Asəf Əhmədov məhkəmədə: “İttiham tərəfi məni ictimai faydalı iş gördüyümə görə cəzalandırmaq istəyir”

Asəf Əhmədov məhkəmədə: “İttiham tərəfi məni ictimai faydalı iş gördüyümə görə cəzalandırmaq istəyir”
12 May 2026
Mətni dəyiş

“QHT işi” çərçivəsində həbs olunan Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun növbəti məhkəmə prosesi keçirilib. Mayın 8-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs sərbəst ifadəsini tamamlayıb.

Bu barədə onun qızı Aysu Əhmədova sosial şəbəkədə məlumat yayıb.

Aysu Əhmədovanın sözlərinə görə, məhkəmə prosesində Asəf Əhmədov uzun illər ərzində həyata keçirdiyi ictimai fəaliyyətin, müəllimlik işinin və icmalarla əməkdaşlığının cinayət kimi təqdim olunmasına etiraz edib.

O, ifadəsində müqavilə azadlığı hüququnun pozulduğunu bildirib:

“Qanun mənə qarşı tərəflə (təşkilatla) hansı növ müqavilə bağlayacağımı seçmək hüququ verir. Mən “Qrant” deyil, “Xidmət müqaviləsi” bağlamağı seçmişəm. Bu, mənim konstitusion hüququmdur və heç bir müstəntiq mənim yerimə müqavilənin növünü seçə bilməz. İttiham aktını oxuyarkən məni bir sual düşündürdü: İstintaq Mülki Məcəllənin 390-cı maddəsindəki müqavilə azadlığını ləğv edib?”

Asəf Əhmədov Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri – vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı ittihamların real sübutlara əsaslanmadığını, ittiham aktının isə məqsədli şəkildə təhrif olunmuş formada hazırlandığını deyib. O, həmçinin bərabərlik prinsipinin kobud şəkildə pozulduğunu və seçici təqibə məruz qaldığını bildirib:

“İttiham tərəfinə sual verirəm: eyni müqavilə əsasında, eyni şərtlər çərçivəsində çalışan 25 nəfərdən niyə tək Asəf Əhmədov cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib? Bu seçici təqibin hüquqi əsası nədir? Bu, kimə lazımdır? Niyə mən “cinayətkar qrupun üzvü” kimi təqdim olunuram, amma başqaları ilə əməkdaşlıq cinayət sayılmır?”

O, “qrup halında cinayət” ittihamlarını da əsassız adlandırıb:

“İttiham tərəfi məni “adları məlum olmayan” kölgələrlə əlbir olmaqda suçlayır. Əgər istintaq bu şəxslərin kimliyini, onlarla harada və necə görüşdüyümü, aramızda hansı cinayət razılaşmasının olduğunu müəyyən edə bilməyibsə, onların varlığını və mənimlə “əlbir” olduqlarını necə iddia edə bilir? Bu, sübut deyil, sadəcə ittihamı ağırlaşdırmaq üçün uydurulmuş hüquqi fərziyyədir. “Qrup halında cinayət” adətən böyük mənfəət üçün edilir. Siz iddia edirsiniz ki, mən naməlum şəxslərlə birləşib yüz minlərlə pul “yumuşam”. Əgər belə bir mütəşəkkil qrup və böyük pullar varsa, niyə mən övladımın təhsil haqqını ödəmək üçün nişan üzüklərimi banka girov qoymuşam? Hansı cinayətkar qrup üzvü qızılı banka qoyub faizlə pul götürər? Bu reallıq sizin “mütəşəkkil cinayətkar qrup” nağılınızı kökündən məhv edir”.

Əhmədov əlavə edib ki, istintaq ailəsinin bank əməliyyatlarını araşdırsa da, kredit və ipoteka borclarını nəzərə almayıb:

Müstəntiq mənim və bütün ailə üzvlərimin adına olan bank hesablarını yoxlatdırmaq üçün kütləvi sorğular göndərib. Cinayət işinin materiallarına baxsanız görərsiniz ki, müstəntiq övladımın bakalavr təhsili alarkən dövlətdən aldığı hər ay 85 manatlıq tələbə təqaüdünün çıxarışlarını belə zərrəbinlə axtarıb, bir-bir cinayət işinə tikib. Digər övladımın ictimai nəqliyyatdan istifadə etdiyi üçün hesabından çıxan 50 qəpikləri belə nəzərdən qaçırmayıb. Lakin eyni müstəntiq eyni banklardan gələn rəsmi cavabların içərisindəki ən mühüm faktları yaşayış evimin bank ipotekasında olmasını, aktiv kredit borclarımı və nişan üzüklərimizin lombardda girovda olmasını tamamilə “görməzdən gəlib” və ittiham aktına qəsdən daxil etməyib”.

Asəf Əhmədov ona qarşı irəli sürülən çirkli pulların yuyulması ittihamını da rədd edib:

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq üçün tərəflər pulun “çirkli” olduğunu bilməlidirlər. İstintaq iddia edir ki, mənim Amerika Səfirliyindən və Beynəlxalq təşkilatlardan aldığım vəsait cinayət yolu ilə əldə edilmiş “çirkli puldur”. Mənə “pul cinayət puludurmu?” sualının verilməsi özü təəssüf doğurur. Çünki fəaliyyətim gizli və ya qeyri-qanuni deyil, beynəlxalq təşkilatlarla açıq əməkdaşlıq olub. ABŞ səfirliyi kimi ciddi nəzarət və reputasiya standartları olan bir qurumun etimadını qazanmaq cinayət göstəricisi deyil, əksinə insanın peşəkarlığına və etibarlılığına verilən qiymətdir.

Əgər məqsəd qanunu pozmaq olsaydı, yəni mən “çirkli pul” yusaydım, niyə dövlətin nəzarətində olan rəsmi bank hesabından istifadə edib 13.200 manat vergi ödəyirdim?”.

O bildirib ki, ictimai fəaliyyətin cinayət kimi təqdim olunması yolverilməzdir:

Mənə qarşı irəli sürülən “vəzifəli şəxs kimi öz mövqeyindən istifadə etmə” ittihamı hüquqi təməldən məhrumdur. İstintaq orqanı süni şəkildə mənim statusumu ağırlaşdıraraq, xidmət müqaviləsi ilə hesabıma köçürülən vəsaitlərin ictimai məqsədlər üçün xərclənməsini “vəzifə səlahiyyətlərindən sui-istifadə” kimi qələmə verir. Bu statusun süni şəkildə ittihama əlavə edilməsi mənim ictimai faydalı fəaliyyətimi ağır cinayət kimi təqdim etmək cəhdidir. Bir daha qeyd edirəm, mənim statusum “vəzifəli şəxs” deyil, ictimai fəaldır. Belə çıxır ki, ittiham tərəfi məni ictimai faydalı iş gördüyümə görə cəzalandırmaq istəyir?

Çıxışının sonunda isə məhkəməyə belə müraciət edib:

“Mən sizdən mərhəmət yox, ədalət istəyirəm. Dövlətin təməli hüquq və ədalət olmalıdır. Bu olmasa, dövlətin üzərində duracağı bir özül olmur. Dövlətə inam və etibar məhz hüquqa, ədalətə, haqqa inamla olur”.

Aysu Əhmədova bildirib ki, növbəti məhkəmə prosesinin yekun iclas olacağı gözlənilir.

Asəf Əhmədov “QHT işi” kimi tanınan cinayət işi üzrə məsuliyyətə cəlb edilən şəxslərdən biridir. Bu iş çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdədir.

Bu il martın 11-də fəal Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə təqsirləndirilən digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslər ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bildirirlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun