Bir “türkçü-türkoloqla” bir “politoloqun” birgə qulluq trayektoriyası - Xaliq Bahadır

Bir “türkçü-türkoloqla” bir “politoloqun” birgə qulluq trayektoriyası - Xaliq Bahadır
23 Fevral 2018
Mətni dəyiş

Xaliq Bahadır

Bizdə “Deportasiya qurbanları” adında “İctimai Birlik” varmış. Birliyin də başında Eldar Namazov adında bəlli bir “politoloq” dururmuş. E.Namazovun olduqca ilginc siyasi biqoqrafiyası var. O, AXC yeni yarananda “cəbhəçi” olub. Bir qonuşmasında lağla dediyinə görə, onu özü də bilmədən AXC postuna qaldırıbmışlar. E.Namazov o çağlar nəyə görəsə o cəbhəçilərin “özbaşınalığına” təpkisiz qalıb. Sözsüz, o çağlar (AXC-nin güclü çağlarında) E.Namazova elə gərəkmiş. E.Namazov Cəbhə hakimiyəti devriləndən sona H.Əliyevin köməkçisi oldu. Keçmiş əməliyatçı KQB generalı olaraq kadrları seçib yerləşdirən H.Əliyev, görünür, çox yaxından tanıyıb inandığı, bel bağladığı, ürək qızdırdığı üçün “cəbhəçi” E.Namazovu azacıqsa da quşqulanmadan özünə köməkçi götürüb. E.Namazov H.Əliyevin Qarabağ siyasəti ilə “barışmazlıq” sərgiləməklə əliyevçi hakimiyətdən “uzaqlaşıb”. Bundan sonra o, demək olar, biradamlıq “El hərəkatını” yaradıb. .. Bu gün ortada dördüncü prezidentliyə yiyələnmə çalışmaları sürdürülməkdədir. E.Namazov yenə öndədir. Onun başında durduğu yeni qurum – “Deportasiya qurbanları” İctimai birliyi” yığncaq keçirib İ.Əliyevin prezidentliyini dəstəkləyəcəyini bildirdi. E.Namazovun bu faktla bağlı açıqlaması adamın qaranlıq siyasi bioqrafiyasını aydınlatmaq-anlatmaq baxımından önəmli qaynaq rolunu oynaya bilər. E.Namazovun dediyinə görə, onlar “seçki prosesinə” qarışmağı ağıllarına belə gətirmirmişlər: eləcə “Ermənistandan” qovulmuş doğmalarını – “Deportasiya qurbanlarını” yada salıb bir az ağlaşmaqla ürəklərini boşaltmaq istəyirmişlər. Ancaq, sən demə, BDU-nun keçmiş müəllimi, AXC hakimiyətində Baş nazirin müavini, Təhsil naziri olmuş “türkçü-türkoloq” Firudin Cəlilovun eləcə də “Birlik” üyəsi olan bir çox “Qərbi Azərbaycanlı ziyalıların” ürəyi bütünlüklə başqa, E.Namazovun bilmədiyi axarda, doluymuş. “Gözlənilmədən” İ.Əliyevi “dəstəkləməyə” yönəlik uzun-uzadı, olduqca dərin anlamlı, strateji uğurlarımıza yönəlik çıxışda bulunan Firudin Cəlilov elə bil E.Namazov başda olmaqla hamının yuxusuna daş atıb. F.Cəlilovun Vətən yanqısına bütünmüş odlu-alovlu çıxışının etkisiylə “yuxudan” ayılmış “Qərbi Azərbaycanlılar” qalxıb görüblər ay dadi-bidad, hakimiyət.., bağışlayın, Vətən əldən gedir! Ondan sonra hamı bir-birinin ardınca tribunaya çıxıb Vətəni əldə saxlamaq üçün İ.Əliyevi dördüncü, beşinci, çağı çatanda lap altıncı, yeddinci.., onuncu yol hakimiyətdə saxlama gərəyindən danışıb. Sonda, lap sonda E.Namazov da “Qərbi Azərbaycan” xalqının səsinə səs verməli olub. Bildiyiniz kimi (ola bilsin, bilmədiyiniz kimi), demokratiyanın belə incəlikləri var: çoxluq nə deyirsə, sən də onu deməlisən – sözsüz, başdaduran olaraq çoxluq sənin ürəyindəkini, sənin öncədən dediklərini, dodaqaltı çatdırdıqlarını dilə gətirirsə. Burada yazdıqlarımızın göydən asıla qalmamasından ötəri, İ.Əliyevin köməkçisi Əli Həsənovun Beynəlxalq Mətbuat Mərkəzində keçirilən bəlli yığıncsqla bağlı yayılmış informasiyaya baxaq: “Yekun məruzə ilə tanınmış alim-türkoloq, professor Firudin Cəlilov çıxış edib. O, ölkəmizin çətin bir dövrdə inkişaf etdiyini, regional münaqişələrin ətrafımızda cərəyan etdiyini və bu münaqişələrin, xüsusən İsrail-İran münaqişəsinin sərhədlərimizə yaxınlaşma tendensiyasını vurğulayıb. Eyni zamanda, erməni millətçiləri tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində Qarabağda hərbi əməliyyatların bərpa edilməsi ehtimalının yüksək olduğunu nəzərə çatdırıb: “Qeyd olunanlar hamısı bizdən xüsusi sayıqlıq, ümummilli birlik, cəmiyyətin və dövlətin səylərini birləşməsini tələb edir”. Firudin Cəlilov bu çətin geosiyasi şəraitdə daxili sabitliyin təmin edilməsi naminə hazırkı prezident İlham Əliyevin namizədliyini qarşıdakı prezident seçkilərində dəstəkləməyə çağırıb. Müzakirələr zamanı danışan Qaçqınlar cəmiyyətin sədr müavini Cümşüd Dərələyəzli , “Deportasiya“ birliyinin idarə heyətinin üzvləri Nurəddin Osmanlı və keçmiş baş prokuror Əli Ömərov da qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməyi vacib sayıblar. Yayılan bu xəbərlə bağlı dəqiqləşdirmə üçün musavat.com-un əməkdaşı, Birliyin sədri Eldar Namazovla əlaqə saxlayıb. Eldar Namazov bildirib ki, rəhbərlik etdiyi “Deportasiya” İctimai Birliyinin bir neçə tanınmış üzvləri İlham Əliyevin namizədliyinin müdafiə olunması ilə bağlı öz fərdi mövqelərini çıxışlarında ifadə ediblər: “Biz toplantı barədə media üçün yaydığımız press-relizdə üç məsələyə baxıldığı qeyd olunub. Birincisi deportasiyanın ildönümü ilə bağlı məruzə, ikincisi hörmətli şairimiz Vahid Əzizin sözlərinə yazılmış mahnının videoklipin təqtdimatı, üçüncüsü ölkədə yaranmış durum, görüləcək işlərlə bağlı məruzə. Həmin məruzələri dinlədik, müzakirələr keçirdik. Firudin müəllimin məruzəsində İlham Əliyevin dəstəklənməsi çağırışı oldu. O, əsaslandırdı ki, hansı arqumentlərlə bu təklifi irəli sürür. Müzakirələr zamanı bir neçə ziyalımız da bu təklifi dəstəklədilər. Biz hamının mövqeyinə hörmətlə yanaşaraq bu fikrilərin hamısını öz press-relizimizdə əks etdirdik və yaydıq. Təbii ki, bu, seçkiqabağı yığıncaq deyildi. Bu, növbəti iclaslardan biriydi. Bizim qərarımız var ki, yaxın zamanlarda bu cür silsilə tədbirləri davam etdirək. Hər bir ziyalıya da öz mövqeyini ifadə etmək üçün şərait yaradacağıq. O ki, qaldı seçki ilə bağlı mənim şəxsi mövqeyimə, mən bu yaxınlarda bəyan etmişəm ki, seçkilərin nəticəsi mənim üçün bəllidir və dəyişiklik olmayacaq, İlham Əliyev prezident seçiləcək. Məni daha çox maraqlandıran seçkidən sonra olan proseslərdir – islahatlar necə gedəcək, olacaqmı, Qarabağ məsələsində hansı addımlar atılacaq? Bu kimi məsələlər mənim üçün daha çox önəmlidir”. F.Cəlilov “ölkəmizin çətin bir dövrdə inkişaf etdiyindən” danışıb. Gerçəklikdən danışmayıb, gerçəklik isə belədir: az bir arada ölkəmizə təkcə neftdən 150 milyard dan artıq pul gəlib; ölkənin başqa gəlirləri kimi o pullar da mənimsənib, ofşor zonalara ötürülüb, dağıdılıb, göyə sovrulub; “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 70 milyardadək pul tökülməsinə baxmayaraq, bütün Azərbaycan rayonları bu gün bütünlüklə dotasiyadadır, xalq ac-yalavacdır; dolanışıq dözülməzliyindən durmadan ailələr dağılır, özünüöldürmə faktları getdikcə günün başlıca statistikasına çevrilir, ölkə dönməz ardıcıllıqla yoxluq-yolsuzluq, umudsuzluq, çıxılmazlıq, güvənsizlik qaranlığına gömülür; İ.Əliyevin 15 illik hakimiyəti boyunca böyük hay-küylə işə saldığı zavod-fabriklərin biri də işləmir; doğal resursları aşıb-daşan Azərbaycanda əməyin dəyəri doğal resurslardan yoxsul Gürcüstanda “Ermənistan”da olduğundan qat-qat aşağıdır; Gürcüstan kimi oğurluq-korrupsiya içində batıb-getmiş bir ölkəni gənc lider M.Saakaşvili 5 ildə (beş ildə!) doğru-düzgün, durmadan gəlişib çiçəklənən bir ölkəyə çevirdi; Əliyevlərin 25 illik hakimiyətləri boyunca Azərbaycanda rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya DÖVLƏTSYASƏTİNƏ dönüşdürülüb; Sağlamlıq, Təhsil sistemi dağıdılıb, az bir arada 20 minə yaxın tələbə təhsil pulunu verə bilmədiyi üçün… tələbəlikdən uzaqlaşdırılıb. “Alim-müəllim-təhsil xadimi”, sizlər bu ölkəni hara sürükləyirsiz?! Sizin yalan yerə önə çəkdiyiniz Qarabağ sorununa gəlincə, çox gözəl bildiyiniz kimi, bütünlüklə Rusiyaya bağlı (“strateji müttəfiq”) bir hakimiyət bu sorunu çözməz, çözəməz! Uğurla başlayan, Moskvanın göstərişiylə uğursuzluqla sonuclanan Aprel (2016) döyüşləri parlaq bir görk olaraq ortada deyilmi?! Bütün bu göstərilənlərin sonucu olaraq, Azərbaycan bu gün bütünlüklə DEPRESSİYA DEPORTASİYASINA uğramış durumdadır! Çıxış yolu birdir: indiki uğursuz politik, ekonomik sistemdən daşınmaq! İndiki hakimiyətin ilkələri (ayır – buyur! parçala – ağalıq et!) ilə bir araya sığmayan “ümummilli birlikdən” danışmaq da yalandır, xalqı aldatmağa çalışmaqdır. Bu bir aksiomdur: milli ideya olmayan yerdə milli birlik ola bilməz. Əliyevlər hakimiyəti bütünlüklə nilli ideyadan uzaq hakimiyətdir. Bir xalq, bir ölkə, bir dövlət olaraq bizi yalnız ulusal-milli ideya birləşdirə bilər. Adını “türkçü-türkoloq” qoymuş bir kimsə də ulusal (milli) ideyadan çox-çox uzaqdırsa, onda hansı “ ümummilli birlikdən” danışmaq olar?! Yenə sözümün göydən asıla qalmaması üçün bir fakt. Bir çox illər oncə qəzetlərin birində “türkçü-türkoloq” F.Cəlilovla qonuşma çıxmışdı. Qonuşmanın bir yerində o deyirdi: “Biz ermənistanlılar Azərbaycanda 4 milyon yarımıq, bizə kimsənin gücü çatmaz”. Mənсə, BİZ – AZƏRBAYCANLILAR! – yerinə, ”biz ermənistanlılar” kimi baxışların bizi yalnız çıxmaza sürükləyə biləcəyini anlamaq üçün böyük düşüncə yiyəsi olmaq gərəkmir! Ölkədə ÖZÜL kimliyi – Türk kimliyini danan bir rejimə arxa durmağln ən böyük əskikliyi onun “türkçü-türkoloq alim” adı altında edilməsidir! Korrupsioner dövlətlə o dövlətin soyub-yağmalama yoluyla diz çökdürdüyü bir “cəmiyətin səylərini” necə birləşdirmək olar? Ortada korrupsioner dövlət hakimiyətinin yaratdığı dərin bir uçurum var. Bu uçurumun aradan qalxması yalnız SİYASİ SİSTEMİN kəsinliklə dəyişib demokratikləşməsi yoluyla ola bilər! 25 illik hakimiyətləri boyunca ölkəni demokratiyadan diktaturaya gətirib çıxaranların belə bir dəyişikliyə gedə biləcəkləri olsa-olsa, söyləncə söyləmələr olar… “Məni daha çox maraqlandıran seçkidən sonra olan proseslərdir – islahatlar necə gedəcək, olacaqmı, Qarabağ məsələsində hansı addımlar atılacaq? Bu kimi məsələlər mənim üçün daha çox önəmlidir”. Bildiyiniz kimi, bunu indiki qərar açıqlamasında “politoloq” E.Namazov deyib. Burası “politoloq” adına yaraşmayan yanaşma olduğundan sözü dırnaqda yazmaq gərəyi yaranır. Ortada 25 illik bir görkü (praktika) varkən, indilikdə ortaya iki versiya çıxır: 1) sən gerçək politoloq deyil, qondarma politoloqsan; 2) bilərəkdən yalan danışırsan. Gerçək politoloqsansa, son 25 illik dönəmi analiz etməklə, ən azı, yaxın 7 illə bağlı uyğun proqnoz verə bilərsən. Sənin belə bir proqnozun yoxdursa, onda yalan danışırsan: sənin üçün önəmlisi İSLAHAT, QARABAĞ-zad deyil, sonadək bu rejimə – Azərbaycan üçün uğursuzluq rejiminə qulluq etmək, yarınmaqdır!

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun