Koronavirusun ilk dəfə aşkarlandığı Çin artıq özünə gəlməyə başlayıb. İyul-sentyabrda dünyanın ikinci böyük iqtisadiyyatında ötən ilin eyni dövrüylə müqayisədə 4.9 faiz artım qeydə alınıb.
Bu il koronavirus pandemiyasına görə dizüstə çökmüş qlobal iqtisadiyyat üçün “tunelin sonunda işıq” görünür, amma bu tunelin uzunluğu nə qədərdir? AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Toni Vesolovski bu suala cavab axtarır.
Dekabrın 3-nə olan məlumata görə, dünyada bu virusa 64 milyon yarımdan çox insan yoluxub, 1 milyon 500 minə yaxın xəstə vəfat edib.
Dünya əhalisinin yarıdan çoxu müxtəlif növ karantin qadağaları ilə yaşamalı olublar. Bəzi hökumətlər şirkətləri, ev təsərrüfatlarını, zəif qrupları dəstəkləməyə kütləvi maliyyə dəstəyi ayırıb. Bu ilin martından bu məqsədlə 12 trilyon dollar vəsaitin ayrıldığı hesablanıb.
4.5 faiz azalma
İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) təşkilatı bu il dünya üzrə ÜDM-də 4.5 faiz azalma proqnozlaşdırıb.
Noyabrda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) araşdırmasında xəbərdarlıq olunurdu ki, böhran nəticəsində əlavə 130 milyon nəfər həddən artıq kasıblaşacaq, bərabərsizlik artacaq.
Bir çox ekspertlər belə bir fikirlə razılaşırlar ki, iqtisadi dirçəliş koronavirus vaksininə bağlıdır. Artıq bir neçə vaksinin hazırlanma prosesi yekunlaşır. Pfizer/BioNTech və Moderna şirkətləri vaksinləri təsdiqə təqdim ediblər. Birinci vaksin Britaniyada istifadəyə təsdiqlənib. Rusiya isə özünün hazırladığı Sputnik V vaksini ilə gələn həftədən kütləvi peyvəndləməyə başlayacağını bəyan edib.
Ancaq Pfizer noyabrın əvvəlində bildirmişdi ki, bu il 50 milyon doza vaksin hazırlaya bilər və bu 25 milyon nəfəri qoruya biləcək. Gələn il istehsal 1.3 milyard dozaya qaldırıla bilər.
ÜDM-yə bir il, daha sonra...
Dünyanın 7.5 milyard nəfər əhalisi üçün bu, dəryada damladır.
UBS investisiya bankının sədri Aksel Veber noyabrın 11-də bildirib ki, iqtisadiyyatın dirçəlməsi zaman alacaq.
“ÜDM-nin böhrandan əvvəlki səviyyəsinə qayıtmaqdan ötrü azı bir il gərəkəcək. Böhranaqədərki işsizlik və artım səviyyələrini qaytarmağa daha bir il gedəcək, yəni, qarşımızda uzun bir bərpa prosesi durur”, – Veber CNBC-yə deyib.
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa üzrə direktoru Hans Klugenoyabrın 18-də xəbərdarlıq edirdi ki, Avropa yenə də Birləşmiş Ştatlarla birlikdə pandemiyanın episentrindədir.
“Tunelin sonunda işıq var, amma altı ay sərt keçəcək”, – Kluge deyib.
Rusiyada regionlar borclanır
UNCTAD isə xəbərdarlıq edib ki, COVID-19 pandemiyasının vurduğu ziyanı heç bir dirçəliş kompensasiya edə bilməyəcək. Qurum qlobal yoxsulluğun 1998-ci il Asiya maliyyə böhtanından bəri ilk dəfə olaraq yüksəldiyini qeyd edir.
Pandemiya təkcə ölkələr arasında sərvət uçurumunu dərinləşdirməyəcək, onların içində də fəsadını törədəcək.
“Bloomberg” media orqanının hesabatına görə, Kreml regional hökumətləri artan tibbi və digər xərcləri ödəməkdən ötrü daha çox borc götürməyə məcbur edir. Gələn il regionların borcunun 400 milyard rubl (5.3 milyard dollar) artacağı gözlənir, bu il demək olar sıfır idi.
“Daha güclü regionlar qazanacaq, zəiflər daha da geriləyəcək”, – Moskvadakı "Transfinqrup" şirkətinin meneceri Stanislav Ponomaryov “Bloomberg”ə deyib.
Çin özünə gəlirsə...
Koronavirusun ilk dəfə aşkarlandığı Çin artıq özünə gəlməyə başlayıb. İyul-sentyabrda dünyanın ikinci böyük iqtisadiyyatında ötən ilin eyni dövrüylə müqayisədə 4.9 faiz artım qeydə alınıb. İqtisadçıların 5.2 faiz artım proqnozlaşdırmasına baxmayaraq, ÜDM datası Çinin qlobal dirçəlişin önündə getdiyini göstərir.
2020-ci ilin birinci rübündə Çin iqtisadiyyatında 6.8 faiz azalma baş vermişdi, çünki ölkə boyunca zavodlar bağlanmışdı.
“Ofis işçiləri həftənin azı bir hissəsini mətbəx və yataq otaqlarından işlədiyi müddətdə, əvvəllər ofisiant, təmizlikçi və satıcı kimi çalışan azmaaşlı işçilər yeni işlər axtarmalı olacaqlar”, – “The Economist” proqnozlaşdırır.
2020-ci ilin ilk doqquz ayı ərzində qlobal iş saatları 11.7 faiz azalıb ki, bu da 332 milyon tamştatlı iş yeri deməkdir. Bu statistikanı BMT-nin Beynəlxalq Əmək Təşkilatı açıqlayıb. Qurumun məlumatına görə, iş saatlarının azalması əmək gəlirlərində 3.5 trilyon dollar, yaxud qlobal ÜDM-nin 5.5 faizi qədər azalmaya səbəb olub.