həbs olunub, yaxud işdən çıxarılıb. Prezident Recep Tayyip Erdoğan-ın tənqidçiləri onun bu yolla hakimiyyətindən narazıları susdurduğunu deyir.