“Qardaşımın taleyini bilmək üçün istəyirəm ki, Balasanyan həbs olunsun”

“Qardaşımın taleyini bilmək üçün istəyirəm ki, Balasanyan həbs olunsun”
2 Oktyabr 2023
Mətni dəyiş

Birinci Qarabağ müharibəsində əsir düşəndən sonrakı taleyi məlum olmayan Natiq Qasımovun qardaşı ədalət tələb edir

“Tək istəyim odur ki, Balasanyan həbs olunsun. Əgər qardaşım qətlə yetirilibsə, ondan harada qətlə yetirildiyini öyrənsinlər. Qardaşıma aid nəsə bir şey tapıb gətirsinlər, biz də əmin olaq ki, öldürülüb”.

Bu sözləri birinci Qarabağ müharibəsində Xocalı rayonunun Əsgəran qəsəbəsində əsir düşən Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyir.

Natiq Qasımov 1992-ci ildə, 21 yaşında Xocalı rayonunun Əsgəran qəsəbəsində Ermənistan ordusuna əsir düşüb. Döyüşlər zamanı əsir götürülüb, sonradan sərbəst buraxılan Xocalı köçkünü  Cəfər Cəfərov Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmində deyir ki, ağır döyüşlər zamanı bütün silahdaşlarını itirən Natiq “Qriqoryan” kilsəsinə sığınır və təkbaşına müqavimətə davam edir. Erməni hərbçilər Natiqi ram edə bilmədikləri üçün Cəfər Cəfərovu vasitəçi kimi onun yanına göndərirlər və şərt qoyurlar ki, ya təslim olacaq, ya da əsir götürdükləri 23 Xocalı  sakinini qətlə yetirəcəklər. Vəd edirlər ki, əgər təslim olsa, o da digər əsirlər kimi sonradan dəyişdiriləcək. Qasımov təklifi qəbul edib, əlində Azərbaycan bayrağı kilsədən çıxıb və təslim olub.
Natiq Qasımov erməni hərbçilər tərəfindən dindirilərkən italiyalı hərbi reportyor Enriko Sarzini və rusiyalı jurnalist Konstantin Smirnov da buna şahid olub. Sarzininin dindirmə zamanı lentə aldığı fotolar 2016-cı ildə çəkilən, 2021-ci ildə təqdim olunan “Oğul” filmində də yer alıb. Bu fotolarda dindirməni Vitalı Balasanyanın apardığı ortaya çıxır.

Nofəl Qasımov deyir ki, qardaşının əsir düşdüyü döyüşə komandanlıq edən də elə Vitali Balasanyan olub:

“Hamının cinayətkarları tapılıbsa, biz də istəyirik ki, bizim işdə də cinayətkarlar tapılsın. 21 yaşında könüllü cəbhəyə gedən qardaşımın səbəbkarı var. Onunla bağlı filmdə də qeyd ediblər ki, qardaşımın əsir düşdüyü döyüşlərin komandanlığını edən birbaşa Vitali Balasanyan olub. İstəyirəm həbs olunub, cəzasını alsın. Onun qarşısına keçib, üzünə baxmaq istəyirəm”.

Vitali Balasanyan birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra tanınmamış “DQR”in “qəhrəmanı” elan edilib. Tanınmamış “respublikanın” “parlament üzvü” və “təhlükəsizlik şurasının sədri” olub.

Uzun illər qardaşı ilə bağlı çox yerlərə müraciət etdiyini bldirən Nofəl Qasımov deyir ki, müraciətləri heç bir nəticə verməyib. Sonuncu dəfə isə 2016-cı ildə yeni məlumatlar əldə ediblər:
“Mən o vaxt Allahverdi Bağırovla görüşdüm. O vaxt əsirləri onlar dəyişirdilər. Dedi, Vitali Balasanyanla görüşüb, o da deyib ki, Natiq bizim nə qədər əsgərimizi öldürüb, biz onu yandırmışıq. Əvvəl dəfələrlə Milli Təhlükəsizlik Nazirliyinin (İndiki adı ilə Dövlət Təhlükəsizliyi Xidməti) Mingəçevir şöbəsinə çağırılırdım. Suallar verirdilər, deyirdilər ki, dövlət səviyyəsində tapşırıq var, axtarışları gedir. Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdim, onlar da çox get-gələ saldılar, bir xəbər çıxmadı. Sonuncu dəfə 2016-cı ildə Britaniyadan gəlib film çəkirdilər,“Oğul” filmi. Filmə baxanda gördük ki, orada erməni etiraf edir ki, Natiqin taleyi ilə bağlı maraqlanıb, deyiblər ki, doğrayıblar. Qardaşımla bağlı ən sonuncu məlumat bu oldu”.

Nofəl Qasımov deyir ki, qardaşının tapılacağı ilə bağlı ümidləri heç vaxt ölməyib. Onun yandırılaraq öldürülməsinə də inana bilmir:

“Mən inanmıram ki, o doğranılıb, yandırılıb. İstəyirəm ondan nəsə tapılsın, Mingəçevirdə Şəhidlər Xiyabanında dəfn olunsun, bizim də gözümüz yollardan yığılsın. 31 ildir biz nə hisslər yaşamışıq. Atam da Natiq deyə-deyə dünyasını dəyişdi, anam indi də yataq xəstəsidir, mən özüm dəfələrlə insult keçirmişəm. Bunlar hamısı Natiqə görə keçirdiyimiz stresdəndir”, - deyə o, bildirib.

Nofəl Qasımov deyir ki, bu illər ərzində qardaşının taleyi, onun təbliğ olunması ilə bağlı yetərincə işlər görülməyib və buna görə də hökumətdən incik düşüb.

 “Ali Baş Komandandan xahiş edirəm ki, ona “Milli Qəhrəman” adı verilsin. 1992-ci ildə qardaşım Azərbaycan bayrağını döşünə basıb aparıb döyüşə, ermənilər onun əlindən ala bilməyiblər, elə də italiyan fotoqrafının obyektivinə düşüb, jurnalda dərc olunub. Heç olmasa, “Bayraq” ordeni ilə təltif olunardı.

Mən həmişə utanardım ki, "şəhid qardaşıyam" deyib nəsə istəyim. Dövlətdən heç vaxt heç nə istəməmişəm. Bir dəfə Natiq Qasımovla bağlı tədbirdə millət vəkili Aqil Abbas dedi ki, o, böyük qəhrəmanlıq edib, mən onun məsələsini Milli Məclisdə qaldıracam. Sonra gördüm ki, o da olmadı.

Bizim şəhərin öz deputatı Aydın Mirzəzadə nə qədər sənəd tələb elədi bizdən, yığdıq verdik. O da ortaya bir iş çıxartmadı. Baxdım ki, heç kəs maraqlanmadı. Küskün bir şəkildə başımı aşağı salıb, həyatımı yaşadım. Axırda da insult keçirdim, indi də bir tərəfim normal işləmir”, – deyə Natiq Qasımovun qardaşı Nofəl Qasımov bildirib.

Natiq Qasımov tapılmadığına görə əsir düşdükdən 2 il sonra, 1994-cü ildə “Şəhid” statusu alıb.

İkinci Qarabağ müharibəsi və 2023-cü il 19-20 sentyabrda həyata keçirilən “antiterror tədbirləri” nəticəsində Qarabağın bütün ərazisi Azərbaycanın nəzarəti altına qayıdıb. Bundan sonra həmin ərazilərdə aparılan qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. Həmin məzarlardan tapılan nəşlərin DNT analizi aparılıb və Birinci Qarabağ müharibəsindən sonra itkin hesab olunan insanların qohumlarının DNT-ləri ilə müqayisə olunub. Nəticədə onlarla nəşin kimliyi müəyyən olunub.

Hələlik Natiq Qasımovun nəşi aşkarlanmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun