Adları hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına daxil edilən iki nəfərin həbsdən azadlığa çıxdığı bildirilir.
Bu haqda Siyasi Məhbusların Müdafiə Mərkəzindən bildiriblər.
Məlumata görə, azadlığa çıxanlar Aydın Səfərli və Sirac Rəhimovdur. Onların həbs müddətləri başa çatdığından buraxıldığı deyilir.
Mərkəzdən bildirildiyinə görə, azadlığa çıxanlardan A.Səfərli 2016-cı ilin yanvarında Siyəzəndə unun və başqa məhsulların qiymətlərinin artımına etiraz edənlərdən olub. Onu 2 il müddətinə azadlıqdan məhrum edildiyi və bu il fevralın 22-də sərbəst buraxıldığı bildirilir.
İkinci azad edilən şəxsin isə S.Rəhimov olduğu deyilir. Mərkəzin açıqlamasına görə, o, 2015-ci ildə Mingəçevir şəhərində həbs edilib. Həmin vaxt Mingəçevirdə polis şöbəsində müəmmalı ölüm hadisəsinə etiraz aksiyası keçirilmişdi. Prokurorluq baş verənləri iğtişaş kimi qiymətləndirib və mitinqdə iştiraka görə 22 nəfər saxlanıb. Onlardan 16-sı 10-12 sutkalıq həbs cəzası alıb. Qalanları isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. S.Rəhimov da onlardan biri olub. Onun isə fevralın 25-də həbsxanadan buraxıldığı bildirilir.