Azərbaycanda aliment ödəməyənlərin və bu səbəbdən həbs olunanların sayı artıb. Bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında yer alıb.
Hesabata görə, ötən il aliment öhdəliyini yerinə yetirməyən 4 min 299 nəfər barəsində inzibati xəta protokolu tərtib edilib. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu göstərici 4 min 131 nəfər olub.
Məhkəmələrin qərarı ilə həmin şəxslərdən 3 min 83 nəfər inzibati məsuliyyətə cəlb edilib, 2 min 344 nəfər isə həbs olunub.
Bununla yanaşı, aliment ödəməkdən qəsdən yayınan 286 nəfərin cinayət məsuliyyətinə cəlb olunması təklif edilib. Nəticədə 235 nəfər barəsində cinayət işi başlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova mayın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında bildirib ki, yerli icra hakimiyyətləri aliment və məişət zorakılığı ilə bağlı məlumatların toplanmasına ciddi yanaşmırlar.
“Rayonlardan göndərilən statistikaya baxıram. Elə rayon var ki, aliment ödəməyən kişilərin sayını sıfır göstərib. Bu, mümkün deyil. Deməli, məsələ ilə maraqlanmayıblar və rəqəmlər formal təqdim olunub”, - deyə o qeyd edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, problemli ailələr yerli qurumların nəzarətində olmalıdır.
“Biz gözləməməliyik ki, hansısa faciə baş versin, sonra müdaxilə edək. Burada bütün qurumların koordinasiyalı fəaliyyəti vacibdir”, – deputat deyib.
2026-cı il yanvarın 1-dən Azərbaycanda uşaqlar üçün minimum aliment məbləği 246 manatdan 260 manata qaldırılıb.
Ekspertlər aliment sahəsində problemlərin artmasını əsasən qeyri-rəsmi məşğulluğun geniş yayılması, aliment ödəyən şəxslərin gəlirlərinin gizlədilməsi, icra mexanizmlərinin zəif işləməsi və yerli qurumların məsələyə formal yanaşması ilə izah edirlər. Onların fikrincə, iqtisadi çətinliklər və uzunmüddətli məhkəmə-icra prosedurları da aliment borclarının artmasına təsir göstərən əsas amillərdəndir.