Rəsmi rəqəmlərə görə AZAL 2018-ci ili də zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb.
Məlumata görə, bir ildə aviaşirkətlərin zərəri 2017-ci ilə nisbətən 20,8% artıb.
İqtisadçı ekspert Natiq Cəfərli AZAL-ın zərərlə işləməsi ilə bağlı bildirir ki, şirkət ölkənin ən böyük inhisarçı şirkətlərindən biridir, amma yenə də ziyanla işləyir.“Ölkənin ən böyük inhisarçı şirkətiərdən biri olasan, büdcədən ən çox yardım, dotasiya alan şirkətlər sırasında yer alasan, başqa şirkətlərin ölkəyə gəlib rəqabət yaratmasına mane olasan, regionda ən baha qiymətə bilet satasan, amma yenə rəsmi rəqəmlərə görə ziyanla işləyəsən".
Ekspert deyir ki, bu qədər yardımın, dövlət dəstəyinin, monopoliyanın qarşısında yenə də ziyanla işləmək fitri istedad tələb edir.
"Bunu bacarmağa xüsusi fitri korrupsiya istedadı lazımdır ki, o da AZAL rəhbərliyində var. Ziyanla işləyən şirkət rəhbəri ölkədə ən varlı adamlardan biridir. Bunu izah edən tapılsa, iqtisadiyyat üzrə Nobel mükafatı həmin şəxsə veriləcək".