Uzun müddət sonra 2020-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi düşüb. Xüsusən, 2015-ci il devalvasiyasından sonra məqsədli şəkildə çalışılırdı ki, illik ümumi ticarət dövriyyəsi 3 milyard dolları keçsin. Ölkələr bu rəqəmə 2019-cu ildə çata bilmişdilər.
Belə ki, 2019-cu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 mlrd. 22 mln. 46 min təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 18,5% çox olub.
Beləlikə, 2019-cu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi planlaşdırılan $3 milyard məbləğinə çatıb.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,07%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $731 mln. 826,2 min dəyərində (artım 9,9%) məhsul ixrac edib. Bütövlükdə, 2019-cu il ərzində Azərbaycandan ixracın 3,73%-i Rusiyanın payına düşüb.
2019-cu ildə Rusiyadan Azərbaycana idxalın həcmi $2 mlrd. 290 mln. 219,8 min (artım 21,5%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 16,76% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 mlrd. 558 mln. 393,6 min təşkil edib.
Pandemiyanın təsirləri
Ancaq görünür, pandemiyanın təsirləri və qarşılıqlı iqtisadi anlaşılmazlıq iki ölkə arasında iqtisadi gəlirlərə də təsirini göstərib. Xüsusən, pandemiyanın yaratdığı çətinliklərin fonunda idxal-ixrac əməliyyatlarının azalması və müxtəlif məqsədlərlə Rusiyanın Azərbaycanın bəzi kənd təsərrüfatı məhsullarından müvəqqəti imtinası rəqəmlərdə də özünü göstərib.
Belə ki, 2020-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 671 milyon 545,75 min təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 11,6% az olub. 2020-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 10,92%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $709 milyon 390,07 min dəyərində (azalma 3,1%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 5,16%-i Rusiyanın payına düşüb.
Ötən il Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 962 milyon 155,68 min (azalma 14,3%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 16,76% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 252 milyon 765,61 min təşkil edib.
2020-ci ilə qədər olan artımlar
2016-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin həcmi 2.051,08 mln. ABŞ dolları təşkil edib. 2015-ci illə müqayisədə, 2016-cı ildə Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 10,53 faiz artıb.2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 141 mln. 283,27 min təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 4,3% çoxdur. 2017-ci ildə Azərbaycanın bütün ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb. 2018-ci ilin yekunları üzrə isə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Hesabat ilində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.