Cəmiyyət

Aİ Rusiyanın məhdudiyyətləri fonunda Ermənistana 50 milyon avrodan çox təcili maliyyə yardımı ayıracaq

2 dəqiqə
Aİ Rusiyanın məhdudiyyətləri fonunda Ermənistana 50 milyon avrodan çox təcili maliyyə yardımı ayıracaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telefon danışığı aparıb.

“Armenpress” agentliyinin məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

Tərəflər Ermənistanın üzləşdiyi iqtisadi çağırışlara cavab tədbirlərini və ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Ursula fon der Lyayen Avropa İttifaqının Ermənistanın iqtisadi dayanıqlığı və inkişafı istiqamətində proqramları dəstəkləməyə sadiq olduğunu vurğulayıb. O bildirib ki, Aİ Ermənistana 50 milyon avrodan çox təcili maliyyə yardımı ayrılmasını nəzərdə tutan yardım paketi hazırlayır.

Paketə həmçinin Ermənistan məhsullarının ixrac imkanlarının genişləndirilməsi və ticarət prosedurlarının sadələşdirilməsi üzrə əlavə tədbirlər daxildir.

Telefon danışığı zamanı kənd təsərrüfatı və gülçülük sektorlarına dəstək məqsədilə həyata keçirilə biləcək praktiki proqramlar da müzakirə olunub. Bu çərçivədə Ermənistan məhsullarının Avropa bazarlarına çıxışı üçün yeni imkanların yaradılmasının vacibliyi qeyd edilib.

Tərəflər Ermənistan-Aİ biznes əlaqələrinin dərinləşdirilməsinin, eləcə də İrəvanda keçirilən Ermənistan-Aİ sammitində əldə olunan razılaşmaların ardıcıl icrasının əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı bildirilib ki, Aİ-nin “Dayanıqlılıq və inkişaf” proqramı çərçivəsində göstərdiyi dəstək Ermənistanda minlərlə müəssisənin inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verib. Həmçinin Ermənistan-Aİ tərəfdaşlığı çərçivəsində nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən təşəbbüslərdən bəhs olunub.

Fon der Lyayen Avropa İttifaqının infrastruktur layihələrinin və regional kommunikasiyaların inkişafına dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib. Tərəflər bu prosesin koordinasiyası üçün Ermənistan-Aİ birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Son aylarda Rusiya Ermənistan məhsullarının idxalına vaxtaşırı məhdudiyyətlər tətbiq edir. Belə ki, Ermənistan istehsalı olan güllərin, “Cermuk” mineral suyunun, bəzi alkoqollu içkilərin və balıq məhsullarının Rusiyaya idxalı qadağan edilib. Meyvə və tərəvəz məhsullarının idxalına da məhdudiyyətlər qoyulub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun