Fevralın 26-də BMT-nin İnsan Haqları Şurası 37-ci illik iclasına başlayır. İclasda İranın ədliyyə naziri də çıxış edəcək, halbuki o, Avropa Birliyi və sessiyanın keçirildiyi İsveçrənin sanksiyası altındadır.
Tədbirdə 100 ölkə və beynəlxalq qurum liderlərinin üçgünlük sammiti planlaşdırılır. Martın 23-dək davam edəcək sessiya Cenevrənin Palais des Nations sarayında keçiriləcək.
Tənqidçilər iranlı nazir Alireza Avayi-nin sessiyada çıxış planlaşdırmasını tənqid ediblər.
Çıxışla eyni vaxta etiraz planlaşdırılır
Avropa Birliyi və İsveçrə ona maliyyə sanksiyaları qoyublar, Avayi-nin Tehranın baş prokuroru vəzifəsində ikən “insan haqları pozuntuları, qanunsuz həbslər, məhkumların hüquqlarının pozulması, edamların artması üçün məsuliyyət daşıdığını” bildirirlər.
“Avayi-yə İnsan Haqları Şurasında çıxış etməyə icazə verilməsi biabırçılıqdır, BMT-yə, onun insan haqları mexanizmlərinə rişxənd edilməsidir”, – Parisdə mənzillənən İran Milli Müqavimət Şurasının üzvü Shahin Gobadi deyib.
“Bu baş verməməlidir, Avayi ölkəsində son etirazların qəddarcasına yatırdılması üçün məsuliyyət daşıyır”, – o, “Frans Pres” agentliyinə emailində yazıb.
Gobadi-nin sözlərinə görə, Avayi-nin çıxışıyla eyni vaxtda, fevralın 27-də BMT-nin Cenevrədəki qərargahında etiraz planlaşdırılır.
İranın müxalifət qrupları Avayi-nin 1988-ci ildə siyasi məhbusların qətlində də əsas rol oynadığını iddia edirlər.
İnsan Haqları Şurasının sözçüsü Rolando Gomez fevralın 23-də deyib ki, iclasda kimin çıxış etməsinə üzv ölkələr özləri qərar verirlər.
AB-nin Avayi-yə sanksiyaları çərçivəsində onun qurum üzvlərinə səyahəti əngəllənir, AB ərazisində hesabları dondurulur. AB üzvü olmayan İsveçrənin qoyduğu sanksiyaları ancaq maliyyə sahəsindədir.