2021-ci il yanvarın 1-nə Azərbaycan beynəlxalq maliyyə-kredit qurumları ilə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək 13,031 milyard dollar ekvivalentində kredit sazişləri imzalayıb. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında icmal hesabatda qeyd olunub ki, sözügedən məbləğ 168 layihə və proqram üzrə 210 kredit sazişi çərçivəsində imzalanıb.
Hesabata görə, 2021-ci il yanvarın 1-nə qədər istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3,732 milyard dollar əsas borc qaytarılıb : «Hazırda xarici kreditlər hesabına ölkə daxilində 19 layihənin, o cümlədən nəqliyyat sektoru üzrə 8, su təchizatı və kanalizasiya sisteminin bərpası sektoru üzrə 4, sosial sektor üzrə 2, kənd təsərrüfatı sektoru üzrə 2, enerji sektoru üzrə 2, ədliyyə sektoru üzrə 1 layihənin həyata keçirilməsi davam edilir». İndiyədək Dünya Bankı Azərbaycana 71 layihə üzrə 4,15 milyard dollar, Asiya İnkişaf Bankı 74 layihə üzrə 4,44 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) isə 174 layihə üzrə 3,084 milyard avro ayırılmasını öz öhdəliyinə götürüb. Təkcə 2020-ci ildə Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Bank ölkəyə martın 5-də məşğulluğun dəstəklənməsi layihəsinə 100 milyon dollar, həmin ayın 26-da isə «Məhkəmə xidmətləri və əqli infrastruktur» layihəsinə əlavə 50 milyon dollar kreditin verilməsini təsdiqləyib. Dünya Bankı mayın 21-də Azərbaycanın «Regional bağlantılarının inkişafı» adlı yol layihəsinə 65 milyon ABŞ dolları kredit ayırıb. Bəs görəsən, bu pullar bizə nə vəd edir? Təyinatı üzrə xərclənirmi? Buna kim nəzarət edir? Hesabatlılıq necə təmin olunur? Abzas.net bütün bu suallarla bağlı iqtisadçı ekspert Fərid Mehrəlizadə ilə danışıb. Fərid Mehrəlizadə deyir ki, Azərbaycanda dövlət borcunun miqdarı ildə iki dəfə (1 yanvar - 1 iyul) altı aydan bir açıqlanır. Burada da yalnız ümumi borcun miqdarı qeyd olunur. Onun sözlərinə görə, biz daha detallı məlumatı ya mətbuatdan, ya da maliyyəni verən beynəlxalq təşkilatların xəbərlərindən görə bilirik. "Əksər hallarda bu maliyyə infrastruktur layihələrinə xərclənir. Məsələn, yol tikintisi, qaz kəməri və s. Bəzi hallarda da qiymətli kağızlar yerləşdirib maliyyə cəlb edirlər, bu da likvidlik problemi yaşananda olur", - deyə o, vurğulayıb. Ekspert deyir ki, bu maliyyənin təyinatına uyğun və səmərəli istifadə olunmasına Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi nəzarət edir. Onun sözlərinə görə, bu layihələr beynəlxalq təşkilatlarla icra olunduğu üçün əksər hallarda maliyyə təyinatı üzrə yönləndirilir, ancaq Azərbaycanda bu sahə şəffaf olmadığı üçün yeyintilərə yol verildiyi, yaxud şəffaf istifadə edildiyini bilmək olmur. Dövlət büdcəsindən maliyyə ayrılanda necə korrupsiya maxinasiyaları edilirsə, burada da edə bilərlər. "Vətəndaşlar da bu borclanmanı öz üzərində hiss edir. Son illərdə xarici borcların qaytarılması üçün dövlət büdcəsindən ayrılan məbləğ 10%-ə yaxınlaşır. Bizim əsas üçlükdə olan xərc maddələrindən biridir. Dövlət borcu artdığı üçün dövlətin xərcləri də artır. O vəsaiti dövlət maaşların, pensiyaların artımına, vətəndaşların sosial təminatının yaxşılaşdırılmasına yönəldə bilərdi, amma məcbur dövlət borcunun ödənilməsinə yönəldir", - deyə iqtisadçı ekspert Fərid Mehrəlizadə bildirib.