Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8 May 2026
Mətni dəyiş

Mayın 7-də Avropa Parlamentinin İnsan hüquqları altkomitəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair dinləmələr keçirilib. Müzakirələr zamanı siyasi məhbuslar, jurnalist və akademiklərin həbsi, müstəqil mediaya təzyiqlər, həmçinin Avropa İttifaqının Azərbaycanla münasibətlərində insan hüquqları məsələsi əsas mövzular olub.

Dinləmələrdə çıxış edən hüquq müdafiəçisi Səməd Rəhimli bildirib ki, Azərbaycan hakimiyyəti uzun illərdir cinayət qanunvericiliyindən siyasi təzyiq aləti kimi istifadə edir.

“Azərbaycandakı repressiv vəziyyət yeni deyil. Artıq 20 ildir ki, Azərbaycan hakimiyyəti müxtəlif yollarla sistemli repressiya siyasəti yürüdür və əsas məqsəd Azərbaycanda təşkilatlanmış müxalifəti məhv etməkdir”, – Rəhimli deyib.

Onun sözlərinə görə, repressiyalar əsasən üç qrupu - demokratiya tərəfdarı siyasi müxalifət, müstəqil vətəndaş cəmiyyəti təşkilatları və tənqidi media - hədəf alır:

“Bu 20 il ərzində Azərbaycan hakimiyyəti ölkə daxilində təşkilatlanmış müxalifətin strukturlarını böyük ölçüdə dağıdıb. Demokratiya tərəfdarı qüvvələr, müstəqil vətəndaş cəmiyyəti və tənqidi media hazırda fəaliyyətlərini əsasən sürgündə davam etdirirlər. Ölkə daxilində isə əsasən iki vəziyyət mövcuddur: birincisi, hazırda həbsdə olan insanlar; ikincisi isə həbs riski altında yaşayan insanlar”, – hüquq müdafiəçisi bildirib.

Rəhimli qeyd edib ki, 2022-ci ilin sonundan etibarən təzyiqlər daha da sərtləşib. O, repressiya metodları sırasında saxta cinayət işləri, siyasi məhkəmələr, institusional zorakılıq, inzibati həbslər, transsərhəd repressiyalar və qarayaxma kampaniyalarını sadalayıb.

“Hazırda fərqli düşüncə cinayət qanununun yozumu vasitəsilə kriminalizə olunur”, - o vurğulayıb.

Hüquq müdafiəçisi bildirib ki, hazırda iki əsas cinayət işi dalğası müşahidə olunur. Bunlardan biri Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) və partiya sədri Əli Kərimliyə qarşı “dövlət çevrilişi” ittihamları, digəri isə media qurumları və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı maliyyə cinayətləri ilə bağlı işlərdir.

“AXCP və onun lideri Əli Kərimliyə qarşı irəli sürülən ittihamlarda Azərbaycan hakimiyyəti cinayət qanunvericiliyini olduqca geniş və ümumi şəkildə şərh edir və bu şərhlər əsasında hökuməti tənqid edən istənilən şəxsi həbs edə bilir. Hazırda fərqli düşüncə cinayət qanununun yozumu vasitəsilə kriminalizə olunur.

İkinci dalğa isə müxtəlif media qurumları və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı maliyyə cinayətləri ittihamlarıdır. Bunlara “Abzas Media”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, “Res Platforma”, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”, “Məclis.info” və digərləri daxildir.

Bu işlər maliyyə qanunvericiliyindən sistemli şəkildə sui-istifadə olunaraq legitim vətəndaş və siyasi fəaliyyətin, həmçinin müxtəlif yollarla maliyyə dəstəyi əldə etməyin kriminalizə edilməsini nümayiş etdirir”, – Rəhimli deyib.

Dinləmələrdə çıxış edən “Qəzetçi” nəşrinin baş redaktoru Leyla Mustafayeva isə Azərbaycanda son illər repressiyaların “misli görünməmiş səviyyəyə çatdığını” bildirib.

“2023-cü ilin sonundan etibarən Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş repressiyalar başlayıb. Azərbaycanda siyasi məhbusların sayı təxminən 400 nəfərə yüksəlib. Avropa Parlamentinin ötən il dekabrın 18-də qəbul etdiyi qətnaməsindən keçən dörd ay ərzində tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilov hələ də həbsdə saxlanılır”, – o deyib.

Mustafayeva akademiklər Bəhruz Səmədov və İqbal Əbilovun “saxta dövlətə xəyanət” ittihamları ilə uzunmüddətli həbs cəzaları aldıqlarını bildirib.

“Bu iki iş Azərbaycanda milli təhlükəsizlik qanunvericiliyindən mədəni hüquqların və akademik azadlıqların sərbəst həyata keçirilməsini boğmaq və cəzalandırmaq üçün necə sui-istifadə olunduğunun açıq nümunələridir”, – jurnalist vurğulayıb.

Jurnalist Azərbaycanda bu il də sərt həbs cəzalarının davam etdiyini bildirib.

“Siyasətçi Azər Qasımlı “hədə-qorxu ilə pul tələb etmə” ittihamı ilə 12 il həbsə məhkum olunub. “Yoldaş Media”nın qurucusu Əhməd Məmmədliyə 6 il, sosial işçi Zamin Zəkiyə isə qondarma “QHT işi” üzrə 7,5 il həbs cəzası verilib”.

O, həmçinin Azərbaycanda jurnalistlərə qarşı təzyiqlərin davam etdiyini deyib.

““Sərhədsiz Reportyorlar” təşkilatının Dünya Mətbuat Azadlığı İndeksinə əsasən, Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Bu göstərici ilə Azərbaycan Rusiyanın yanında qərarlaşıb. Hazırda ölkədə təxminən 30 jurnalist həbsdədir və onların əksəriyyəti valyuta qaçaqmalçılığı ittihamı ilə üzləşib. Bu ittihamlar yüksək səviyyəli korrupsiya araşdırmalarına görə qisas kimi qiymətləndirilir. Belə ki, “Abzas Media” jurnalistləri də məhz bu ittihamlarla 7,5 ildən 9 ilə qədər həbs cəzalarına məhkum ediliblər”, – Mustafayeva bildirib.

Onun sözlərinə görə, həbsdə olan jurnalistlər arasında ciddi sağlamlıq problemləri yaşayan şəxslər də var.

“Avropa Şurasının Azərbaycanda məhkəmə sisteminin islahatı üçün ayırdığı 23 milyon avroya baxmayaraq, ölkə həbsxanalarında işgəncə, pis rəftar və tibbi yardımın göstərilməməsi halları davam edir. “Meydan TV”nin keçmiş jurnalisti Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümüdova, həmçinin jurnalist Ülviyyə Əli saxlanılma dövründə və sonrasında cinsi təzyiqlərlə üzləşiblər. “Toplum TV”nin həmtəsisçisi, media hüquqşünası Ələsgər Məmmədli, “Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı və “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş ciddi sağlamlıq problemlərinə görə təcili və düzgün tibbi müayinəyə ehtiyac duyurlar”, – o deyib.

Leyla Mustafayeva transmilli repressiyalar məsələsinə də toxunub. O bildirib ki, sürgündə yaşayan jurnalist və fəallara qarşı təqiblər son illər daha da intensivləşib.

“Transmilli repressiyalar da sürgündəki tənqidi səslərə qarşı güclənib. 2026-cı il aprelin 5-nə keçən gecə Gürcüstanda yaşayan jurnalist Əfqan Sadıqov Avropa İnsan Hüquqları Məhkəməsinin deportasiyanı qadağan edən müvəqqəti qərarına baxmayaraq, Azərbaycana təhvil verilib. Bundan sonra səkkiz insan hüquqları təşkilatı Avropa Şurasının Baş katibi Alen Berseyə müraciət edərək onu Avropa Konvensiyasının 52-ci maddəsini işə salmağa çağırıb.

2025-ci ilin noyabrın 7-də isə Moskvada yaşayan Rusiya vətəndaşı, talış fəalı Kamal İsayevin İstanbulda saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir. Bu ilin fevralın 12-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də Türkiyədən Azərbaycana deportasiya olunub.

Sürgündə yaşayan bloqerlərə və jurnalistlərə qarşı, o cümlədən Sevinc Osmanqızı, siyasi şərhçilər Altay Göyüşov və Ərəstun Orucluya qarşı qiyabi həbs qərarları və cinayət işləri çoxalıb. Aprelin ortalarında isə həbsdə olan siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının Daxili İşlər Nazirliyinin tətbiq etdiyi səyahət qadağası səbəbilə Bakıda təyyarəyə minməsinin qarşısı alınıb.

Ümumilikdə yalnız jurnalistlər və media işçiləri deyil, həmçinin təlimlərdə iştirak edən gənclər və onlara təlim keçən şəxslər də hədəfə alınır, polisə çağırılır, dindirilir və saxlanılırlar. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə müstəqil jurnalistlərə rəqəmsal təhlükəsizlik təlimləri keçən İT mütəxəssisi İlqar Əliyev 2023-cü ildə saxta narkotik ittihamı ilə həbs olunmuşdu. O, ötən həftə həbsxanada vəfat edib”, – o qeyd edib.

Avropa Xarici Fəaliyyət Xidmətinin bölmə rəhbəri Deren Derya isə çıxışında Bəhruz Səmədov və İqbal Əbilovun həbslərini akademik azadlıqlara təhdid kimi qiymətləndirib.

“Cinayət işlərindəki ziddiyyətli məqamlar onların akademik fəaliyyətlərinə görə həbs olunduqlarını göstərir. Bu isə məhkəmə sisteminin ədalətliliyinə şübhə yaradır və akademik azadlıqlara təhdid təşkil edir”, – Derya bildirib.

Onun sözlərinə görə, yerli hüquq müdafiəçilərinin məlumatına əsasən, Azərbaycanda 350-dən çox siyasi məhbus var.

“Aİ nümayəndələri siyasi məhbusların məhkəmələrini monitorinq edir, onların hüquqi müdafiəçiləri ilə əlaqə saxlayır və müstəqil mediaya dəstəyi davam etdirir”, – o əlavə edib.

Derya Azərbaycanın Avropa İttifaqı üçün “etibarlı enerji tərəfdaşı” olduğunu desə də, bunun kifayət etmədiyini vurğulayıb.

“Bakı insan hüquqları və məhkəmə sistemi sahəsində islahatlar həyata keçirməlidir”, – o deyib.

Avropa Parlamentinin hollandiyalı üzvü Katarina Vieyra isə Azərbaycanın “etibarlı tərəfdaş” kimi təqdim olunmasına etiraz edib.

“Vətəndaşları ilə bu cür rəftar edən hökumət etibarlı tərəfdaş ola bilməz. Qaz aldığımız üçün insan hüquqları pozuntularına göz yuma bilmərik”, – deputat bildirib.

Digər Avropa Parlamenti üzvləri isə ötən il dekabrın 18-də qəbul edilmiş qətnaməni xatırladaraq Avropa İttifaqını həmin sənədin icrası istiqamətində addımlar atmağa çağırıblar. Qətnamədə Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olduğu vurğulanır və hökumətə qarşı sanksiyalar tələb edilir.

Dinləmələr zamanı Azərbaycanın Avropa Parlamentindən və AvroNest Parlament Assambleyasından uzaqlaşması, həmçinin AŞPA-da mühacir qrupların Azərbaycanın nümayəndələri kimi çıxış etməsi məsələləri də müzakirə olunub.

Dinləmələrin sonunda çıxışçılar İnsan Hüquqları üzrə Alt Komitəyə və Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinə bir sıra çağırışlar da ünvanlayıblar.

Onlar Avropa institutlarını Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları, o cümlədən Bəhruz Səmədov, İqbal Əbilov, həbsdə olan jurnalistlər və siyasətçiləri azad etməyə çağırmağa səsləyiblər.

Bununla yanaşı, sürgündə yaşayan jurnalist, fəal və dissidentlərə qarşı beynəlxalq repressiyalara son qoyulması tələbi də səsləndirilib.

“İnterpolun “qırmızı bülleten” mexanizmlərindən sui-istifadəyə, qiyabi cinayət təqiblərinə və üçüncü ölkələrə onların saxlanılması və deportasiyası üçün göstərilən təzyiqlərə son qoyulmalıdır”, – müraciətdə bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun