İqtisadçı alim Qubad İbadoğlu məmurlardan birinin istifadəsində olan avtomobilin qiymətini, ölkədə həll oluna biləcək digər problemlərlə müqayisə edib.
Abzas.net xəbər verir ki, iqtisadçı həmin Mercedes–Benz S Class avtomobilin fotosunu öz "Facebook" səhifəsində paylaşıb.
Avtomobilin qiyməti 103 illik maaşa bərabərdir
Qubad İbadoğlu bildirib ki, üzərində AA seriyası olan bu maşının qiyməti olduqca bahadır:
"Şəkildə gördüyünüz super avtomobilin modeli Mercedes–Benz S Class olsa da Brabus şirkəti tərəfindən xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. Sahibinin və ya istifadəçisinin kim olmasını bilmirəm. Bilən varsa yazsın maraqlı olardı. Yalnız onu deyə bilərəm ki, nömrə nişanına görə bu xidməti avtomobil Azərbaycan Respublikasının icra hakimiyyətinə məxsusdur və Bakıda dövlət qeydiyyatından keçib. Onu da əlavə edim ki, avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır. Bu avtomobilin yalnız fabrik satış qiymətini ödəmək üçün hazırkı məzənnə və orta aylıq əmək haqqı ilə ən azı 103 il, minimum əmək haqqı ilə 416 il işləmək lazımdır".
[caption id="attachment_2846" align="aligncenter" width="1280"] Qubad İbadoğlu[/caption]Gömrük rəsmiləşdirilməsi 287 min manat təşkil edir
İqtisadçının sözlərinə görə, bu avtomobilin gömrükdə rəsmiləşdirilməsi də demək olar ki avtomobilin yarı qiymətinə başa gəlir:
"Yeri gəlmişkən onu da qeyd edim ki, istismar müddəti 1 ildən az olan belə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün büdcəyə 287 min 695 manat 72 qəpik aksiz və əlavə dəyər vergisi də daxil olmaqla cəmi gömrük rüsumları ödənilməlidir. Görəsən bu maşını idxalı zamanı büdcəyə ödəniş olubmu?"
Bir maşının pulu 18 min məcburi köçkünün 1 aylıq müavinətinə bərabərdir
Sonda Qubad İbadoğlu bu avtomobilin məbləğini həll oluna biləcək digər problemlərlə müqayisə edib:
Bu avtomobilin yalnız zavod dəyəri ayrı-ayrılıqda dövlətin 18 min 55 məcburi köçkünə 1 ay ərzində yaşamaq üçün verdiyi müavinətin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 11 min 818 uşağın qəyyumlarına verdiyi birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud olan 18 yaşadək 6 min 784 uşağa ayırdığı aylıq sosial müavinətin, 3 min 163 pensiyaçıya ödədiyi orta aylıq təqaüdün məbləğinə bərabərdir. Nəzərə alın ki, bu hesablama yalnız 1 avtomobilin dəyəri üzərində qurulub. Heç şübhə etmirəm ki, Azərbaycanın dövlət orqanların bu səviyyədə, hətta ondan da bahalı avtomobillər onlarladır".
Əlilliyə görə sosial müavinətin 5 manat qalxdığı ölkədə...
"Bu qədər israfçılığa rəvac verən, məmuru 650 min manat zavod dəyəri olan xidməti avtomobildə gəzən prezidentin son fərmanı ilə yaşa görə aylıq sosial müavinəti 6 manat 60 qəpik, əlilliyə görə aylıq sosial müavinəti 5 manat 45 qəpik, ailə başçısını itirməyə görə aylıq sosial müavinəti 6 manat 10 qəpik, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların aylıq sosial müavinətini 7 manat 40 qəpik artırılmasını nə dərəcədə ədalətli hesab etmək olar?", - deyə, iqtisadçı bildirib.