5 Fevral 2021
Mətni dəyiş
Amazonun yaradıcısı Ceff Bezos 27 il bu şirkətə rəhbərlik etdikdən sonra vəzifəsindən gedəcəyini bildirib. İlin üçüncü kvartalında şirkətin rəhbərliyinə Amazon Web Service-nin rəhbəri Endi Cassi gələcək. Bununla belə Amazonun idarə heyətinin rəhbəri olaraq qalacaq Bezos özünə aid olan fəza və kosmik araşdırmalarla məşğul olan Blue Origin şirkətindəki layihələrlə məşğul olacaq.
57 yaşlı multimilyarder, Amazon əməkdaşları üçün yazdığı məktubunda qeyd edib ki, "Əvvəl heç olmamış qədər enerjim var və şirkətin rəhbərliyindən getməyim təqaüdə çıxmağımla əlaqədar deyil". Bezos digər layihələr üçün daha çox "zaman və enerji" ayırmaq istədiyini qeyd edib.
Bezosun sahib olduğu digər firmalar arasında Blue Originlə bərabər Washington Post qəzeti də yer alır. Bundan başqa Bezos "Day One Fund" adlı xeyriyyə fondunun köməyilə evsiz insanlara yardım edir və az gəlirli insanların yaşadığı bölgələrdə məktəböncəsi təhsil proqramları həyata keçirir, o həmçinin "Earth Fund" ilə iqlim dəyişikliyinə qarşı mübarizə də aparır. Cef Bezos açıqlamasında bu xeyriyyə təşkilatlarına həddən artıq bağlı olduğunu da qeyd edib.
Dünyanın ən varlı isanı olarn Bezos Amazonu 1994-cü ildə Sietl şəhərində internet üzərindən kitab satmaq üçün qurub. Dünyann ən böyük internet şirkətindən birinə çevrilən Amazon, e-ticarətdən əlavə bulut xidməti, süni intellekt kimi bir çox sahələrdə də fəaliyyət göstərir.
Amazonun təqribən 800 min işçisi ABŞ-da qalan 200 mini də dünya boyu olmaqla ümumilikdə 1 milyon əməkdaşı var. Şirkətin dəyəri 1 trilyon 690 milyard dollardır. Bu həm də şirkətin 10 il öncəki dəyərinin 10 qatı qədərdir. Forbes jurnalı Bezosu 197 milyard dollarlıq şəxsi varidatı olan bir insan kimi dünyanın ən varlı adamı seçib.