Apellyasiya Məhkəməsinin də praktik hüquqşünasların Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı iddiası üzrə rədd qərarı verdiyi bildirilir.
Bu haqda «Turan» agentliyinə iddiaçılardan hüquqşünas Samirə Ağayeva məlumat verib.
Keçən il noyabrın 18-də hüquqşünaslar Bakıda mitinq keçirmək istəsə də, şəhər rəhbərliyi aksiyanın keçirilməsinə icazə verməmişdi.
Hüquqşünaslar əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, BŞİH-in qərarının qanunsuz sayılmasını istəmişdi. Ancaq məhkəmə iddianı mümkünsüz saymışdı. Məhkəmə qərarında deyilirdi ki, BŞİH-ə müraciət edən üç təşkilatçıdan biri sənədə imza atmayıb.
S.Ağayevanın deməsinə görə, bu gün, fevralın 15-də olan məhkəmədə BŞİH-in nümayəndəsi də iştirak edib. Hüquqşünaslar ondan xahiş ediblər ki, BŞİH-ə göndərilmiş müraciəti məhkəməyə təqdim etsin.
S.Ağayevanın bildirməsinə görə, məhkəmə müraciəti hər üç təşkilatçının imzalamasına əmin olsa da, apellyasiya şikayətini təmin etməyib.
Mübahisə üzrə hüquqi prosedurlar davam etdiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətini hüquqşünaslar Xalid Bağırov, Namizəd Səfərov və Samirə Ağayeva məhkəməyə verib.