Koronavirus pandemiyası sürətlə yayılmaqdadır. Gündəlik yoluxma sayı 4 min nəfəri keçib. Amma COVID-19 virusunun yayılması və onu nəticələri barədə sutkalıq statistikayı açıqlayan hökumət hələ bir dəfə də olsun ictimaiyyətə bu bəla ilə mübarizəyə sərf olunan vəsaitlər barədə məlumat təqdim etməyib.
Mart ayında prezident İlham Əliyevin fərmanı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb. Rəsmi məlumata görə, indiyədək onun hesabına fiziki və hüquqi şəsxlər 114 milyon 214,5 min manat ekvivalentində pul vəsaiti köçürüb. Fondun ictimai nəzarət şurası da var. Lakin indiyədək bu fonddan nə qədər vəsait xərclənib – məlum deyil.
Koronavirusa qarşı mübarizə üçün həm də dövlət vəsaiti xərclənir. Çoxlu sayda mobil hospitalların tikintisi, onların avadanlıq və müalicə vasitələri ilə təmin olunması üçün prezident İlham Əliyevin sərəncamlaı ilə dövlət büdcəsindən milyonlarla manat ayrılıb. Koronavirusla mübarizdə iştirak edən həkim və tibb personalının əmək haqqına əlavələr, xaricdən mütəxəssislərin dəvət olunması da az xərc tələb etmir.
Xaricdən vətənə qayıdan şəxslərlə bağlı karantin tədbirlərinin xərclərini dövlət öz üzərinə götürüb.
Bir çox dövlət qurumları və fərdi qorunma vasitələrini və virusu aşkar etmək üçün testləri dövlət vəsaitinə əldə edir. Yəqin ki, söhbət böyük məbləğdən gedir. Lakin burada da aşkarlıq tam təmin edilməyib.
Turan İA koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində sərf olunmuş dövlət vəsaitləri barədə məlumat almaq məqsədilə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova müraciət edib. Hökumətin sözçüsü bu barədə onda məlumatın olmadığını bildirib. Agentlik hökumətə məsələyə dair informasiya sorğusu göndərib. Lakin hələlik cavab yoxdur.
Qonşu Ermənistanın hökuməti bu məsələdə daha şəffafdır.
Bu günlərdə Ermənistan hökuməti noyabrın 1-dən koronavirusa qarşı dövlətin 30,3 milyon dollar xərclədiyini açıqlayıb. Hökumət bu vəsaitlərin 9 istiqamət üzrə necə sərf olunduğu barədə ictimaiyyəti məlumatlandırıb.