15 Yanvar 2021
Mətni dəyiş
Çin ABŞ-la iqtisadi müharibələrə və pandemiyanın iqtisadiyyata vurduğu zərərlərə baxmayaraq, ötən il rekord həddə, 535 milyard dollarlıq müsbət saldo əldə edib.
Çinin yaydığı gömrük məlumatlarına görə, 2020-ci ildə Çinin ixracdan əldə etdiyi gəlir 3,6% artaraq, 2,6 trilyona çatıb.
Çinin gömrük idarəsinin sözçüsü Li Kuiwen bildirib ki, ölkədəki və qlobal iqtisadi çətinliklərə, pandemiyanın vurduğu zərərlərə baxmayaraq, iqtisadi mənfəətimiz gözləntilərimizdən də yüksək olub. Bununla bərabər, idxal da 1,1% azalaraq 2,4 trilyon civarında olub.
Qurumun sözçüsü onu da bildirib ki, ötən il Çin əmtəə ticarətindən gəlir əldə edən yeganə böyük iqtisadiyyatlı ölkə olub.
ABŞ-a ixracat 7,9% artıb
Trump administrasiyası tərəfindən tətbiq olunan əlavə vergilərə baxmayaraq, Çin ABŞ-a ixracatını 2019-cu illə müqayisədə 7,9% artıraraq 45,2 milyard dollara çatdırıb.
2020-ci il ərzində hər iki ölkənin razılığı ilə dəstəklənən idxal 9,8% artaraq 13,5 milyard dollara çatıb.
Avropaya ixrac 6,7% artıb
Covid-19 epidemiyası səbəbindən fasilələrə və məhdudiyyətlərə baxmayaraq Çinin Avropa Birliyi ölkələrinə ixracaı 6,7% artaraq 39,1 milyard dollara çatıb.
Çin 2020-ci ildə Avropa mallarına 2019-cu illə müqayisədə 2,3% daha çox pul xərcləyib. Avropa Birliyi ölkələrindən idxal 13,3 milyard dollara qədər artıb.
Dünyanın ikinci böyük iqtisadiyyatı olan Çin 2020-ci ilin ilk üç ayında ondan əvvəlki ilin ilk üç ayı ilə müqayisədə 6,8% balacalaşıb. Çin iqtisadiyyatı ikinci rübdə 3,2% üçüncü rübdə isə 4,9% böyüyüb.