AXCP-nin həbsdə olan üzvlərindən Fuad Əhmədliyə verilmiş 4 illik cəza hökmü ilə bağlı ölkə daxilində şikayət veriləcək məhkəmə instansiyası qalmadı.
Çünki Ali Məhkəmə də martın 6-da gənc fəalın işinə baxıb və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Kasasiya şikayətinə baxılarkən F.Əhmədli özü iştirak etməyib. Vəkili Əsabəli Mustafayev onun barəsindəki cinayət işinin qondarma olduğunu deyib. Bildirib ki, «Nar Mobile»da adi operator işləmiş, heç bir qərarvermə səlahiyyəti olmayan F.Əhmədlinin vəzifəli şəxs kimi təqdim olunub, ona ağır cəza verilməsi absurddur.
Ə.Mustafayev hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu söyləyib, onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
İmran Hacıqayıbovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kasasiya şikayətinin təmin olunmadığını elan edib.
Gənc fəalın atası Zəfər Əhmədli AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək: «Fuadın həbs olunması haqda qərardan şikayət xeyli vaxtdır Avropa Məhkəməsinin icraatındadır. Hökmdən şikayəti də yaxın vaxtlarda göndərəcəyik».