Praqada ötən həftəsonu saxlanmış, Suriya kürd icmasının tanınmış lideri azadlığa buraxılıb.
Praqa Bələdiyyə Məhkəməsi fevralın 27-də Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri Salih Muslim-in buraxılmasına dair qərar çıxarıb. Türkiyə onun ekstradisiyasını istəyirdi.
Muslim-in onlarla tərəfdarı məhkəmə qarşısına toplaşaraq onun buraxılmasını tələb ediblər. Fevralın 26-da Praqada 200-dək adam oxşar nümayiş keçirmişdi.
Muslim fevralın 24-də Türkiyənin Interpol-a verdiyi sorğu əsasında saxlanıb.
Türkiyədə Muslim-ə “dövlətin və ölkənin birliyini pozmaq” və digər ittihamlar irəli sürülüb.
Türkiyə PYD-nı “terrorçu qrup” sayır.
67 yaşlı Muslim PYD həmsədrliyindən ötən il istefa verib, amma partiyada nüfuzu böyükdür.