Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə davam edib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Habil Vəliyev bildirib ki, ittihamların əsassızdır:
"Məni tutanlar da iqtidardı, siz də iqtidarsız, mən də iqtidaram. Mən buna təəssüf edirəm".
H.Vəliyev ömrünü bu hakimiyyətin yoluna qoyduğunu, İlham Əliyevin siyasi kursunu həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini deyib:
"İstintaq dövründə, məhkəmə də gördük ki, yazılanların hamısı cəfəngiyyatdır. Gördüyünüz kimi heç bir ittiham sübuta yetirilmədi. Mən hər zaman əxlaqsızlıq yuvalarına qarşı mübarizə aparmışam. Mən cinayətkar deyiləm. Seçki Komissiyasının üzvü olmuşam. İki deputat, prezident, bələdiyyə seçkiləri keçirmişəm. YAP təşkilat şöbəsində iştirak etmişəm. Özümü bu ölkədə iqtidar saymışam. Rüşvət almamışam. Müharibə veteranıyam. Bu ölkənin torpaqlarının qorunmasında iştirak etmişəm. İttihamların heç birinin mənə adiyyatı yoxdur".
O, Dövlət Təhlükəsizlik Xidmətinin işini də tərifləyib:
"Onlar çox yaxşı çalışır. Nə olsun ki, məni həbs ediblər?!"
Bununla da məhkəmə istintaqı başa çatdırılıb. Növbəti iclas fevralın 27-ə təyin edilib. Həmin gün prokuror çıxış edəcək.
H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.
DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Əliyevdən ayrılıb.
Hazırda məhkəmə qarşısına çıxarılan Habil Vəliyevlə Surxay Əliyevin rəhbərlik etdiyi qəzetlər 2011-ci ildə Mətbuat Şurasının “qara siyahı”sına salınıb və “reket qəzetlər” elan olunub. 2014-cü ildə isə həmin siyahıdan çıxarılıb. Hər iki şəxs 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak edib.
2016-cı ildə isə onlar yenidən “reket jurnalist” kimi DTX tərəfindən həbs ediliblər