Bu il aprelin 1-nə Azərbaycanda uçotda olan 1 240 652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167 992 vahid və yaxud 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.
Ötən ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.
Cari ilin I rübündə 2 714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2 253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Cari ilin I rübündə 2 494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.
Bu ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2 840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3 682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyətini passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.
Bu ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1 788 vahid çox olub.
Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə, 136.997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.
Bu ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.
Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 % çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.
Bu ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16.066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.