ABŞ-ın “Exxon Mobil” neft şirkəti ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları səbəbindən “Rosneft” şirkəti ilə birgə layihələrindən çıxmaq qərarına gəlib.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət ABŞ-ın qiymətli kağızlar üzrə komissiyasına illik hesabat göndərib.
Hesabatda bildirilir ki, sanksiyalar genişləndikdən və daha sərtləşdikdən sonra korporasiya Rusiya ilə birgə layihələrdən çıxmaq barədə qərar verib:
"2013 və 2014-cü illərdə “Exxon Mobil” və “Rosneft” geoloji kəşfiyyat və elmi-tədqiqat işləri aparmaq məqsədilə birgə müxtəlif strukturlar yaradıblar. Sonradan, 2014-cü ildə Avropa İttifaqı və ABŞ Rusiya enerji sektoruna qarşı sanksiyalar irəli sürüb, 2017-ci ilin ikinci yarısında isə ABŞ Rusiyaya qarşı sanksiyaları kodlaşdırıb və genişləndirib. Korporasiya və onun əməkdaşları tətbiq olunan bütün qanunlara, riayət edir. 2017-ci ilin sonunda korporasiya bu birgə müəssisələrdən çıxmaq qərarına gəlib. Korporasiya gözləyir ki, bu çıxışa 2018-ci ildə start veriləcək”.
Şirkət açıqlamasında, bu qərarın onlara 250 milyon dollar ziyan vuracağını bildirib.
2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra, Qərb ölkələri Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıblar.