2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Məlumata görə, cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsindəolub.
Dekabr ayı ilə müqayisədə yanvar ayı ərzində qoyun ətinin, südün, pendirin, kərə, zeytun və marqarin yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, kartofun, çay, qəhvə və kakaonun qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq və mal ətinin, yumurtanın, günəbaxan vəqarğıdalı yağlarının, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isəucuzlaşma müşahidə olunub.