Tarif (qiymət) Şurası Dövlət Neft Şirkətinin müraciətinə baxaraq Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətini qaldırıb. Yanvarın 5-dən benzinin litri 1 manat, dizel yanacağının litri 80 qəpik müəyyən edilib. Əvvəlki qiymətlər müvafiq olaraq 90 qəpik və 60 qəpik idi.
İqtisadiyyat nazirinin sədrlik etdiyi Tarif Şurası bildirir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək Aİ-92 markalı benzinin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur və bu işlər əlavə xərc istəyir.
Rəsmi məlumatda həmçinin qeyd olunur ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır: “Aİ-92 markalı avtomobil benzininin litri Rusiyada orta hesabla 1 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manatdır.
Dizel yanacağının litri Türkiyədə 1,44 manata, Rusiyada 1,12 manata, Ukraynada 1,72 manata, Belarusda 1,21 manata, Ermənistanda 1,19 manata, Gürcüstanda 1,15 manata satılır.
Son illər Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. 2018-ci ildə 28876 avtomobil, 2019-cu ildə 47710 avtomobil, 2020-ci ilin 11 ayında 47841 avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq benzinə və dizelə tələbat da yüksəlib.
Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2 dekabr 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə 14 iyul 2017-ci ildə aparılıb. Həmin dövrlərdə ölkə üzrə orta aylıq əməkhaqqı 425,1 manat və 528,5 manat olub. 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66%, pensiyalar 73% artıb. Keçən il noyabrın 1-nə orta aylıq əməkhaqqı 704,5 manat təşkil edib”.
İqtisadçı Qubad İbadoğlu benzinin və dizel yanacağının bahalaşması ilə bağlı rəsmi arqumentlərə toxunaraq yazır ki, ötən il avtomobil idxalı 2019-cu illə müqayisədə artsa da, dizel yanacağının istehsalı aşağı düşüb, avtomobil benzininin istehsalı isə cüzi artıb:
"2019-cu ilin yanvar-noyabr aylarında 1 milyon 41,9 min ton avtomobil benzini, 1 milyon 911,2 min ton dizel yanacağı istehsal edildiyi halda müvafiq göstəricilər 2020-ci ilin eyni dövründə 1 milyon 66,3 min ton və 1 milyon 881,3 min ton olub.
Qonşu ölkələrdə benzinin qiymətinə gəlincə, Rusiyanın Novosibirsk şəhərində satılan Aİ-92 markalı benzinin litri 94 qəpiyədir. Rusiyada ötən ilin noyabr ayına orta aylıq əməkhaqqı 1127 manata bərabər olub. Bu, Azərbaycandakı orta aylıq əməkhaqqından 422 manat çoxdur. Həmin hesabla orta aylıq əməkhaqqına Rusiyada 1198 litr, Azərbaycana 705 litr benzin düşür.
Tarif Şurasının neft istehsalçısı olan Azərbaycandakı qiymətləri benzini və dizel yanacağını idxal edən Gürcüstan, Belarus, Ukrayna, Türkiyə ilə müqayisə etməsi məsrəf amilinə görə iqtisadi cəhətdən düzgün deyil. Belə müqayisə neft istehsalçıları olan Türkmənistan, Qazaxıstan, İran, İraq, Qətər, Küveyt, İndoneziya, Misir, Liviya, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Venesuela, hətta ABŞ-la aparılanda məlum olur ki, Azərbaycandakı qiymətlər bir çox ölkə ilə müqayisədə dəfələrlə yüksəkdir.
2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması üçün modernləşdirmə xərclərinin artmasına görə məsrəfləri istehlakçılar nədən 1 il 6 ay və 2 il 6 ay qabaqdan ödəməlidir? Bu hansı məntiqlə izah oluna bilər ki, hələ istehlak etmədiyin yüksək standarta görə ödənişi əvvəlcədən edəsən?"