Cəmiyyət

ABŞ İrana zərbələr endirib, Tehran regiondakı Amerika bazalarını hədəfə alıb

2 dəqiqə
ABŞ İrana zərbələr endirib, Tehran regiondakı Amerika bazalarını hədəfə alıb

Foto: nocomment.az

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Amerika hərbçiləri Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “AH-64 Apache” döyüş helikopterinin vurulmasına cavab olaraq “özünümüdafiə məqsədilə” İrana zərbələr endirib.

Məlumata görə, zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə məntəqələrinə və Hörmüz boğazı yaxınlığındakı radiolokasiya müşahidə stansiyalarına yönəlib.

CENTCOM-un açıqlamasında qeyd olunur ki, əməliyyat ABŞ hərbçilərinə və region sularından keçən beynəlxalq ticarət gəmilərinə qarşı son hücumlara “mütənasib cavab” olub.

İran Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə cavab olaraq regiondakı ABŞ hərbi bazalarına və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının radiolokasiya sistemlərinə zərbələr endirdiklərini bəyan ediblər.

İran hakimiyyətinə yaxın olan “Fars” agentliyinin məlumatına görə, hücumlar Küveytin Əl-Cəhra vilayətindəki ABŞ hərbi bazasına və İordaniyada ABŞ-nin F-35 qırıcılarının yerləşdiyi obyektə də yönəlib.

“Axios” portalının müxbiri Barak Ravid anonim ABŞ rəsmisinə istinadən yazıb ki, İran Bəhreyn, Küveyt və İordaniyadakı Amerika bazalarına ən azı dörd ballistik raket və bir neçə pilotsuz uçuş aparatı buraxıb.

“Reuters” agentliyinə danışan ABŞ rəsmisi isə İranın buraxdığı raket və dronların demək olar ki, hamısının havada məhv edildiyini bildirib. Onun sözlərinə görə, Amerika hərbçiləri arasında itki və ya ABŞ obyektlərinə ziyan dəyməsi barədə məlumat yoxdur.

İordaniya Silahlı Qüvvələri də İranın Azraq bölgəsi istiqamətində buraxdığı beş raketin vurulduğunu açıqlayıb. Həmin ərazidə ABŞ Hərbi Hava Qüvvələrinin 332-ci Ekspedisiya Aviasiya Qanadı yerləşir. Bazada Amerika qırıcıları və zərbə-kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatları dislokasiya olunub.

İordaniya ordusunun məlumatına görə, vurulan raketlərin qalıqları ölkə ərazisinə düşsə də, dağıntı və insan tələfatına səbəb olmayıb.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla sülh sazişinin “yekun mərhələdə” olduğunu bildirsə də, vurulan helikopterə cavab verilməsinin zəruri olduğunu bəyan edib.

Bundan sonra İranın xarici işlər naziri Abbas Əraqçi xarici hərbi qüvvələri Hörmüz boğazını tərk etməyə çağırıb. O bildirib ki, bölgədəki xarici qüvvələr “öz səhvləri, təsadüfi hadisələr və ya qarşıdurmanın ortasında qalmaq riski səbəbindən daimi təhlükə altındadır”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun