Əmək Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində real əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi qadağan ediləcək. Belə qaydada işləyənlər isə əmək müqaviləsinə keçməli olacaqlar. Xidməti müqavilə əsasında əməkdaşlıq forması ölkə qanunvericiliyində qadağan edilməyib. Bu əsasən qüsamüddətli və ya spesifik xidmətlərin göstərildiyi hallar üçün nəzərdə tutulur.
Baş tutacaq dəyişikliklər onunla əsaslandırılır ki, bəzi işəgötürənlər işçiləri ilə əmək müqaviləsi bağlamamaq üçün onlarla xidməti müqavilə işləməyə üstünlük verirlər. Bu zaman işəgötürənin vergi və sair ödənişləri azalır, eləcə də onların işçi qarşısındakı öhdəlikləri əmək müqaviləsində olduğundan daha az olur.
Abzas.net məsələ ilə bağlı ekspertlərlə danışıb.
"Bu hətta əmək müqaviləsi ilə işləyənlərin sayına da mənfi təsir edəcək"
İqtisadçı ekspert Nemət Əliyev deyir ki, əgər əmək müqaviləsi bağlanarsa, bu, işçinin xeyirinə olacaq. Çünki bu müqavilə xüsusi təminatlar yaradır. Onun sözlərinə görə, bu qanunla işəgötürənlərin hamısının işçilərlə əmək müqaviləsi bağlaması isə real görünmür.
"İşəgötürənlər o qədər çətin şərtlər daxilində iş aparırlar ki, bu iqtisadi çətinliklərdən nisbətən az zərərlə çıxmaq üçün məcburiyyətdən əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlayırlar. Hökumət bu istiqamətdə qanunları sərtləşdirsə, xidmət müqaviləsi ilə çalışan insanlar yavaş-yavaş yoxa çıxacaqlar. Heç əmək müqavilələri də bağlanmayacaq. Şirkətlər işçilərə deyəcəklər ki, biz sizinlə müəyyən işlərlə bağlı xidmət müqaviləsi bağlayıb işləyirdik, ancaq indi mənim sizinlə əmək müqaviləsi bağlayıb sizi il boyu maaşla təmin edə bilməyəcəm", - deyə Nemət Əliyev bildirib.
Ekspert deyir ki, xidmət müqaviləsinin iki tərəfi var, bir sifarişçi tərəf var, bir də o sifarişi icra edən tərəf. Hökumət o sifarişi icra eliyən tərəfi məcbur etmək istəyir ki, bunlar gedib o sifariş verənin işçiləri olsunlar.
Onun sözlərinə görə, sifariş verən tərəfin bunu qəbul etməsi üçün maliyyə imkanları yaxşı olmalıdır.
"İstehsalçıdırsa, istehsal dövriyyəsi artmalıdır. Xidmtdirsə, xidmət dövriyyəsi artmalıdır. Əgər indiki zamanda xidmət dövriyyəsi də kiçilirsə, istehsal dövriyyəsi də kiçilirsə, o zaman belə bir vəziyyətdə olan sahibkar heç vaxt kiminləsə əmək müqaviləsi bağlayıb özünə əlavə yük eləməz. Bu qərarın gələcəyi yoxdur. Bu hətta əmək müqaviləsi ilə işləyənlərin sayına da mənfi təsir edəcək. Əmək müqaviləsinə maraq vergiləri aşağı salmaqla ola bilər, istehsalçı da baxar ki, dövriyyü böyüyür və maaş vermək iqtidarında olar. Ancaq hökumət elə bir vəziyyətdədir ki, heç vaxt buna getməz", - deyə İqtisadçı ekspert Nemət Əliyev bildirib.
"Bu qanun faktiki olaraq xidmət göstərən tərəfi qarşı tərəfə bağlamaqdır"
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, xidməti müqavilə o deməkdir ki, fərqli xidmət qruplarında fəaliyyət göstərən kiçik sahibkarlar fiziki şəxs və ya bəzən də hüquqi şəxs kimi başqasının sifarişlərini icra edir, yəni ona xidmət təklif edir və qarşı tərəf də xidmətə görə pul ödəyir.
Onun sözlərinə görə, burada artıq iş ardıcıl da olsa, ildə bir neçə dəfə də olsa, bu əmək münasibəti deyil.
Məmmədli deyir ki, o düşünür ki, qanunvericiliyə bunu gətirmək biznes mühitinə zərər verəcək: "Bu qanun sui-istifadəyə zəmn yaradacaq. İki dəfə müqavilə bağlamısansa gəlib deyəcəklər ki, sən bunu əmək müqaviləsi etməlisən. Bu, birmənalı olaraq xidmət sektorunda problem yaradacaq. Vətəndaşların əleyhinə olan bir qanun olacaq. Mən özüm bilirəm ki, kiminlə neçə dəfə xidməti müqavilə bağlayıb ona xidmət göstərirəm, mənim belə məcburiyyətim yoxdur ona əbədi xidmət edim. Ancaq indiki halda bu qanun faktiki olaraq xidmət göstərən tərəfi qarşı tərəfə bağlamaqdır", - deyə Ələsgər Məmmədli bildirib.