Əfqan Muxtarlı: "Mən İlham Əliyevin sifarişi ilə həbs olunmuşam"

Əfqan Muxtarlı: "Mən İlham Əliyevin sifarişi ilə həbs olunmuşam"
2 Mart 2018
Mətni dəyiş

Martın 2-də Şəki Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, jurnalist Ə.Muxtarlının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Şikayət Ə.Muxtarlının 6 il azadlıqdan məhrum edilməsinə dair Balakən Rayon Məhkəməsində çıxarılmış hökmdən verilib.

"Mən istər Azərbaycanda olanda, istərsə də Gürcüstanda yaşadığım müddətdə Əliyevlərin korrupsiyası barədə silsilə jurnalist araşdırmalarım olub. Məhz həmin araşdırmalara görə də cəzalandırılmışam...".

Bu sözləri Əfqan Muxtarlı məhkəmədə deyib.

Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası jurnalistin şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasına qərar verdiyindən, bugünkü məhkəmədə Ə.Muxtarlının özünə də ifadə vermək imkanı yaranıb. O, birinci instansiya məhkəməsindəki qədər geniş ifadə verməsə də, necə tutulması və həbsinin səbəbləri haqda qısa danışıb:

"Məni Gürcüstandan oğurlayıb gətiriblər. Azərbaycan hökuməti bu işi həyata keçirməmişdən əvvəl təbii ki, Gürcüstan tərəfi ilə razılaşıb. Bizimkilər məni oğurlayıb gətirməyə razılıq almaqdan ötrü onları inandırmışdılar ki, bu iş xırda məsələdir. Hadisədən sonra Gürcüstan başa düşdü ki, xırda məsələ deyilmiş. Gürcüstan mənimlə bağlı məsələyə görə beynəlxalq təzyiqlərlə üzləşdi, cavab verməli oldu. Məsələ o qədər böyüdü ki, Gürcüstanın prezidenti mənim oğurlanmağımla əlaqədar iki dəfə bəyanat verməli oldu, orada cinayət işi başlandı...".

"Konkret faktları cəmiyyətə açıqlamışam"

Ə.Muxtarlı həbsinin səbəblərindən danışarkən deyib ki, onun cəzalandırılması haqda göstəriş birbaşa prezidentdən gəlib. Onun sözlərinə görə, səbəb də Əliyevlər ailəsi haqda silsilə araşdırmalardır:

"Mən Silahlı Qüvvələrə ayrılan vəsaitlərin yeyilməsi, Əliyevlərin Göygölü zəbt etmələri, oradakı villaları, bu ailənin Gürcüstandakı biznes fəaliyyəti haqda silsilə araşdırmalar aparmışam, konkret faktları, sübutları cəmiyyətə açıqlamışam. Ona görə də şəxsən İlham Əliyevin göstərişi ilə həbs olunmuşam...".

Bu cinayət işində Qafur Məmmədov adlı zərərçəkmiş də var. İttihamda yazılıb ki, Ə.Muxtarlı Azərbaycan-Gürcüstan sərhədini Balakən rayonu ərazisində qanunsuz keçərkən ona mane olmaq istəyən bu hərbçini vurub.

Martın 2-də keçirilən məhkəməyə Q.Məmmədov gəlməmişdi. Zərərçəkmişin dindirilməsi vacib sayan məhkəmə heyəti prosesi martın 14-nə saxlayıb.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-da həbs olunub. Jurnalist CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İddia olunur ki, sərhədi qanunsuz keçən Ə.Muxtarlının üzərindən 10 min avro pul tapılıb.

Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub. Ə.Muxtarlı ittihamları rədd edir, həbsini "siyasi sifariş" adlandırır. Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının da müəllifi idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun