Fevralın 16-da Qaradağ Rayon Məhkəməsinin səyyar iclasında AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət qanunvericiliyinə dəyişikliklərlə bağlı müraciətinə baxılıb.
Bu barədə Turan-a onun oğlu Turan İbrahim bildirib.
M.İbrahim CM-in 221.2.2-ci (polisə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə 3 il azadlıqdan məhrum edilib. O vaxt həmin maddə üzrə maksimum cəza 5 il olub.
Lakin 2017-ci ilin sonlarında CM-ə düzəlişlər edilib və bu maddə üzrə cəzanın yuxarı həddi 4 ilədək azaldılıb. Bunu nəzərə alaraq, M.İbrahim cəzasına yenidən baxılmasını xahiş edib. Ancaq hakim Ceyhun Hadıyev müxalifətçinin xahişini təmin etməyib və hökmü dəyişməyib.
Cəzasının 1/3 və ½ hissəsini çəkmiş İ.Məmməd bundan öncə də cəzasının yumşaldılması və məntəqə tipli koloniyaya köçürülməsi barədə müraciət edib. Ancaq bu vəsatətlər təmin edilməyib.
Hüquq-müdafiə təşkilatları M.İbrahimi siyasi məhbus kimi tanıyıblar.