14 Yanvar 2021
Mətni dəyiş
Danimarkanın “Ramboll” şirkəti ABŞ sanksiyaları səbəbiylə Şimal Axını-2 qaz kəmərinin tikintisinin tamamlanmasında iştirak etməkdən çəkilməli olub. Bu barədə Danimarkada nəşr olunan "Politiken" qəzeti məlumat yayıb.
Məqalədə deyilir ki, Ramboll Rusiyadan Almaniyaya uzanan və dəyəri bir milyard avroya yaxın olan Şimal Axını 2 qaz kəməri ilə bağlı anlaşılmamazlıqların qurbanı olub.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya təbii qazını Avropaya nəql edəcək Şimal Axını-2 layihəsinə qarşı sanksiya tətbiq edib və bu boru kəmərinin tikintisində iştirak edən şirkətlərdən dərhal fəaliyyətlərini dayandırmağı tələb edib.
Bir yanvardan etibarən qüvvəyə minən Şimal Axını-2 sanksiyaları tikintinin başa çatdırılması üçün zəruri olan sığorta və sertifikat xidmətləri göstərən şirkətləri və xəttin inşasında iştirak edən gəmilərə xidmət göstərən şirkətləri hədəf alıb.
Şimal Axını-2 layihəsi Baltik dənizi altından Rusiyadan Almaniyaya illik gücü 55 milyard kubmetr olan iki təbii qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
Bundan başqa, üç yanvarda Norveçin “Det Norske Veritas” şirkəti də Şimal Axını-2 layihəsində iştirakdan imtina etmişdi.