Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Azərbaycan hərbçilərinin Sünik vilayətində ağacları kəsdiyini və qoruq ərazisində mövqelər yaratdığını iddia edib.
Ermənistanın “News.am” xəbər saytının yazdığına görə, Asryan bu barədə iyunun 9-da jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, həm Ermənistanın baş naziri və müdafiə naziri, həm də özü dəfələrlə bu məsələnin sərhədlərin delimitasiyası yolu ilə həlli istiqamətində iş aparıldığını bəyan edib.
Asryan Azərbaycan hərbçilərinin Ermənistan ərazisində - Nerkin Hand kəndi və Zəngəzur Biosfer Kompleksi ərazisində yerləşdiyini rəsmən təsdiqləyib. Baş Qərargah rəisinin iddiasına görə, Azərbaycan tərəfi hərbi mövqelərini möhkəmləndirərkən və infrastruktur qurarkən mühafizə olunan ərazidə ağacları kəsir.
Asryan bildirib ki, Ermənistan tərəfi bu fəaliyyətləri yalnız qeydə alır və onları “müvafiq siyasi kanallar vasitəsilə” gündəmə gətirir.
“Əgər həmin anklavlar Ermənistan Respublikasının 29 743 kvadratkilometrlik ərazisinə daxildirsə, bir millimetr də torpaq verilməyəcək”, - deyə o, sərhədlərin delimitasiyası və sərhəd yaşayış məntəqələrinin gələcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Asryan qeyd edib ki, sovet dövründə bu ərazilərdə həm ermənilər, həm də azərbaycanlılar yaşayıb. Onun sözlərinə görə, söhbət cənubdan şimala doğru uzanan təxminən 18 ərazidən gedir.
Baş Qərargah rəisi əlavə edib ki, qurumun sərəncamında dəqiq xəritələr var və fəaliyyət həmin xəritələr əsasında həyata keçirilir. O, Azərbaycan qüvvələrinin Ermənistanın suveren ərazilərindən çıxarılması mexanizmləri ilə bağlı suala birbaşa cavab verməyib, yalnız Ermənistanın üçüncü ölkələrə arxalanmaq əvəzinə öz gücü ilə möhkəmlənməli olduğunu vurğulayıb.
“Delimitasiya prosesinin əsası var və bu əsas müəyyən bir ilin xəritəsidir. Baş Qərargahın da həmin xəritəsi mövcuddur və biz fəaliyyətimizi onun tələblərinə uyğun qururuq. Delimitasiya komissiyasında Silahlı Qüvvələri təmsil edən, hərbi kartoqrafiya üzrə yüksək ixtisaslı nümayəndə də var”, - deyə o bildirib.
Asryan delimitasiya prosesi ilə bağlı fikir ayrılıqlarının olmadığını vurğulayaraq qeyd edib ki, işlər Ermənistanın suveren ərazisini müəyyən edən dövlət sərhədi boyunca aparılır.
Azərbaycan tərəfi məsələyə hələlik rəsmi münasibət bildirilməyib.
