The Insider: “Paşinyanın əleyhinə informasiya kampaniyasını Rusiya hökuməti koordinasiya edir”

The Insider: “Paşinyanın əleyhinə informasiya kampaniyasını Rusiya hökuməti koordinasiya edir” Foto: Nikol Paşinyan
20 May 2026
Mətni dəyiş

Rusiya hakimiyyəti Ermənistanın baş naziri Nikol Paşinyana qarşı informasiya kampaniyası aparır və bu prosesə prezident administrasiyasının Strateji tərəfdaşlıq və əməkdaşlıq idarəsi (USTS) nəzarət edir. Bu barədə “The Insider” nəşri mənbələrə istinad etmədən yazıb.

Nəşrin məlumatına görə, Strateji tərəfdaşlıq və əməkdaşlıq idarəsi 2024-cü ilin avqustunda Vladimir Putinin xarici ölkələr və sərhədyanı əməkdaşlıq üzrə iki idarəni ləğv etməsindən sonra yaradılıb. Həmin strukturlara Dmitri Kozak kuratorluq edirdi. Kozak sentyabrda prezident administrasiyası rəhbərinin müavini postundan ayrılıb.

Yeni yaradılan idarəyə “Rosatom - Beynəlxalq Şəbəkə” şirkətinin baş direktoru Vadim Titov rəhbərlik edir. “The Insider”in “casus şəbəkəsi” kimi xarakterizə etdiyi qurumun fəaliyyətinə prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko nəzarət edir.

Nəşr yazır ki, prezident administrasiyasında Ermənistan istiqaməti üzrə əsas kuratorlar USTS-nin regionlararası və sosial-mədəni əlaqələrin inkişafı departamentinin rəhbəri Valeri Çernışov və onun müavini Dmitri Avanesovdur.

Məlumata görə, Çernışov əvvəllər Rusiyanın Abxaziyadakı hərbi bazasında xidmət edib, 2013-cü ildə isə hərbi kəşfiyyata cəlb olunub və GRU zabitləri üçün diversiya fəaliyyəti üzrə kurslarda dərs deyib. Avanesov isə Pyotr Veliki adına Raket Qoşunları Hərbi Akademiyasını bitirib, 2012-ci ildə FSB-nin Moskva Yeni İnformasiya Texnologiyaları İnstitutunda ixtisasartırma kursu keçib.

“The Insider” bildirir ki, Çernışov və Avanesov dəfələrlə Yerevana səfər edərək “Kremlin yerli dostları” ilə görüşüblər.

Nəşrin məlumatına əsasən, Rusiyanın Xarici İşlər Nazirliyində Ermənistan seçkilərinə MDB ölkələri üzrə dördüncü departamentin rəhbəri Mixail Kaluqin nəzarət edir. Lakin onun seçki prosesinə necə təsir göstərdiyi dəqiqləşdirilmir.

Araşdırmada qeyd olunur ki, Ermənistanda ən fəal qurumlar sırasında Kremlin narrativlərini təşviq etdiyi bildirilən Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu, Rusiya xarici kəşfiyyatı üçün “örtük strukturlarından biri” kimi təqdim olunan Kommunikasiyaların İnkişafı Milli Tədqiqat İnstitutu (NIIRK), həmçinin ABŞ seçkilərinə müdaxilə ittihamları ilə gündəmə gəlmiş Rusiya Strateji Araşdırmalar İnstitutu yer alır.

Nəşr həmçinin prezident administrasiyasından maliyyələşdiyi iddia olunan “çoxsaylı psevdosiyasi ekspertlər, şuralar və təşkilatların” fəaliyyətindən bəhs edir.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Nikol Paşinyan seçkilərə rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ilə qatılır. Onun əsas rəqiblərindən biri Rusiyada sərvət qazanan və Moskva ilə daha sıx münasibətlərin bərpasını müdafiə edən milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokudur.

Paşinyanın digər əsas rəqibi isə keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokudur.

İsveçin “Blankspot” nəşri mayın 9-da yazıb ki, Rusiya xüsusi xidmət orqanlarından birinin əməkdaşının elektron poçtunun sındırılması nəticəsində Kremlin Ermənistanda seçkilərə təsir planını əks etdirən sənəd əldə olunub.

Sənədə əsasən, Rusiyanın məqsədi Paşinyanın və “Vətəndaş müqaviləsi” partiyasının seçkilərdə nəticələrini zəiflətməkdir. Bunun üçün, o cümlədən, Rusiyayönlü məzmunun yayımının üç dəfə artırılması təklif edilir.

Bundan əvvəl “Vot Tak” və “Agentstvo” nəşrləri də Kremlin dəstəklədiyi “Matreşka” bot şəbəkəsinin Ermənistan parlament seçkiləri ərəfəsində Paşinyana qarşı kampaniyaya başladığını yazmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun