Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəyi açıqlayıb.
Ötən il Azərbaycanda makroiqtisadi dayanıqlılığın təmin edilməsi məqsədilə ölkə iqtisadiyyatı üçün əhəmiyyətli ekzogen göstəricilər kimi qiymətləndirilə bilən neftin qiyməti və büdcə xərcləri üzrə bir neçə ssenarinin tətbiq edilməməsi qeyri-müəyyən dünya iqtisadiyyatı və bu qeyri-müəyyənliyə həssas olan neft qiymətləri şəraitində xüsusilə aktual olub, makroiqtisadi çərçivənin bir variantda hazırlanması iqtisadi şərtlərin pisləşməsi səbəbindən iqtisadi nəticələri dəqiq müəyyənləşdirmək imkanını çətinləşdirib.
Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
“Hesabat ilinin 1-ci rübündə dünya bazarlarında neftə olan tələbin kəskin azalması fonunda hasil olunan neft həcminin artırılması ilə neft qiymətlərində antirekordların izlənməsi, ölkə daxilində yeni növ koronavirus infeksiyasının qeydə alınması ilə mübarizə tədbirlərinə start verilməsi daxili və xarici tələb amillərində şok effekti yaradıb, bununla da əksər proqnoz göstəriciləri və baxılan dövrün sonuna açıqlanmış statistik göstəricilər arasında kənarlaşma kifayət qədər böyük olub. Eyni zamanda, virusla mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin virusun ölkə iqtisadiyyatına ötürdüyü neqativ təsirlərin yumşaldılması, sosial problemlərin həlli məqsədilə büdcə layihəsinə dəyişikliklərin edilməsi labüd olub və ilin ortalarında büdcə parametrlərinə yenidən baxılması qərarı qəbul edilib.
Təqdim olunmuş “Büdcə zərfi”nə (dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər) əsasən, 2020-ci il və növbəti üç il üzrə hazırlanmış makroiqtisadi çərçivədə 2020-ci il üzrə iqtisadi artımın 3,0% olacağı proqnozlaşdırılsa da, sonradan real şərtlər nəzərə alınmaqla büdcə layhəsinə dürüstləşmələr zamanı ÜDM üzrə də proqnozlara dəyişiklik edilib, real ifadədə ÜDM-in 5,0% azalacağı proqnozlaşdırılıb. Həmçinin, yenidən baxılma zamanı makroiqtisadi çərçivə üçün mühüm ekzogen parametr olan xam neftin dünya bazar qiyməti 20 vahid azaldılaraq, 35 ABŞ dolları səviyyəsində qərarlaşdırılıb”, - rəydə qeyd olunub.
Neft sektorunun ÜDM-in artımına dəstəyi zəifləyib
Ötən il Azərbaycan iqtisadiyyatının azalmasının təxminən 62%-i neft sektorundan formalaşıb, bu sektorda azalma neft hasilatının ixtisarı ilə bağlı olmuş, hasilat həcminin, eləcə də neftin qiymətinin proqnozla müqayisədə az olması Dövlət Neft Fondundan (ARDNF) transfertlər nəzərə alınmadan dövlət büdcəsinin neft gəlirlərinə də təsir edib.
“ÜDM-in neft üzrə tərkibinə əsasən, azalma həm neft sektoru, həm də qeyri-neft sektoru üzrə qeydə alınıb, lakin neft sektorunun daha sürətlə azalması iqtisadi azalmaya daha çox təkan verib. Tərəfimizdən aparılan hesablamalara görə, ölkə iqtisadiyyatının azalmasının təxminən 62%-i neft sektorundan formalaşıb. Ümumiyyətlə, son 10 ildə neft sektorunun ÜDM-in artımına dəstəyi nəzərəçarpacaq həcmdə zəifləyib və sözügedən sahənin əvvəlki illərdə olan dominant mövqeyi qeyri-neft sektoruna keçib.
Hesabat ilində 7% azalmış neft sektorunda 21 639,7 milyon manatlıq əlavə dəyər yaradılıb və proqnozlaşdırılan rəqəmdən 7 083 milyon manat az olub. Proqnoz və fakt göstəriciləri arasında əhəmiyyətli fərqin yaranması il ərzində neftin qiymətinin aşağı qiymətlər ətrafında tərəddüdləri və antirekord səviyyələrədək ucuzlaşması ilə əlaqədar olub. Neft ÜDM-nin real dəyişməsi üzrə sözügedən fərqin 8,6 faiz bəndinə bərabər olması neft hasilatının ixtisarı ilə bağlı “OPEC+” razılaşmasında Azərbaycan tərəfinin öz öhdəliyini yerinə yetirməsi ilə izah olunur. Belə ki, OPEC təşkilatının aylıq bülletenlərində təqdim olunan məlumatlara əsasən, Azərbaycan tərəfindən hasil edilən neftin həcmində may ayından etibarən azalmalar izlənilib, nəticədə 2020-ci il ərzində hasilatda 0,1 mln. barel/gün ixtisar qeydə alınıb. Həmçinin, Dövlət Statistika Komitəsinin neft və qaz hasilatına dair illik məlumatlarına istinadən, 2020-ci ildə neft hasilatı əvvəlki ilə nisbətən 8% azalıb.
Hasilat həcminin, eləcə də neftin qiymətinin “Büdcə zərfi”ndə təqdim edilən ilkin proqnozlarla müqayisədə aşağı olması ilkin təyinata nisbətən icra göstəricilərinin 80% ətrafında qeydə alınması ilə nəticələnib. 2020-ci il dövlət büdcəsinin gəlirlərində vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar 1 802,1 milyon manat təşkil edib ki, bu da ilkin proqnozla müqayisədə 82,7% icra deməkdir”, - deyə Rəydə qeyd olunub.
Əhalinin məşğulluğunda mənfi dinamika qeydə alınıb
Ötən il pandemiya fəsadlarının daha çox hiss olunduğu sosial sektorda mənfi meyillər müşahidə olunub, əhalinin gəlirləri həm nominal, həm də real ifadədə azalıb, məşğul əhalinin sayı üçün xarakterik olmayan mənfi dinamika qeydə alınıb.
“Karantin dövrü ərzində pandemiyadan birbaşa zərərçəkmiş şəxslərin itirilmiş gəlirlərinin kompensasiyası məqsədilə dövlət tərəfindən əhalinin həssas qruplarına sosial müavinətlər ödənilib, əhalinin rifah səviyyəsinin qorunub saxlanmasına, iqtisadiyyatın təşviq olunmasına yönəldilmiş tədbirlər həyata keçirilib, lakin baxılan dövrün sonuna əhali gəlirləri üzrə əvvəlki illə müqayisədə azalma izlənilib.
Məbləğ ifadəsində 55726,1 mln. manata bərabər olan, əvvəlki ilə nisbətən real ifadədə isə 4,5% azalan əhalinin gəlirlərinin əsas elementlərindən biri olan orta aylıq əməkhaqqı il ərzində artmağa davam edib, bu artım əvvəlki ildə həyata keçirilən sosial-fiskal paketlə əlaqəli olub.
2020-ci ildə uzun müddətdir müsbət dinamika nümayiş etdirən məşğul əhalinin sayı illik müqayisədə 1,3% azalıb ki, bu da qapanma tədbirləri ilə, həmçinin pandemiya ilə əlaqədar dövlət tərəfindən sosial yardımların göstərilməsi şərtlərinin hesabatlılığa müsbət təsiri ilə izah oluna bilər.
Pandemiyanın vurduğu ziyanın aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlər arasında sosial dəstək proqramı olan birdəfəlik ödəmə proqramı üzrə ödənişlər həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, bu proqram çərçivəsində işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-rəsmi məşğul şəxslərdən ibarət aztəminatlılara – 600 min nəfərə birdəfəlik müavinət ödənilib”, - rəydə qeyd olunub.
Azərbaycanda pul yığmağa meyillilik azalıb
Ötən il Azərbaycanda əhalinin gəlirləri ilə yanaşı, əmanətlərində də azalma qeydə alınıb, yığıma meyillilik əmsalı azalıb.
“İl ərzində əhalinin əmanətləri üzrə 5,3% azalma müşahidə edilib. Uzunmüddətli karantin rejimi ev təsərrüfatları tərəfindən maliyyələşdirilən istehlak xərclərinin azalması ilə nəticələnsə də, bu azalma yığımın yüksəlməsi ilə nəticələnə bilməmiş, əksinə, əhali əmanətlərinin əhali gəlirlərinə nisbətini ifadə edən yığıma meyillilik əmsalı azalıb. İstehlak xərclərinin azalması müqabilində gəlirlərin yığıma yönəldilən hissəsinin üstün mövqe qazanmaması əhali gəlirlərinin real ifadədə azalması ilə izah oluna bilər.
Mlli hesablar sisteminə dair statistik göstəricilər üzrə apardığımız təhlillərə əsasən, son illər ərzində sərəncamda qalan gəlirlərin strukturunda dəyişikliklər izlənməkdədir. Belə ki, əvvəlki illərdə son istehlak xərcləri və qənaət, təxminən, eyni xüsusi çəkilərə sahib idisə, son illərdə pay üstünlüyü istehlak xərclərinin xeyrinə dəyişməyə davam etməklə, qənaəti 2 dəfəyə yaxın üstələməkdədir.
Məsələn, 2018-ci ildə son istehlak xərcləri 51 745,1 milyon manat olduğu halda, qənaət 26 381,3 milyon manata bərabər olub. Sözügedən tendensiya devalvasiya dalğalarından etibarən müşahidə olunduğu üçün məzənnə təsiri səbəbindən qiymət artımı ilə əlaqədar istehlak xərclərinin yüksəlməsi və bu artımın qarşılanması məqsədilə qənaətin istifadə edilməsi ilə əlaqəli ola bilər”, - rəydə qeyd olunub.